Modern.az

Ermənilər niyə Bakıya zəng edir...- Çıxış yolunu Azərbaycanda görürlər

Ermənilər niyə Bakıya zəng edir...- Çıxış yolunu Azərbaycanda görürlər

Ölkə

4 Avqust 2023, 17:24

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub. Ermənilər daha çox Azərbaycan vətəndaşlığına keçidlə bağlı müraciət ediblər.

 

Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər. Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.

 

Görünür, artıq Qarabağda yaşayan ermənilər də vəziyyətin nə yerdə olduğunu anlayır. Onlar da çıxış yolunu Azərbaycan cəmiyyəti ilə inteqrasiyada görürlər.

 

Bəs onlara mane olan kimlərdir? Niyə inteqrasiya prosesi sürətlənə bilmir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan vətəndaşlığı almaq istəyən Qarabağ erməniləri üçün heç bir narahatlıq ola bilməz:

 

“Məlum olduğu kimi, dəfələrlə, cənab Prezident bu məsələyə öz münasibətini bildirib. Yəni onların Azərbaycanda yaşayan digər xalqların nümayəndəsi kimi, konstitusion hüquqları təmin olunacaq. Onlar Azərbaycanın tamhüquqlu vətəndaşları olacaq. Bu məsələyə həm “Euronews”a, həm də əvvəl verdiyi müsahibələrində cənab Prezident çox geniş və ətraflı formada toxunub. Onların bundan heç bir narahatlığı olmasın”.

 

Deputat Qarabağ ermənilərinin vətəndaşlıq üçün müraciətinin səbəblərini belə izah edib:

 

“Əlbəttə, onlar anlayırlar ki, başqa çıxış yolları yoxdur. Azərbaycan bu məsələdə çox prinsipial və qətiyyətlidir. Azərbaycan bir addım da öz mövqeyindən geri dönməyəcək. Bunu orada olan ağıllı insanlar anlayırlar. Onlar eyni zamanda Azərbaycandakı inkişafı, qısa müddətdə Şuşada görülən işləri, çəkilən iki yolu və böyük quruculuq-abadlıq işlərini görürlər. Əlbəttə ki, bunlar onları düşündürür. Onlar fikirləşirlər ki, Azərbaycanda azərbaycanlılarla bir yerdə yaşasalar, onlar üçün daha yaxşı olar. Daha yaxşı yaşayarlar və hüquqları təmin olunar. Yəni bunu onlar yaxşı anladıqları üçün belə müraciətlər üçün zənglər edirlər”.

C.Məmmədov separatçıların Qarabağ ermənilərinə təsir göstərdiyini bildirib:

 

“Qarabağ ermənilərinə bu məsələdə mane olanlar separatçılardır. Onların bir nümayəndəsi də həbs olunub. Onlar başa düşməlidir ki, bu müqavimət və təxribatların sonu yoxdur. Onlar Azərbaycanı, onun şərtlərini dinləməlidirlər. Eyni zamanda Azərbaycanla inteqrasiya etmək istəyən insanlara da birmənalı olaraq şərait yaratmalıdırlar. Bu prosesə mane olmamalıdırlar.  Azərbaycan tərəfindən proseslərin izlənildiyini onlar bilməlidir. Azərbaycan məsələlərə baxır. Lazımı ölçülər götürülüb, qərarlar veriləcək. Ona görə də, düşünürəm ki, Qarabağ ermənilərinin bu zənglərinin, bu yanaşmalarının kökündə onların bu reallıqları anlamaları, Azərbaycanda  yaşamın daha rahat olduğunu görmələridir. Bu gün onlar Qarabağda çox çətin,anomal vəziyyətdə yaşayırlar. Onlar bu vəziyyətdən xilas olmaq istəyirlər”.

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov isə vurğulayıb ki, ermənilərin Azırbaycan vətəndaşlığına keçməsini istəməyənlərdən biri də Rusiyadır:

 

“Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edənlərə, eləcədə müraciət etməməsinə baxmayaraq bu prosesə hazır olan ermənilərə mane olan separatçılar, cinayətkarlar və Ermənistandır. Onlar buradakı imkansız, əlacsız əhalini əsarət altında saxlayırlar. Buraya Rusiyanı da əlavə etmək olar. Rusiyanın marağındadır ki, bu proses getməsin. Çünki məsələ həll olunduqdan sonra üçüncü tərəfə bölgədə ehtiyac olmayacaq. Buna görə də, münaqişənin olmasının tərəfindədir. Əsas problem yaradan əvvəllər Köçəryan, Sarkisyan və başqaları idi. Bu gün isə Arayik Arutyunyan, Ruben Vardanyan və oradakı digər “idarəçilər”dir”.

Deputat qeyd edib ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər ölümlə hədələnir:

 

“Onlar bu əhalini əsarət və qorxu altında saxlayırlar. Bu istəkdə olanları aşkar edən kimi cəzalandırır, hətta ölümlə təhdid edirlər. Bəzən öldürürlər də. Onları satqın, xain və Azərbaycan agenti adlandırırlar. Belə təsirlərlə dinc, yanaşı yaşamaq istəyən erməniləri qorxu içərisində saxlayıblar. Bu gün də qorxu içində saxlayırlar”.

 

E.Məmmədov Qarabağ ermənilərinin vətəndaşlıq məsələsinin Azərbaycan qanunları ilə tənzimlənməli olduğunu vurğulayıb:

 

“Azərbaycan qanunları ilə bu şəxslərin vətəndaşlıq məsələsi tənzimlənməlidir. Cənab Prezident bu yaxınlarda verdiyi geniş müsahibəsində də qeyd etdi ki, Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanda çoxsaylı etnik, milli azlıqlar var. Biz hamımız birlikdə Azərbaycan xalqını təmsil edirik. Hamının hüquqları bərabər qaydada bir-birindən fərqləndirilmədən, milliyyətindən dinindən asılı olmayaraq tənzimlənir. Eləcə də bizim qanunlarımıza tabe olub, dinc, yanaşı yaşamaq istəyən ermənilər ki var onların  hüquqları da Azərbaycan konstitusiyası ilə təmin olunacaq”.

 

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva isə ermənilərin Azərbaycan vətəndaşlığını çoxdan istədiyini bildirib:

 

“2016-cı ildən bəri bu sual ətrafında Bakıda yaşayan ermənilərlə danışıqlarımız olub. Bakıdakı ermənilər də Xankəndidən gələn ermənilərdir. Onlar Xankəndidə yaşayan qohum-əqrabaları ilə münasibətdədirlər. 2016-cı ildən əvvəl “Dağlıq Qarabağ” ətrafında rayonlar qaytarılmalı idi. Bununla bağlı müqavilə imzalanmalı idi. O müqaviləni sıravi vətəndaşlar çox səbirsizliklə gözləyirdi. 2016-cı ildə Cocuq-Mərcanlıda zəfərimiz oldu. Onlar yenə də gözləyirdilər. Düşünmürdülər ki, müharibə dayanacaq. Sıravi, sadə ermənilər, erməni əsilli Azərbaycan vətəndaşları bizim qələbəmizi gözləyirdi. Gizli şəkildə  gözləyirdilər. Mən bunu dəqiq bilirəm. Çünki Bakıdakı qohumlarına deyirdilər ki, “Nə oldu, niyə dayanıldı? Niyə gəlmədiz”. 8 noyabr 2020-ci ildə Azərbaycanın tam qələbəsindən sonra  onlar daha da arxayınlaşdı. Onlar sənədli şəkildə bizim vətəndaşımız olacağını düşünürdü”. 

 

Xatirə Vəliyeva Qarabağdakı ermənilərə təzyiqlər edildiyini vurğulayıb:

 

“Orada 30-35 min arasında erməni ola bilər ki, onların da heç yarısı orada yaşamır. Lakin erməni lobbisinin Xankəndidə bir xeyli klanı var. Köçəryanın, Daşnaksütunun, Serj Sarksiyanın və başqalarının klanlar var. Ancaq əhali sayını nəzərə aldıqda bu bölünmənin məntiqi yoxdur. Onlar maddiyyata görə bölünür. Onların kartlarına pul da köçürülür, istirahətə aparılır. Uşaqlarının xaricdə təhsilini təmin edirlər. Maddiyyat onları çəkindirir. Digər yandan qorxu hissi var. Onlara çoxlu təzyiqlər edilir.  Bu təzyiqlər tək klanlar tərəfindən edilmir. Burada eyni zamanda 3-cü xarici təsir var.  Hər tərəfdən basqı altında saxlanılır. Son zamanlar onların dəstəyi də saman çöpündən asılıdır. Artıq müraciət edə bilirlər. Əvvəl ümumiyyətlə bunu edə bilmirdilər.  Artıq görürlər ki, Azərbaycan dediyinə nail olur və nail olacaq. Ona görə də, vətəndaşlığa keçməyi əvvəlkindən daha çox istəyirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım