Modern.az

İvanovkada etirazlar: Azərbaycandakı yeganə kolxoz ləğv edilə bilər...

İvanovkada etirazlar: Azərbaycandakı yeganə kolxoz ləğv edilə bilər...

Ölkə

11 Sentyabr 2023, 11:56

Ötən günlərdə sosial şəbəkələrdə İsmayıllının İvanovka kəndində sakinlərin etiraz aksiyası keçirməsi barədə görüntülər yayılıb. İddialara görə, tarixi kəndin bir qrup sakinləri kolxoz sədrinin özləri tərəfindən seçilməsini istəyirlər. 

 

Qeyd edək ki, İvanovka sovet dövründən ölkədə qalan sonuncu kolxoza ev sahibliyi edir. 3 minə yaxın əhalisi olan kənddəki kolxozun hazırkı sədri Vasili Novoseltsevdir. O, 2015-ci ildən bu postu tutur. Kəndin kolxozu İvanovkaya 41 il rəhbərlik edən Nikolay Nikitinin adını daşıyır.

 

Bəzi sakinlərin tələbi isə yalnız seçkilərin keçirilməsi deyil. Onlar kolxozun ləğv edilməsini və torpaqların kənd sakinlərinə paylanmasını tələb edir.

 

Həqiqətən, İvanovkadakı kolxoz ləğv edilə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev bildirib ki, kolxozun ləğvini istəyirlərsə, bunun üçün iclas keçirilməlidir: 

 

"İvanovkadakı vəziyyətlə bağlı bir neçə kolxoz üzvü mənə məktub göndərib. Bildirirlər ki, kolxoz ləğv olunmalı, onlara pay torpaqları verilməlidir. Mən onlara qanunvericilik əsasında lazım olan izahatı verdim. Qeyd etdim ki, kolxoz onların korporativ təsərrüfatıdır və onların öz nizamnamələri var. Aqrar islahatların getdiyi ilk vaxtlarda  İvanovka sakinləri kolxozun saxlanılması ilə bağlı rəhbərliyə müraciət etmişdilər. Rəhbərlik tərəfindən müstəsna olaraq onların xahişi, tələbi nəzərə alınmışdı. Bu gün kolxozun ləğv olunmasını istəyirlərsə, onlar özlərinin ümumi yığıncaqlarını çağırmalı və bununla bağlı qərar verməlidirlər. Əlbəttə ki, həmin yığıncaqda kolxoz üzvlərinin əksəriyyəti iştirak etməlidir. Onlar bundan sonra müəyyən sənədləri toplayıb, müvafiq orqanlara təqdim etməlidirlər. Müraciətdə kolxozun ləğv olunduğunu və pay torpaqlarının müəyyənləşdirilməsini istədiklərini qeyd etməlidirlər. Belə olan halda müvafiq komissiya yaradılmalı və torpaq islahatı həyata keçirilməlidir".

T.Rzayev vurğulayıb ki, kolxoz sədrini üzvlərin özləri dəyişdirə bilər:

 

"Kolxoz sədrinin seçilməsi məsələsi də yenə kolxoz üzvlərinin öz səlahiyyətinə aiddir. Yeni kolxoz sədrini seçmək istəyirlərsə, nizamnaməyə uyğun olaraq, üzvlər iclas çağırmalıdır. Kolxozun üzvü olan hər bir adamı özlərinə sədr seçə bilərlər. Bu gün oradakı narahatlıqlara kənardan müdaxilələr də var. Elə adamlar var ki, heç kolxozun üzvü deyillər və orada müəyyən qaydada məsələləri qarışdırırlar. Mən özüm də bu məsələ ilə maraqlandım. Hətta ərizə yazanlardan bir-iki nəfərə soruşdum ki, "siz  kolxozun üzvüsünüz?". Cavablarında üzv olmadıqlarını, lakin bir vətəndaş kimi oradakı insanların qeydinə qalmaq istədiklərini söylədilər. Mən onlara açıq şəkildə bu işə müdaxilələrinin düzgün olmadığını söylədim. Məsələlər öyrənilməli və dəqiq bilinməlidir. Kolxoz üzvləri özləri öz qəti qərarlarını bildirməlidirlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...