Modern.az

Azərbaycandakı FETÖ-çülər ən sərt şəkildə cəzalandırılacaq - ŞƏRH

Azərbaycandakı FETÖ-çülər ən sərt şəkildə cəzalandırılacaq - ŞƏRH

29 İyul 2023, 11:10

Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ terror təşkilatı ilə mübarizə aparılır. Bir neçə gün əvvəl Azərbaycanda FETÖ-yə qarşı yeni əməliyyat keçirilib. 

 

Əməliyyat nəticəsində terror qruplaşmasının Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə məsul şəxs kimi təqdim olunan Anar Əliyev saxlanılıb. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da əməliyyat çərçivəsində məsuliyyətə cəlb olunub.

 

Mətbuatda FETÖ şəbəkəsinin təhsil, səhiyyə və yüksək dövlət qurumlarında hələ də mövcud olması ilə bağlı iddialar mövcuddur.

 

Milli Məclisin deputatları bu barədə nə düşünür?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, FETÖ ilə mübarizə Türkiyənin olduğu üçün həm də Azərbaycanın məsələsidir:

 

“FETÖ Türkiyədə terror təşkilatı elan olunub. FETÖ-yə qarşı mübarizə əgər Türkiyənin mübarizəsidirsə, deməli, bu, həm də bizim mübarizəmizdir. Çünki biz Türkiyə ilə qardaş dövlətik. Azərbaycanda hansısa sahədə FETÖ-çülərin fəaliyyət göstərdiyi məlumatlarına gəlincə, açığı mən belə adam tanımıram. Azərbaycanda belə adamların olub, fəaliyyət göstərdiyini düşünmürəm. Əgər kimlərsə, FETÖ ilə əlaqəlidirsə, onlar aşkar edilərək cəzalandırılacaqlar. Bunlar terrorçu olduqlarına görə qanunsuz fəaliyyətlə məşğuldurlar. 

 

Amma Azərbaycanın dövlət orqanlarında, tibb və təhsil müəssilərində belə adamların olduğunu bilmirəm. Bu yerlərdə FETÖ-çülərin olduğunu düşünmürəm. Kimsə gizlənməyə çalışacaqsa da, bu, uzun müddət  davam edə bilməyəcək.  Belə adamlar varsa, üzə çıxarılıb. Layiqli şəkildə cəzalandırılacaqlar”.

 

 

Milli Məclisin deputatı Anar İsgəndərli Azərbaycanda vaxtilə çox sayda FETÖ-çünün olduğunu deyib:

 

“Qardaş Türkiyədə FETÖ-nünün həyata keçirdikləri hamıya məlumdur. Hətta dövlət çevrilişinə də cəhd olundu. Təbii ki, Azərbaycanda da FETÖ nümayəndələri olub. Təhsil sahəsində onların kifayət qədər üzvləri var idi. Kifayət qədər tədris mərkəzləri, kursları fəaliyyət göstərirdi. Ancaq Türkiyə dövləti özü FETÖ-yə qarşı kəskin mübarizəyə başlayanda  Azərbaycan da qardaş ölkə kimi Türkiyənin bu siyasətini alqışladı və mümkün olanı etdi”.

 

Deputat vurğulayıb ki, əlbəttə, gizlənən, kənarda qalanlar da olub:

 

“Son dövrdəki hadisələr bunu göstərir. Lakin indi FETÖ güc deyil. FETÖ onda güc idi ki, hətta 2016-cı ildə dövlət çevrilişinə cəhd göstərdi. Türkiyənin azadlığı və müstəqilliyi üçün kifayət qədər insan şəhid oldu. Azərbaycanda bu gün FETÖ-dən qalan kimlərsə ola bilər. Ancaq onlar gizləniblər. Heç vaxt Azərbaycanda fəaliyyət göstərə bilməzlər.  Nə Azərbaycanın qanunları buna imkan verir, nə də  FETÖ-nün fəaliyyəti üçün münbit şərait var. Ancaq real bir güc deyil. Bütün Azərbaycan cəmiyyəti FETÖ-yə qarşıdır. Onun tör-töküntüləri varsa da, onlar nə cəmiyyətə ziyan verə, nə də qorxulu ola bilərlər”.

