Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir.
“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olan dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açır, o səfərlərin şahidi olan şəxslərin təəssüratlarını təqim edirik. Bakıya kimlər gəlməyib?
Modern.az bu dəfə təkcə Hindistanda deyil, bütün dünyada tanınan məşhur aktyor Rac Kapurun Bakıya səfərindən bəhs edir.
Hindistanla Azərbaycanın əsrlər boyu davam edən tarixi əlaqələri və bəzi ümumi ənənələri var. Deyilənlərə misal kimi Atəşgah məbədini göstərmək olar. Bu orta əsrlər abidəsinin divarlarında Devanagri və Gurmukhi yazıları iki ölkə arasında olan uzun müddətli əlaqələrin sübutudur. İpək Yolundan Avropaya gedən hind tacirləri ilə də yaxşı əlaqələr qurulmuşdu.
Daha erkən dövrdə prezident S.Radxakrişnan, baş nazir Pandit Cavaxarlal Nehru və tanınmış kino aktyoru Rac Kapur Bakıya səfər etmişdilər. Azərbaycanın tanınmış müğənnisi, Rac Kapurun yaxın dostu Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı. Məşhur müğənni Elmira Rəhimova da 1950-ci illərdə hind musiqisini və rəqslərini öyrənmək üçün iki ilini Hindistanda keçirmişdi.
Vaxtilə keçmiş SSRİ-də hind filmləri fantastik dərəcədə populyar idi. Bu melodramalarda oynayan aktyorlarla canlı təmas hər bir sovet tamaşaçısı üçün böyük sürpriz, inanılmaz gerçəklik sayılırdı. Azərbaycanda da hind aktyorlarının başgiccələndirici şöhrəti, bəzən hətta əndazəni keçən sevgisi o zamanın ən isti xatirələrində yaşayır. Belə aktyorlardan biri də Rac Kapurdur.
Onun baş rolda oynadığı filmlər xalq arasında hədsiz sevilirdi. “Avara”, “Cənab 420” və daha neçə-neçə ekran əsəri azərbaycanlı tamaşaçıların yaddaşında silinməz izlər buraxıb. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Hind filmləri festivalı ilə əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə Sovet İttifaqında olan Hindistan kino incəsənətinin xadimləri nümayəndə heyəti 1956-ci il noyabrın 3-də Bakıya gəlir. Bu heyətdə hər kəsin “Avara” filmindən tanıdığı məşhur Rac Kapur da olur. Onun Bakıya gəlişini eşidən hər kəs Rac Kapuru görmək üçün hava limanına, “Nizami” kinoteatrının qarşısına toplaşır.
“O olmasın, bu olsun” filminin baş qəhrəmanı - Gülnazı oynayan Tamara Gözəlova həmin illəri, Rac Kapurla görüşünü belə xatırlayır:
“1956-cı ilin may ayında Azərbaycanda hind kinoları festivalı keçirilirdi. Məşhur “Avara” filmindən 10 nəfərlik nümayəndə heyəti, eləcə də filmin baş qəhrəmanı Rac Kapur Azərbaycana gəlmişdi. “O olmasın, bu olsun” ilk rəngli film olduğu üçün onlara göstərmişdilər. Telestudiyada oturub filmi müzakirə etmişdilər. Mən tеlеviziyaya axşam vеrilişlərinin matеrialları ilə tanış olmaq üçün gələndə Rac Kapuru studiyada piano arxasında əyləşdiyini gördüm, o, məni görən kimi “O olmasın, bu olsun” filmindən bir musiqi parçası çalmağa başladı və bununla bildirdi ki, məni tanıyıb. Rac Kapur bizim filmi və mənim ifamı çox bəyəndiyini söyləmişdi”.
O zaman Rac Kapur rejissor Hüseyn Seyidzadəyə birgə film çəkmək və Tamara Gözəlovanı da filmə dəvət etmək istədiyini bildirmişdi. Amma nədənsə bu təklif reallaşmadı.
Rac Kapurla görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudov arasında yaxın dostluq əlaqələri var idi. Rəşid Behbudovla Raç Kapurun birlikdə ifa etdiyi “Ruskiy sneq” mahnısı bunun bariz nümunəsidir.
Bir vaxtlar “Kino” qəzetinin baş redaktoru olmuş Mehdi Mükərrəmoğlunun sözlərinə görə, Rac Kapur Azərbaycanda iki dəfə olub. Sonuncu səyahəti Rəşid Behbudovun xatirə gecəsinə təsadüf edib, bu, təxminən 70-ci illərə düşür.
“Ədalət” qəzetinin əməkdaşı Babək Yusifoğlu isə Rac Kapurla bağlı yazdığı yazıda maraqlı bir məqama toxunub:
“Onu Azərbaycanda da yaxşı tanıyırlar və sevirlər. Çoxlarının yaddaşında Racın qəribə təbəssümü, kədərli və mənalı baxışları həmişəlik yuva salıb. Bəlkə də ona qarşı bu qədər isti münasibətin, məhəbbətin bir nədəni də onunla bağlıdı ki, Rac Kapur Azərbaycanı tanıyırdı, Bakıya gəlmişdi, böyük müğənni Rəşid Behbudovla dostluq edirdi, bizim müsiqimizə valeh idi. Hələ indi də bu iki möhtəşəm sənətkarın dostluğunun, yaxın münasibətlərinin şahidi olanlar az deyil. Doğrudanda Racla bağlı xatirələrin hər birinin öz gözəlliyi var. Həmin dostluq haqqında eşitdiklərimdən biri daha çox təsirlidir. Deyirlər, Rəşid Behbudov 1988-ci ildə Racın xəstə yatdığını öyrənəndən sonra Bombeyə gedib. Onların görüşü Kapurların nəhəng, gözəl evində olub. Amma Rac Kapur hind qonaqpərvərliyindəki qaydalara uyğun olaraq ayağa qalxıb hörmətli qonağını qaşılaya bilməyib, çox təsirlənib. Lakin Rəşidə olan hörmətini, bu ziyarətə verdiyi dəyəri ifadə etmək üçün möhtəşəm aktyor onun əlindən öpüb”.
Rac Kapur Azərbaycan gələndə indinin tanınmış rejissoru Arif Qazıyev hələ Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi idi. A.Qazıyevin tələbəlik illərindən qalan xatirələri:
“O zaman mən tələbə idim. Rac Kapur isə Nizami kinotetatrında Rəşid Behbudovla görüşmüşdü. Bizim hamımızı da ora aparmışdılar. Ümumiyyətlə, Rac Kapurun “Avara” filmindən bütün mahnıları əzbər bilirdim. Cavanlığımda bir az da ona oxşayırdım. O vaxt oxumağa başladığımda məni onun mahnılarını ofa etməyə çağırırdılar. Daha sonra təşkil edilmiş yığıncaqda idik. Rac Kapur elə söhbət edirdi ki, elə bil bu dəqiqə Azərbaycanın hansısa əyalətindən gəlib qohum-əqrabası ilə görüşüb. Hind və ingilis dillərində danışırdı, rus dilini bilmədiyindən tərcüməçi tutmuşdular. O zaman Kinematoqrafçılar İttifaqının sədri məşhur rejissor Həsən Seyidbəyli idi və o, başda olmaqla bir qrup kino işçisi Rac Kapur və digər hindli qonaqları müşayiət edirdi. Bizi də universitet tələbələri kimi ora aparmışdılar”.
Məşhur kind aktyorlarının səfəri ilə əlaqədar olaraq Bakı Kinostudiyası 7 dəqiqəlik film də hazırlamışdı. Film də məşhur qonaqların Bakıya gəlişi, getdikləri yerlər, insanlar tərəfindən qarşılanmaları və digər maraqlı məqamlar yer alıb.
Bu ekran əsərində qeyd edilir ki, hind filmləri festivalı ilə əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti ilə Sovet İttifaqında olan Hindistan kino incəsənət xadimlərinin nümayəndə heyəti “1956-ci il noyabrın 3-də Bakıya gəlib. Təyyarə meydanında onları Bakı ictimaiyyəti və respublikanın incəsənət işçiləri böyük səmimiyyətlə qarşılayıb. “Nizami” kinoteatrında Hindistan kino xadimləri, eləcə də Rac Kapurla Bakı tamaşaçılarının görüşündən sonra onlar şəhərdə gəzintiyə çıxıblar. Dağüstü parkdan bütün Bakını və neft mədənlərini seyr ediblər. Həmin gün axşam isə Rac Kapur və digər hindistanlı aktyorlar Bakı telestudiyasında Hindistan kinofilmlərindən mahnılar ifa ediblər. Sonrakı gün Bakı ilə vidalaşan qonaqlar Moskvaya yola düşüblər”.
Rac Kapur uzun illər Hindistanın ən sevimli aktyoru, rejissoru olaraq qaldı. Hind kinosuna dünya şöhrəti qazandırdı, neçə-neçə beynəlxalq mükafatı Vətəninə gətirdi, milyonlarla insanın yaddaşında Rac Kapur obrazını əbədiləşdirdi.
Uzun illər keçməsinə baxmayaraq, Rac Kapur bu gün hind kinosunun kralı hesab olunur.