Modern.az

Partiya sədrlərindən kimisi maaşdan imtina edib, kimisi də məvacib üzünə həsrətdir - ARAŞDIRMA

Partiya sədrlərindən kimisi maaşdan imtina edib, kimisi də məvacib üzünə həsrətdir - ARAŞDIRMA

2 Avqust 2013, 09:48

Siyasi mənzərənin rəngarəngliyində partiyaların rolu böyükdür. Bəllidir ki, adətən hər bir partiya müəyyən bir ideologiya daşıyıcısı olmaqla ölkədə siyasi gündəmin istiqamətlərinə təsir etmək imkanlarına malikdir. Çox uzağa getmək lazım deyil, bunu qonşu Türkiyənin siyasi həyatında müşahidə etmək o qədər də çətin deyil.
Lakin Azərbaycanda partiyalar öz fəaliyyətlərinin bir çox sahəsində demək olar ki, ciddi böhran yaşayır. Belə ki, istər ideoloji boşluqlar, istərsə də maliyyə çətinlikləri aparıcı partiyaların əsas probleminə çevrilib. Maliyyə durumunun bərbadlığı ölkə partiyalarını ancaq üzvlərdən yığılan üzvlük haqqı ilə dolanmağa məcbur edir. Bu istiqamətdə Modern.az-ın bir müddət öncə apardığı araşdırmada da partiyaların üzvlük haqqı ilə bağlı ciddi maliyyə krizi yaşadığı bəlli olmuşdu.

Maraqlıdır ki, partiya rəhbərlərinin də bu vaxta qədər maaş almadığı açıqlanıb. 2013-cü ilin dövlət büdcəsindən Maliyyə Nazirliyi tərəfindən bəzi  siyasi partiyalara ümumi məbləği 2.5 milyon dollar dəyərində pul ayrıldıqdan sonra yaranmış durğunluğun nisbətən düzəlməsini söyləmək olarmı? Partiya sədrlərinə maaş verilirmi? Ümumiyyətlə, Azərbaycanda partiya sədrləri nə qədər maaş alır?
Modern.az saytı məsələ ilə bağlı partiyalar arasında sorğu aparıb.

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev qeyd edib ki, yarandığı gündən bəri bu partiyada mərkəzi icra aparatının işçilərinə maaş verilib. O bildirib ki, partiyanın şəhər və rayon təşkilatlarının işçiləri də məvacib alır. Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, hər altı aydan bir partiyanın gəlirləri ilə bağlı dəqiq məlumatlar verilir. O ki qaldı partiya sədri İlham Əliyevə, o, prezident olaraq dövlətdən maaş alır. Bir sözlə, H.Paşayevin sözlərindən belə aydın olur ki, YAP Azərbaycanda maliyyə sahəsində ən öndə gedən partiyalardan biridir və işçilərinə də lazımı məvacib verə, onları təmin edə bilir.

Müsavat Partiyası başqanının müşaviri Yeganə Hacıyeva bildirib ki, başqan İsa Qəmbərə maaş verilmir. Onun sözlərinə görə, üzvlükdən yığılan pulların bir hissəsi həbsdə olan partiya üzvlərinin ailələrinə kömək məqsədilə xərclənir. Y.Hacıyeva qeyd edib ki, yalnız partiya qərargahını mühafizə edən gözətçiyə maaş verilir. Eyni zamanda yazı-pozu işlərinə baxan bir nəfər də maaş alır. Qalan heç kim Müsavatda partiyadan məvacib almır.

AXCP sədri Əli Kərimli də maaş almır. Ümumiyyətlə, bu partiya ciddi maliyyə və məkan problemləri yaşayır. 2005-ci ildən ofissiz qalan partiya hələ də özünə qərargah tapa bilmir və çox çətinliklə xərclərini könüllülük prinsipi ilə verilən üzvlük haqqı, ianələrlə qarşılayır.

Maliyyə Nazirliyi tərəfindən Ümid Partiyasına ayrılan vəsaitdən sonra da partiya sədri İqbal Ağazadə maaş almır. O yalnız Milli Məclisdəki deputatlıq fəaliyyətinə görə dövlət məvacibi almaqla kifayətlənir. Bu barədə partiya sədrinin təbliğat məsələləri üzrə müavini Taleh Əliyev məlumat verib. Onun sözlərinə görə Maliyyə Nazirliyindən ayrılan pullar əsasən təbliğat-təşviqat kampaniyasına xərclənəcək.  

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirib ki, dövlətdən ayrılan maliyyəyə uyğun olaraq şöbə müdirləri və texniki işçilərə əmək haqqı verilir.

Böyük Quruluş Partiyasında da  (BQP) sədr, millət vəkili Fazil Mustafa maaş almır. Partiyadan verilən məlumata görə, parlamentdə onlar bir deputatla təmsil olunduğundan BQP-yə verilən vəsait elə də çox deyil. Həmin məbləğ isə yalnız partiyanın icarə haqqının ödənilməsinə, rayon təşkilatlarına yardım olunmasına, müəyyən təbliğat işlərinə xərclənir. Partiyadan o da bildirilib ki, dövlətin ayırdığı pul onları cüzi şəkildə təmin edir. Fazil Mustafa isə məbləğin azlığını və partiyanın xərclərini nəzərə alaraq BQP-də ona ayrıca maaş üçün vəsait ayrılmasını istəmir.

BAXCP elə ilk aydan maliyyə vəsaitinin istifadəsi qaydasını partiyanın İdarə Heyətində müzakirəyə çıxararaq qərar qəbul edib. Bu barədə BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı qeyd edib.  “BAXCP-də maliyyənin xərclənməsinə dair elə ilk aydan ştat cədvəli tutulub. Partiyanın icra aparatında fəaliyyət göstərən şəxslər də aylıq maaş alır və bu işlərlə partiyanın maliyyə şöbəsinin rəhbərliyi məşğuldur. BAXCP-yə ayrılan maliyyə şəffaf şəkildə ortadadır”-deyən partiya rəsmisi BAXCP sədri, millət vəkili Qüdrət Həsənquluyevin isə məlum vəsaitdən maaş almadığını dilə gətirib.
”Ştat cədvəli tərtib ediləndə BAXCP sədri Qüdrət bəy özünə maaş yazılmasının əleyhinə oldu. Dedi ki, o, deputat kimi maaş alır. Hal-hazırda sədr həmin vəsaitdən maaş almır”-deyə N. Orduxanlı bildirib.

ADP sədrinin müavini Həsrət Rüstəmov isə qeyd edib ki, rəsmi maliyyələşmə olmadığından yalnız üzvlük haqqından əldə etdikləri gəlirlərlə partiyanı idarə edirlər. ADP rəsmisi bildirib ki, üzvlük haqlarından gələn gəlirlər əsasən partiyanın dəftərxana işlərinə xərclənir. Partiyanın iri maliyyə qaynaqları olmadığına görə ADP sədri Sərdar Cəlaloğlu da maaş almır.
“Ümumiyyətlə bizdə rəsmi maaş sistemi yoxdur”-deyə H. Rüstəmov qeyd edib.     

Xatırladaq ki,  2013-cü il dövlət büdcəsindən YAP, VHP, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası,  Milli Dirçəliş Hərəkatı Partiyası və  Ədalət Partiyasına Maliyyə Nazirliyi tərəfindən pul ayrılıb.

Aqşin KƏRİMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi