Modern.az

“Çünki, Heydər Əliyevin oğludur”

“Çünki, Heydər Əliyevin oğludur”

18 Avqust 2013, 19:56

1993-cü ildən 2003-cü ilə qədər ictimai-siyasi hadisələr çox sürətlə gedirdi. Brejnevin sözü olmasın “Azərbaycan iri addımlarla (irəliləyir)” irəliləmirdi, qaça-qaça irəli gedirdi. Artıq əminamanlıq idi. Azərbaycan müstəqil bir ölkə kimi oturuşmuşdu. Bircə Qarabağ problemi həll olunmamış qalırdı. İcraedici aparat saat kimi işləyir, xarici ölkələrlə balanslaşdırılmış siyasət aparılır, xalqla rəhbərlik arasında görünməyən tellərlə yaxın bağlılıq vardı. Heydər Əliyev idarəetməsi özünü bir daha təsdiq etmişdi.

Hər hansı bir görkəmli şəxsiyyət həyatdan köçəndə heyfslənirəm. İndi deyəcəksiniz ki, burda nə var ki, hər bir böyük itki nəinki həmin şəxsin ailəsini, yaxın ətrafını bütövlükdə xalqımızı incidir. Razıyam. Amma məni həm də bu böyük şəxsiyyətlərdən sonra memuarların qalmaması daha çox incidir. Tarix kitablarını alimlər yazır. Amma 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycan tarixini Heydər Əliyev qədər gözəl bilən və qələmə alacaq ikinci bir adam tanımıram. Atam şair Qabil də xırda xatirələri nəzərə almasaq, publisistikaya çox da həvəs göstərməyib. Elə o biri yazıçılar da. Təkcə Xəlil Rzanın gündəlikləri istisna sayıla bilər. Amma bu gündəliklər də bir çox mətləblərə dərindən işıq sala bilmir.

Mən atamla bağlı  bəzi anları yadıma salıb yazmağa qərar verdim. Necə qarşılanacaq?  Necə qəbul edəcəklər? Sözlərimə nə don geyindirəcəklər? Yaxud da məni istəyənlərdən  tez-tez eşitdiyim “Düzgün başa düşülməz” fikirlərini indidən göz önümə gətirərək.  Bütün bu yazdığım xatirə və olan hadisələr son fikrimi, atamın 2003-cü ildə işlətdiyi bir teorem xüsuslu fikri isbat eləməyə yönəlib: “Çünki, Heydər Əliyevin oğludur”.

“Mənim qədrimi öləndən sonra biləcəksiniz”

1994-cü ilin mart ayı  idi. Günorta saatlarında telefon zəngi gəldi. Xarici işlər naziri Həsən Həsənov idi. Bir haşiyə çıxım. Atam Həsən Həsənovu çoxdan tanıyırdı. Keçmiş Kirovabad şəhər Partiya Komitəsinin 1-ci katibi, daha sonra Mərkəzi Komitənin ideolgiya üzrə katibi olandan. Milli bir adam kimi hörməti vardı. Fəaliyyəti dövründə Həsən Həsənov gördüyü böyük işlər sayəsində iki “ad” qazanmışdı. Kirovabadda aparılan quruculuq, abadlıq işlərində qırmızı kərpicə daha çox üstünlük verdiyindən yerli camaat onu “Kərpic Həsən” deyə əzizləmişdi. Amma sonralar bu ada “Xozeyin Həsən” də əlavə olundu. Və bu ad atamın Azərbaycan SSR MK-nın 1-ci katibi Heydər Əliyevdən etdiyi bir xahişdən sonra meydana gəldi.

Atamın “Nəsimi” poemasını rus dilinə tərcümə etmirdilər. Əsər böyük olduğundan heç bir tərcüməçi bu işin altına girmirdi. Moskvada atama loru dildə izah eləmişdilər ki, “sən əvvəlcə get kitabı plana saldır, sonra tərcüməyə başlayaq”.  Atam da məntiqli cavab vermişdi ki, “bəs ortada olmayan bir tərcümə əsərini plana necə saldırmaq olar?”. Onlar da demişdilər ki, “respublikanın xozeynləri bu işə qol qoysalar, mümkündür”. Atam da yazıçıların qurultayı ərəfəsində Moskvada ona deyilən bu sözü, yəni “respublikanın xozeynləri” xitabı da daxil olmaqla xahişini Heydər Əliyevə deyir. Sovetin qılıncının qabağı da, dalı da kəsən bir vaxtda  Heydər Əliyev “xozeyin” sözünü  çox səmimi qarşılayır və: “bu işi tapşırıram xozeyn Həsənə, həll etsin” tapşırığı verir.  