 

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov  söyləyib ki, FETÖ tək Türkiyədə yox, bir sıra dünya dövlətlərində də fəaliyyət göstərir:

 

“Türkiyə zaman-zaman çox ağır sınaqlardan keçən bir ölkədir.  Bu ölkə daxilində və xaricində  bir çox terror hadisələrini dəf edib. Türkiyə dəfələrlə dövlət çevrilişlərinə şahidlik edib. Son illər FETÖ terror təşkilatının Türkiyədə  bütün dövlət strukturlarına nüfuz etməsi, milyardlarla dollar sərmayəsi olması dövlətin ən ali vəzifələrinə öz üzvlərini təyin etməklə, artıq dövlət siyasətinə və digər sahələrə təsir göstərməsi sonda dövlət çevrilişinə cəhdlə nəticələndi. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın siyasi gücü, manevri və Türkiyə xalqının əzmi, dövlətlə bir yerdə olması dövlət çevrilişinə cəhdin qarşısını ala bildi və bütün dünyanın gözü qarşısında xalqın əzmi, dövlətin gücü bir daha nümayiş olundu.  Təbii ki, FETÖ terror təşkilatı yalnız Türkiyədə deyil, dünyanın  bir çox ölkələrində, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, post-sovet ölkələrində öz şəbəkəsini qura bilib. Onlar olduqları ölkələrin siyasi quruluşuna yerləşə bilirlər. Bu isə  olduqca təhlükəli tendensiyadıdır”.

Deputat bildirib ki, ölkəmizdə hələ də FETÖ-çülər qalıbsa, hamısı ifşa olunaraq cəzalandırılacaq:

 

“Azərbaycanda FETÖ ilə əlaqəli olanların aşkar edilib, zərərsizləşdirilməsi faktları mövcuddur.  Bir neçə gün öncə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı  və dostluğu, qardaşlığı, müttəfiqliyi növbəti uğura nail oldu.  Belə ki, Azərbayacan Daxili İşlər Nazirliyinə Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat keçirildi.  Əməliyyatın nəticəsində 5 nəfər saxlanıldı və haqlarında cinayət işi açıldı. Hazırda  barələrində zəruri addımlar atılıır. Təbii ki, FETÖ terror təşkilatının əsas qayəsində olduğu yerdə həmin ölkənin dövlət qurumlarının  ən yüksək vəzifələrində olmaq,  zaman-zaman o siyasətə təsir göstərmək və sonda öz çirkin siyasətlərinə çatmaq niyyəti durur. Əlbəttə ki, ölkəmizdə  Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi  və digər aidiyyəti orqanlar bu terror təşəkilatına qarşı müvafiq addımlar atılması ilə məşğuldur.  Düşünürük ki, bu orqanlar ayıq-sayıq çalışır və zəruri işləri görürlər. FETÖ terror təşkilatı ilə bağlı olan, ona simpatiyası olan şəxslər aşkar edilməli, onlardan bir nəfərin də Azərbaycanda olmasına imkan verilməməlidir. Çünki Türkiyənin başına gətirilən oyunlar,təşkilatın minlərlə üzvünün mühüm postlarda olmasıının hansı nəticələrə səbəb olması  göz önündədir.  Ölkəmizdə belə insanların mövcud olması ciddi təhlükədir. Lakin güclü Azərbaycan kəskin mübarizə aparır.  Belə şəxslər ölkəmizdə hələ də mövcuddursa, hər biri aşkar edilib, məsuliyyətə cəlb olunacaqlar”. 

 

Deputat Cavid Osmanovun sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir:

 

“Son dövrlərdə Azərbaycan dövləti tərəfindən görülən işlər Azərbaycan xalqı tərəfindən yüsək qiymətləndirilir. Ölkəmizdə inkişaf və tərəqqi mövcuddur. İctimai-siyasi vəziyyət sabitdir.  Əlbəttə ki, burada Azərbaycan hüquq-mühafizə orqanlarının gördüyü çox effektiv işlərin nəticəsidir ki, müxtəlif təhlükəli terrorçu şəbəkələrə aid olan şəxslər ifşa olunur və onlara  hüquqi qiymət verirlir. Bir neçə gün bundan əvvəl  FETÖ terror təşkilatına aid şəxslərin ifşa olunması və onlara hüquqi qiymət verilməsi istiqamətində işlərin görülməsi, həbs tədbirlərinin həyata keçirilməsi bunun bariz nümunəsidir”.

Deputat Azərbaycanda ictimai-siyasi asayişi pozmaq istəyənlərin sərt cəzalandırılacağını  vurğulayıb:

 

“Azərbaycan  uzun illər erməni terroruna, eyni zamanda müxtəlif güclərin təsiri altında  olan separatizmə qarşı effektli  tədbir aparır.  Qardaş Türkiyədə də uzun illərdir ki, terrorçuluğa qarşı mübarizə aparılır. Biz gördük ki, qardaş Türkiyədə FETÖ tərəfindən müxtəlif yerlərdə, mətbuatda, təhsildə və digər sahələrdə vəzifələrə yerləşənlər var.  Qardaş Türkiyə də uzun illərdir ki, terrordan əziyyət çəkir və effektli tədbirlər görür.  Bu gün də Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən  çox yüksək peşəkarlıqla  milli maraqlarımızın əleyhinə olan qüvvələrə qarşı  amansız mübarizə aparılır. Bundan sonra da aparılacaq. Azərbaycanda ictimai asayişi pozmağa cəhd edən  hər hansı qüvvə bilməlidir ki, ona qarşı bundan sonra da qətiyyətli mübarizə aparılacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım