Siyasiləri, məmurları üz kodlarına (Fizioqnomika) əsasən tanımağa və tanıtmağa davam edirik. Modern.az “Fotoların dili ilə” layihəsində NLP master Babək Bayramovla birlikdə bu dəfə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun üz kodlarına əsasən xarakterini təqdim edir.
Hər dəfə xatırlatdığımız kimi, bu layihədə subyektiv fikir və mülahizələrdən uzaq olaraq istədiyimizi deyil, görünənin (insan simasının) görünməyən tərəflərini elmi təsdiqini tapmış qəliblər əsasında izah edirik.
Arayış: Tağı Əhmədov 1948-ci ildə fevralın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub.
1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib. “Tunellərin zəlzələyə davamlılığı” mövzusunda tədqiqat işi aparır.
Hazırda Bakı Metropoliteninin rəisidir. Evlidir, 1 övladı var.
Baş – Belə baş formasına siyasətçilərin çoxunda rast gəlinir. Baş çox zaman geriyə doğru meylli şəkildə dayanır. Bu baş duruşu təkəbbürü və özünəsevgini büruzə verir.
Alın - Geniş və qabarıq künclü alın, xəyal gücünün qüvvətli olmasına işarədir. Yan tərəfdən baxdıqda görürük ki, alnın forması kəskin arxaya meylli və piramida şəkillidir. Buradan çıxan məna – melanxolik, tədbirli, yalana meyilli, eqoist və hərdəmxəyallığa yaxın bir fərdiyyət tipini izah edir. T. Əhmədovun hər tərəfə hədsiz inkişaf etmiş alnı – geniş üfüqləri, müşahidə qabiliyyətini göstərir. Alındakı üfuqi, paralel və az bilinən qırışlar - ədaləti, şaquli qırışlar isə - dərin zəka, enerji, təkəbbür və şöhrətpərəstliyi bildirir.
Göz - Ensiz və uzun qapaqları olan gözün kənarı və qaşları gicgahlara doğru meyllənmiş gözləri diqqətlə analiz etdikdə bir çox şeydən xəbər almış oluruq. Qısa, amma sıx kirpiklər arasından kəskin baxışlarla baxan göz bəbəklərini də bura əlavə etmək lazımdır. Göz qapaqları tez-tez daralır. Bu tip insanlar müşahidəçi, içinə qapanıq, sirli, tədbirli, ağıllı, cinsi məsələlərdə ehtiraslı, dayanıqlı və hədsiz eqoistdirlər.
Qulaq - Qulaqları yastıdır və başa yapışmış kimidir. Belə qulaqlar – tədbirli, soyuqqanlı, iradəli bir tipi müəyyənləşdirir.
Burun - Şəkildə ağıza doğru əyilmiş burun görürsünüz, bu burun sahibinin həssaslığını izah edir.
Dodaqlar - Kənar xətləri seçilən, incə, amma yüngülcə şişmiş dodaqlar - ürəyiaçıqlığı və əsasən pis xasiyyətdən çox yaxşı əməllərə meyilli olan fərdiyyəti üzə çıxarır.
Çənə - Şəkildə gördüyümüz çənə irəli çıxmış formadadır, bu isə enerjili və iradə gücü yüksək, inadkar və sərt bir xarakteri ortaya qoyur.
Qeyd: Şəxsin üz forması və cizgilərinin xarakterlə əlaqəsi barədə qeyd olunanlar “Fizioqnomika” testinə əsasən çıxan nəticələrdir. Rəsmi dairələrdə əsas kimi istifadə edilə bilməz.
Elçin MURAD