Modern.az saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə Prezident təqaüdünün verilməsi üçün onların adlarını ölkə rəhbərliyinə göndərəcək.
Hər il olduğu kimi, bu dəfə də TQDK Prezident təqaüdü almaq üçün Prezident Administrasiyasına hər qrup üzrə maksimal bal toplayan və Azərbaycan ali məktəblərində qeydiyatdan keçib, burada oxuyacaq ilk 25 nəfərin siyahısını təqdim edəcək.
Modern.az-a verilən məlumata görə, ali məktəblərə yüksək balla daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam sentyabrda – yeni dərs ili başlayanda imzalanacaq. Həmin tələbələrin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılacaq.
Xatırladaq ki, ötən il 102 tələbəyə prezident təqaüdü ayrılmışdı...
A.Qorxmaz