Modern.az

Müxalifət liderlərindən antiterror tədbirlərinə dəstək: Vur əsgər!

Müxalifət liderlərindən antiterror tədbirlərinə dəstək: Vur əsgər!

Ölkə

19 Sentyabr 2023, 14:58

Müdafiə Nazirliyi sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

Tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - Nazirlik bildirib.
 

Modern.az xəbər verir ki, Azərbaycandakı müxalifət qüvvələrinin liderləri də Ordumuzun antiterror tədbirlərinə başlamağını dəstəkləyiblər.

Milli Strateji Düşüncə Mərkəzinin  rəhbəri İsa Qəmbər:

“Azərbaycan Ordusu Qarabağda antiterror tədbirlərinə başlayıb. Tam uğurlu, mümkün qədər sürətli və qısamüddətli olsun. Tanrı qəhrəman əsgərimizi qorusun!”.

Müsavat başqanı Arif Hacılı:


“Ölkənin bütün ərazisində dövlət suverenliyimizin bərpası, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkən tədbirlərin həyata keçirilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur”.
 

Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Allah Ordumuza güc versin, əsgərlərimizi qorusun! Hər birimiz bir əsgərik, cənab Ali Baş Komandan!!!Sona qədər dövlətimizin yanındayıq!!!”.


Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

“Ordumuz alçaq terrorçuları Qarbağdan süpürüb atmaq üçün həlledici savaşa başladı. Allah ordumuzu və Azərbaycanımızı qorusun!”.
 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:
 

“Xankəndi və ətrafı elə bu gün terrorçulardan təmizlənməlidir! Düşmənə ölüm! Vur əsgər! Canımız sənə fəda olsun!”.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov:


"Bu gün, 2023-cü il sentyabrın 19-da Qarabağdakı kriminal rejimin davam edən cinayətləri nəticəsində yenə Azərbaycan vətəndaşları – mülki şəxslər və polis əməkdaşları – həyatını itirdi.

Davamlı cinayətlərə son qoymaqdan ötrü, bu gün Azərbaycan Ordusu tam hüquqi və mənəvi əsasla lokal antiterror tədbirlərinə başladığını elan etdi.

Respublikaçı Alternativ (REAL) Partiyası bu tədbirlərin elan olunan məqsədlərini tamamən dəstəkləyir. Xüsusilə də onun dinc əhaliyə qarşı deyil, qanunsuz hərbi birləşmələrə və onların infrastrukturuna qarşı aparıldığına beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün var gücü ilə çalışacaq. Bu baxımdan, mülki əhali üçün çıxış dəhlizlərinin yaradılması haqda Müdafiə Nazirliyimizin bəyanatını və bununla bağlı gördüyü işləri də zamanında atılmış doğru addım hesab edirik.

Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq, 2020-ci ilin 44 günlük müharibəsi zamanı olduğu kimi, bu əməliyyatın gedişində də tamamən doğru qərarlar verəcəyinə partiya olaraq əminliyimizi ifadə edirik.

Müzəffər Ordumuza bu şərəfli, ədalətli və qanuni işində uğurlar olsun!".

AXCP sədri Əli Kərimli:

"İstənilən halda ordumuza dəstəyimiz tamdır. Allah əsgər və zabitlərimizi qorusun. Təki elan olunmuş antiterror tədbirləri tezliklə və uğurla başa çatsın. Qarabağdakı silahlı qüvvələr də, Rusiya "sülhməramlıları" da Qarabağı tərk etsin".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi