Moskvanın Savelovski məhkəməsinə azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində inzibati xəta haqqında protokol daxil olub.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, xarici agentin fəaliyyət qaydalarını pozmaqda ittiham olunur. Məhkəmə Əsgərovu 50 min rubla qədər cərimələyə bilər.
Məhkəmədən TASS-a bildirilib ki, Əsgərovun işinə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsi (xarici agent tərəfindən Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatların səlahiyyətli orqana təqdim edilməməsi) əsasında baxılacaq. Protokol üzrə məhkəmə iclası avqustun 30-na təyin edilib.
Rövşən Əsgərov ötən ilin dekabr ayında xarici agentlər siyahısına daxil edilib. Onunla bağlı ötən il Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə iş açılıb. Bu maddə üzrə maksimum cəza beş il həbsdir. Daxili İşlər Nazirliyi onu axtarışa verib, məhkəmə isə qiyabi həbs qərarı çıxarıb.