Bu göstəriş həmən yerinə yetirilir. İki il sonra çıxacaq kitab plana salındı, hətta moskvalı tərcüməçi Yakov Serpinə 4500 rubl avans da verildi.

 Telefon xəttində Həsən Həsənov idi:
- Qabil, evdə şəklin var?
- Nə şəkil?
- “Lyuboy”.
- Var.
- Onda adam göndərirəm, ver ona. Xarici pasport üçün lazımdır. Hazırlaş. Gecə uçuruq Çinə. Heydər Əliyev səni də dövlət nümayəndə heyətinə salıb.

Yüksək səviyyəli səfər. Qayıdandan sonra təəssüratlar. Onlardan birini xüsusilə yadda saxlamışam. Atam nağıl edirdi ki, “bizi Çin səddinə aparmışdılar. Qabaqda Heydər Əliyev gedirdi. Arxada da nümayəndə heyəti. Mən də qonşu Əmir Mustafayevlə yanaşı addımlayırdıq. Birdən Heydər Əliyev dayandı. Bir-iki addım arxaya bizə tərəf gəldi və:

- Mənim qədrimi mən öləndən sonra bilcəksiniz,- dedi.

Ortaya bir anlıq sükut çökdü. Gülümsədi. Sonra yolumuza davam etdik. Niyə belə dedi bilmədim”.

Bu hadisə 1994-cü ilin martında baş vermişdi. İndi isə buna isbat lazım deyil.

“Müxalifət, sən də”

Qonşumuz, özü də şair oğlu olan biri qatı müxalifətçi  idi. Hətta o qədər bu siyasi oyunların içinə girmişdi ki, atamı da görəndə iqtidar nümayəndəsi kimi onunla quru salamlaşırdı. Atam da “ay oğul, sən mənim gözümün qabağında böyümüsən. Nə müxalifət, nə iqtidar. Burax bu söhbətləri. Sən mənim dostumun, qardaşımın yadigarısan”  desə də örk olmurdu. Dediyində durmuşdu.  Mən də  AzTV-nin “Xəbərlər”ində işləyirdim. Qonşumuz da bilirdi ki,  müxalifətin əleyhinə nə süjetlər gedirsə əksəriyyəti “Xəbərlər”də hazırlanır.

Bir dəfə həyətdə rastlaşdıq. Fikirləşdim ki, indi də məndən yapışacaq ki, “o nə idi dünən efirə verdiniz. Ayıb deyil. Tarakanın bədəninə Əbülfəz Elçibəyin başını yapışdırmısınız”. Amma

- Mahir, Bu Heydər Əliyev dəhşət adamdır e...

- Nə mənada?

- Mahir, sən çoxun bilmirsən e... amma mən bilirəm. Daxildən təzyiq, 1 milyon qaçqın. Rusiya bir söz deyir, Amerika bir söz, Fransa, İngiltərə, beynəlxalq təşkilatlar da öz yerində. Hərəsiylə də öz dilində danışır, siyasi gedişlər edir, aldadır, bicliklər işlədir. Vaxt udur. Vallah, odur bu boyda təzyiqə dözən. Başqası olsaydı çoxdan qoyub qaçmışdı. Böyük siyasətçidir.

Qulaqlarıma inanmırdım. Qəzetdə, çıxışlarında hakimiyyəti qamçılayan biri etiraf edirdimi? Yox, məncə bu qiymət idi. Heydər Əliyevə verilən layiqli qiymət.

“Qaynana prospekti”

Ayaz Mütəllibovun hakimiyyəti dövrü idi. Maştağa Bakının ən böyük kəndlərindən sayılmaqla yanaşı, həm də prezidentin qohumları bu kənddən idi. Sabunçu dairəsindən Maştağa istiqamətinə yolun yenidənqurulmasına başlanılmışdı. İşlər də sürətlə gedirdi. Günlərin bir günü isə işlər dayandırıldı. Atam, İsmayıl Şıxlı, Bayram Bayramov birlikdə söhbət edirdi. Birdən İsmayıl  əmi:

- Bu camaat da qəribə adamdır e. Qoy, yol çəkilsin qurtarsın. Sonra nə ad qoyursunuz qoyun da.

- Nə olub axı, İsmayıl müəllim?

- Nə olacaq. Ayaz Maştağaya qəşəng yol çəkdirir. İşin ortasında yola ad qoyublar- “Qaynana prospekti”. O da əsəbləşib. İşləri dayandırıb.

Ümumiyyətlə Maştağalılar Ayaz Mütəllibovu çox istəyirdilər. Xüsusi simpatiyaları var idi. Qonşuluqdakı bir ticarət köşkünün sahibi də o kənddən idi. Artıq hakimiyyətə Heydər Əliyev gəlmişdi. Amma həmin ticarətçi Ayaz Mütəllibovu yadından çıxmırdı. Bircə sözü vardı. Tez-tez təkrar edirdi: “Əyaz krasavçik idi”. Günlərin bir günü bu belə deyəndə mən də kontr sual verdim:

- Bəs Heydər Əliyev?

Əvvəlcə duruxdu. Sonra özünü yığışdırdı. Sifətinə ciddi görkəm verdi. Cavabı isə mənə ləzzət elədi:

- Boba da bobadu yaaaaa.

“Bu gün  idman vaxti deyil”

Siyasi proseslər sürətlə davam edirdi. Artıq siyasi səhnədə yeni bir ad da tez-tez səslənməyə başlamışdı. Millət vəkili, ən başlıcası isə Milli Olimpiya Komitəsinin prezidenti kimi. İlham Əliyevi  çox haqlı olaraq idmanımızın hamisi də adlandırırdılar. O vaxtın atam Qabil kimi vətənpərvərlərin beyninə nədənsə bu idman məsələsi çox da batmırdı. Onlar üçün əsas Qarabağ məsələsinin həlli idi. Hətta günlərin bir günü 5 yazıçı Bəxtiyar Vahabzadə, Qabil, Hüseyn Abbaszadə, Anar, Fikrət Qoca bir araya gələrək, heç kimin gözləmədiyi halda Prezident Heydər Əliyevə müraciət-məktub da ünvanlamışdılar. Əsas mahiyyət o idi ki, Qarabağ məsələsi niyə həll olunmur?

Qayıdaq idmana. Atam da idmanı bu məqamda artıq, lazımsız bir şey sayırdı. Amma bunu dilə gətirmək hardasa siyasi cəhətdən düzgün alınmazdı. O vaxt, lap indinin özündə də “siyasi səhv” kimi qiymətləndirilərdi.

20 yanvar faciəsinin  ildönümü idi. Şəhidlər Xiyabanından canlı yayım gedirdi. ANS də canlı yayıma qoşulmuşdu. Biz də iş başındaydıq. Prezident Heydər Əliyevin ziyarət edib getməyin gözləyirdik ki, müsahibələrə başlayaq. Birdən televizordan atamın səsi gəldi. Özü də ANS-in verdiyi canlı yayımdan. Şeir oxuyurdu.

Bu gün rəqib qapısına
Top ötürmək vaxtı deyil.
Bu gün futbol hünərində
Xal götürmək vaxtı deyil.
O - sonranın söhbətidir,
İdman - dinclik ləzzətidir.
Od içində yanır torpaq,
Vətən ayrı hünər istər.
Haydı, cəbhələrdə qoşaq,
Hər idmançı şanlı əsgər.
Hər idmançı bir düşməni
Bəbəyindən nişan alsın.
Hər idmançı bir düşməni
Ürəyindən nişan alsın.
Yarışda yox,
Döyüşdə qoy zəfər çalsın.

Bu gün düşmən həmləsinə
Sinə gərmək məqamıdır.
Ana-bacı harayına
Cavab vermək məqamıdır,
Bükülməz qol,
Enli kürək məqamıdır.
Qorxaqlara, sısqalara, zəiflərə,
Öndə örnək məqamıdır.
Tirdə nişan vaxtı deyil,
Bu gün idman vaxtı deyil.

Bu gün idman sarayına
Axıb gəlmək vaxtı deyil.
Xalça üstdə
Qalibə də, məğluba da
Nə rişxəndlə, nə fərəhlə
Baxıb gülmək vaxtı deyil.
Bu gün qurşaq vaxtı deyil,

Fit... dəm-dəsgah vaxtı deyil.
Bu gün döyüş meydanında
Qanlı zəfər çalmaq gərək!
Qundaqdakı şəhidlərin
Zülmlərə mə’ruzların,
Zillətlərə şahidlərin
Qisasını almaq gərək.

Bu gün yarış vaxtı deyil,
Bu gün görüş vaxtı deyil.
Bu gün cıdır vaxtı deyil,
Cıdır düzü gülər sənə.
Çək atının cilovunu
Acı tənə gələr sənə.
Bir ağacçın
Dözməyirdik Topxanaya.
Bu gün idman vaxtı deyil,
Şuşam dönüb viranaya.
Evlər yanır xana-xana.
Tamaşa qıl bu idmana.
Uclarında işıq yanan
Qılıncları qoyun qına!
O cür qılınc oynatmağın
Vaxtı deyil - idman deyə.
Gəlin, əsil qılınc çəkin
Yurdumuza qan salana.
Bir meşinə kaman çəkib
Ox atmayın - idman deyə.

Bu gün şahmat taxtasından
Götür şahı, götür matı!
Döyüşlərdə uduzmayaq
Biz bu saat bu şahmatı!
Bu gün beynim qələbələr
Fəndi üçün yansın gərək.
Yerlə-yeksan
Hər şəhərim kəndim üçün
Yansın gərək!

Qından çıxan qılınc kimi
Avarlar da çıxsın sudan.
Avarçı da xilas etsin
Yurdu qanlı bu qurğudan.
Yelkənlərin qanadında
Süzüb axmaq vaxtı deyil
Azarkeşlik yeri deyil,
Keyfə baxmaq vaxtı deyil.

Ağırlığı qaldıranlar
Gücənməsin bu gün nahaq.
Bu gün mənə lazım deyil
Yeddi batman daş oynatmaq.
Bu gün namus-qeyrət yükü
Yükdü qardaş!
Bu ağır yük
Belimizi bükdü, qardaş!

Bu gün qaçmaq vaxtı deyil,
Bu gün uçmaq vaxtı deyil.
Bu gün finiş ayrı finiş -
Bu gün gərək ayrı yarış -
Azərbaycan əsgərinə
Ayrı yeriş, ayrı yürüş.
Bu gün bilyard ağacları
Raket olsun, qrad olsun.
Düşmənləri şar-şar vurub
Tora salan qoy şad olsun.
Yurd-yuvamı dağıdanın
Yurd-yuvası bərbad olsun!
Qarabağın dağı-düzü
Dığalardan azad olsun!
Bulaqların büllur gözü
Qoy durulsun, şəffaf olsun.
Tunc bədənli övladlarım
Zər qədirli sərraf olsun!
Onda idman halal bizə!
Hər xal bizə, halal bizə.

Təsəvvür edin də… Azərbaycan olimpiadadan 2 qızıl, 1 bürünc medalla qayıdıb. Başqa idman zəfərləri öz yerində. Olimpiya mərkəzləri tikilir. Yeni, gələcək lider imicinin formalaşdığı bir vaxtda , Şəhidlər xiyabanında belə bir şeiri oxumaq, özü də 17 iyun 1992-ci ildə yazılmış, uşaqlıq və məktəb yoldaşı, məşhur idman ustası Miri Vahabova həsr etdiyi bir şeiri oxumaq siyasi baxış bucağından necə qəbul oluna bilərdi?

İşdən sonra evə getdim Üstüörtülü  münasibət bildirdim ki, “Heç o şerin yeriydi?”. Atamın cavabı qısa oldu:
- Əcəb elədim.
- Birdən nə oldu axı ki, bunu oxudun? Şəhidlərə həsr etdiyin “Mərsiyə”n var. Onu oxuyaydın da…
- Qənirə Paşayeva yaxınlaşdı ANS-dən ki, müsahibə ver. İstəmədim. O da əl çəkmədi. Mən də dedim ki, bir şərtlə müsahibə verərəm. Bir şeirim var onu oxuyacağam. O da razılaşdı. Sözümün üstündə də dururam. Bu gün idman vaxtı deyil.

70 yaşında adamı fikrindən döndərmək çətin məsələydi. O ki qalsın Qabili. Buna heç cəhd də etmirdim. Hardasa onun bu fikriylə mən də razıydım.  Bu şeir azmış kimi mənim kimi irad tutanlara bir növ cavab olaraq beş misralıq “İdman” şeri də yazdı:

İdman çox qədim bir oyun.
Bunu anlamayan – qoyun.
Ancaq… ancaq, ancaq, ancaq –
İşğal altındasa torpaq,
İdman hay-həşiri nahaq…

AZƏRBAYCAN – FRANSA 0 : 10

Bir polis polkovniki vardı – Nazim Nağıyev. Köhnə Əliyevçi idi. Səbail rayon Polis İdarəsinin rəisi təyin etmişdilər onu. Həftənin birinci günləri köhnə dillə desək, siyasi dərslər keçirirdi. Polislər himni oxuyurdular. Onlarla görüşə millət vəkilləri, ictimai-siyasi xadimlər dəvət olunurdu. “Xəbərlər” də lentə alırdı. Növbəti belə görüşlərdən birini mən işıqlandırmalı oldum. Məruzəçi isə millət vəkili, professor Səməd Seyidov idi. O çıxışında idman məqamına da toxundu. İndiki vəziyyətdə, Azərbaycanın yürütdüyü siyasətdə idmanın rolunu qeyd etdi. Bircə misal çəkdi. Və bu misalı gəlib atama da danışdım. Səməd müəllimin dediyindən yadımda qalanlar:

“Deputat dostumla Nyu-Yorkda bir beynəlxalq tədbirdəydik. Taksiyə oturduq ki, otelə gedək. Sürücü yekəpər bir zənci idi. Bizim başqa dildə danışdığımızı, qonaq olduğumuzu görüb haradan gəldiyimizi soruşdu. Biz də cavab verdik ki, Azərbaycandanıq. O da həyəcanla “Azöbaycan yes Azöbaycan” deyə, çox həyəcanla reaksiya verdi. Bizə də qəribə gəldi ki, bu neqr, özü də sürücü  bizi, müstəqilliyini yeni qazanmış Azərbaycanı  haradan tanıdı. Sual verdik. Cavab isə belə oldu. “Necə yəni hardan? Bu yaxında Azərbaycanın futbol üzrə milli yığması Fransaya 0-10 hesabıyla uduzmamışdı? Radioda deyirdilər. Ordan tanımışam”

Bu misal məni də yaman tutdu. Demə hətta 0-10 hesablı idman məğlubiyyəti belə, müstəqilliyini yenicə qazanan Azərbaycan üçün dolayısı yolla reklam imiş. Azərbaycanın ağır günündə, Qarabağ savaşının gündəmdə olduğu bir vaxtda olimpiadada bayrağın qaldırılması, himnin çalınmasının nə qədər böyük siyasi əhəmiyyət kəsb etdiyini məhz Səməd Seyidovun çıxışından sonra dərk etdim.

“Çünki Heydər Əliyevin oğludur”

Nəhayət 2003-cü il. Prezident seçkilərinə az qalırdı. İlham Əliyevin namizədlik məsələsi də bir-iki dəfə gündəmə gəlmişdi. Sonradan isə qeydə alındı. Həm Heydər Əliyev, həm də İlham Əliyev prezidentliyə namizəd idilər. Ata-oğul evdə hərdən siyasi polemika da aparırdıq.
- Papa, kimə səs verəcəksən?
- Heydər Əliyevə.
- Bəlkə İlham Əliyevə səs verəsən?
- Yox, Heydər Əliyevə.
- Mən isə İlham Əliyevə səs verəcəyəm.

Beləcə bir dəfə,iki dəfə, üç dəfə. Əl çəkmirdim. İstəyirdim desin ki, “İlham Əliyevə də səs verərəm. Amma  Heydər Əliyev olan yerdə…”. Söyləmrdi. “Heydər Əliyevə səs verəcəyəm” deyib durmuşdu. Üstəlik “Siz də ona səs verəcəksiniz” deyə bizə “təzyiq edirdi”. Mən isə “yox, İlham Əliyevə səs verəcəyəm” cavabı verirdim. Əsəbiləşirdi. Sanki elə bil seçki günüydü. Biz də seçki məntəqəsindəydik.

Üstündən bir müddət keçdi. Heydər Əliyev namizədliyini geri götürdü. Hamını İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırdı. Yenə də atama sual verdim:

- Papa, kimə səs verəcəksən?
- İlham Əliyevə.
- Bəs nə oldu? On gün ərzində fikrini dəyişdin?

Başqa cavablar gösləyirdim. Gözləyirdim  deyəcək ki, bəs Heydər Əliyev namizədliyini geri götürdü axı? Xalqa, o cümlədən ona səs verəcək insanlara müraciət ünvanlayaraq “Mən ona özümə inandığım qədər inanıram” dedi axı. Amma bunların heç birini  demədi. Bir cümləylə fikrini tamamladı. Daha dəqiq desək nöqtə qoydu.

“Çünki, Heydər Əliyevin oğludur”.

O gündən 10 il ötür. Hər dəfə mətbuat səhifələrindən “həyəcan dolu xəbərlər” oxuyanda atamın bu sözü yadıma düşür. Bəziləri şayiə dolu xəbərlərə inanıb mənə sual verəndə ki “Mahir, bu işlərin axırı necə olacaq?”. Deyirəm ki, “Yaxşı olacaq. Bilirsinizmi niyə? Çünki, Heydər Əliyevin oğludur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi