Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Dünənə kimi hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi partiya qeydiyyata alınmamışdı.
Dünən isə iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası dövlət qeydiyyatına alınıb. Digər siyasi qüvvələrə hələlik cavab gəlməyib.
Siyasi partiyalarla bağlı yeni qanunun qəbulundan sonra Azərbaycanda qarışıq (proporisonal və majoritar) seçki sisteminə keçidlə bağlı müzakirələr aktuallaşıb. Ölkəmizdə hazırda parlament seçkiləri majoritar qaydada keçirilir. Bu konstitusiyada təsbit edildiyinə görə qarışıq sistemə keçid üçün referendum keçirilməlidir.
Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir.
Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.
Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.
Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, proporsional seçki sistemi seçilən şəxsin bütün əhalini təmsil etməsinə imkan yaradır:
“Ümumiyyətlə, demokratiyaya keçidin əsas şərtlərindən biri seçkilərin proporsional qaydada keçirilməsidir. Bu gün əksər ölkələrdə, hətta inkişaf etmiş demokratik ölkələrdə belə proporsional seçki sistemi mövcuddur. Bu həm də proporsional qaydada seçilən hər bir millət vəkilinin bütün milləti təmsil etməsinə imkan yaradır. Ancaq majoritar qaydada hər bir deputat yalnız seçildiyi ərazinin məsuliyyətini daşıyır. Proporsional qaydada seçilən şəxslər isə bütün respublika qarşısında məsuliyyətlidir”.
S.Cəlaloğlu proporsional seçki sisteminə keçidlə bağlı atılacaq addımın xalqın xeyrinə olacağını vurğulayıb:
“Azərbaycanda əvvəlcədən proporsional seçki sistemi var idi. O zaman partiyalar çox güclü şəkildə inkişaf edirdi. Adamların partiyalara ciddi marağı var idi. Siyasi mübarizənin şəxslər, tayfalar, klanlar arasında yox, məhz partiyalar arasında getməsi dövlətin və millətin lehinədir. Bunun üçün partiyaların siyasi mübarizə müstəvisinə çıxması üçün imkanlar yaradılmaldır. Bu imkanlardan biri də proporsional seçki sisteminə keçməkdir. Ancaq mən proporsional seçki sisteminə keçidlə bağlı hər hansı addım atılacağına inamıram. Ancaq belə bir addım atılcaqsa, bu Azərbayan xalqının xeyrinə olacaq”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə düşünür ki, proporsional seçki sisteminə keçid parlamentin daha da peşəkarlaşmasına səbəb olacaq:
“Düşünürəm ki, Azərbaycan çoxdan proporsional seçkilərə keçməliydi. Çünki proporsional seçki sistemi parlamentin daha da peşəkarlaşmasına gətirib çıxaracaq. İndi majoritar seçki sistemi mövcuddur. Bu sistemdə şəxs bir seçki dairəsindən partiyaya bağlılığı olsun-olmasın 500 imza toplamaqla namizəd ola bilər. Şəxs təbliğat, təşviqat dönəmində rayonunda, elində-obasında biraz xeyir iş görür və ya nəyinsə hesabına parlamentə daxil olur. Beləliklə, qeyri-peşəkarlar parlamentdə toplaşır. Zamanında “Avropa Qapıları” adlı bir şirkət vardı, onun sahibi belə parlamentə düşmüşdü. Parlamentin tərkibinə baxdıqda, görürsən ki, əksəriyyəti siyasətlə məşğul olmamış, ömürboyu heç bir partiyanın üzvü olmamış iş adamları filandır. Hesab edirəm ki, proporsional seçki sistemi gəlsə, bu həm partiyaların inkişafına, həm də parlamentin daha da peşəkarlaşmasına səbəb olacaq”.
T.Abbaslı söyləyib ki, siyahıların partiyalar tərəfindən seçicilərə təqdim olunması daha yaxşıdır:
“Türkiyədəki kimi hər bir partiya özünün siyahısını seçicilərə təqdim edəcək. Beləliklə, seçicilər şəxsə yox, partiyalara, ideologiyalara səs verəcək. Hər bir partiya öz siyahısını hazırlayanda daha çox peşəkarlığa, əqidə və ideologiyaya önəm verəcək. Majoritar sistemdə sərbəst, heç bir partiyanın üzvü olmayan adam 3-4 sənəd təqdim etməklə parlamentə daxil olur. Partiya siyahısından təqdim etmək üçün isə şəxs ondan 2-3 dəfə çox sənəd toplamalı və təqdim etməli olur. Belə olan halda təbii ki, hamı rahata qaçır. Təbii ki, dünyada, eləcə də qonşularımız olan Ermənistan və Gürcüstanda, Türkiyədə də proporsional seçki artıq tətbiq olunur. Tez bir zamanda referandum keçirilməlidir. Birinci parlamentin tərkibi genişləndirilməlidir. 10 milyon əhalisi olan ölkədə 125 deputat sayı azdır. İkinci isə ya tam proporsionala, ya da qarışıq sistemə keçid mütləq lazımdır. Bu demokratiyanın, partiyalı sistemin inkişafına və parlamentin peşəkarlaşmasına gətirib çıxaracaq. Qanunvericilikdə artıq keyfiyyət fərqi yaranacaq. Düşünürəm ki, gecikmədən, yubanmadan proporsional seçki sisteminə keçid etməliyik”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də vurğulayıb ki, proporsional seçki sisteminə keçirilməsi zəruridir:
“Azərbaycanda siyasi institutlaşmanın və siyasi partiyaların proseslərdə aktiv iştirakının təmin edilməsi üçün proporsional seçkilərə keçirilməsi zəruridir. Dünya təcrübəsi də göstərir ki, proporsional seçkilərin olmadığı cəmiyyətlərdə seçkilər daha çox saxtakarlığa məruz qalır. Ona görə də opponentlər heç vaxt seçkilərin nəticələrini obyektiv qiymətləndirməyiblər. Cəmiyyətin siyasi partiyalara inamının artırılması, partiyaların özünü cəmiyyətə obyektiv təqdim etməsi üçün proporsional seçkilərə keçirilməsi çox vacibdir”.
M.Rəhimli məsələ ilə əlaqədar konstitusiyaya dəyişiklik edilməli olduğunu söyləyib:
“Artıq bu barədə çoxdandır ki, cəmiyyətdə söz-söhbət gəzir. Hesab edirəm ki, bu cür söhbətlərin dolaşması cəmiyyətin proporsional seçki sisteminə keçirilməsini istəməsi ilə bağlıdır. Düşünürəm ki, Azərbaycanda siyasi güc nisbətinin təyin edilməsi baxımdan da proporsional seçki sisteminə keçirilməsi zəruridir. Əks halda siyasi partiyaların cəmiyyətə təsirlərini obyektiv olaraq qiymətləndirmək mümkün olmayacaq. Hansı siyasi partiyanın daha fəal qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsini həyata keçirdiyini də müəyyənləşdirmək çətin olacaq. Biz inkişaf etmiş dünya ölkələrinə nəzər salmaqla, tezliklə Azərbaycanda proporsional seçkiləri bərpa etməliyik”.