Modern.az

Göygöldə şəhidin adına olan küçəni su basdı: Kənd sakinləri şikayətçidir - FOTOLAR

Göygöldə şəhidin adına olan küçəni su basdı: Kənd sakinləri şikayətçidir - FOTOLAR

Ölkə

12 Sentyabr 2023, 14:20

Qeyri sabit keçən hava şəraiti respublikanın bir çox yerində dağıdıcı izlər qoyub. Yağış sularının yaratdığı sel Göygöl rayonunda yaşayış məntəqələrinə ziyan vurub. Rayonun Topalhasanlı kənd sakinlərinin də evləri,  təsərrüfatlarına ziyan dəyib. Kənd sakinləri isə bu haldan əziyyət çəkirlər.

 

Kəndin İkinci Qarabağ müharibəsi zamanı şəhid olan Sabir Yusibov adına küçəsində isə vəziyyət ümumiyyətlə ürəkaçan deyil. Şiddətli yağışlar küçədə hərəkəti tamamilə mümkünsüz edib.

 

Şəhidin anası Afət Yusibova Modern.az-a açıqlamasında evinə ziyan dəydiyini bildirib.

 

“Evimizi sel basıb. Küçə elədir ki, hər yağış yağanda sel gəlir. İndi də evimizi sel basıb. Bütün azuqəm suyun içindədir. Həmin küçə şəhid adına olan küçədir. Mən də anasıyam, ev də şəhidin evidir, suyun içindədir", - o deyib.

 

Afət Yusibova məsələ ilə bağlı həm Göygöl Rayon İcra Hakimiyyətinə, həm də kənd nümayəndəsinə məlumat verildiyini diqqətə çatdırıb:

 

"Gəldilər, şəklini çəkdilər, getdilər, amma mənə kömək olmadı. Evim suyun, palçığın içindədir. Kömək edəcəkdilər, kömək gəlmədi. Özüm cibimdən xərc çəkdim, fəhlə tutdum, suyu çəkiblər bir az”.

 

Kənd sakini İlham Ələkbərov isə küçədə olan palçığa görə hərəkətin məhdudlaşdığını bildirib:

 

“Gəlib təmizləyən, baxan yoxdur. Selin qarşısını açan yoxdur ki, gedib çaya çıxsın. Artıq 2 gündür. Səhər saat 5-də durub görmüşəm ki, qapı-baca, tövlə hamısı suyun içindədir. Təxminən 20 sm lil yığılıb. Qapıdan çıxırıq, küçəyə çıxmaq olmur. Yağış yağan gününün səhərisi gəlmişdilər. Şənbə günü yağmışdı, səhər gəldilər, elə də getdilər. Kənd sovetimiz, bələdiyyəmiz gəldi, baxdı, dedilər traktor gələcək, amma nə traktor gəldi, nə özləri. Qapı, zirzəmi hamısı su ilə dolmuşdu. 14 toyuğum var idi hamısı öldü. Palçığın içindədi hər yer. Qapıdan çıxmaq və girmək mümkün deyil”.

 

Məsələ ilə bağlı Göygöl rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Topalhasanlı kənd nümayəndəliyindən məsələ ilə bağlı aidiyyatı işlər görüldüyü bildirilib:

 

"Şikayət daxil olub. Onların zirzəmisini su basmağı ilə əlaqəli olaraq. Biz su çəkən nasoslar gətirib, nə qədər su varsa çəkib, təmizləmişik. Nə lazımdırsa, bütün köməklik edilib".

 

Qeyd edək ki, Sabir Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub, 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

1278363

1278367

1278369

1278373

1278374

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər