Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Ölkə başçısının digər sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.
Sərəncamda qeyd edilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın:
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Gəncə bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
1.2. Heydər Əliyev Mərkəzi;
1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
1.4. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
1.5. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
1.6. Azərbaycanda Atatürk Mərkəzi;
1.7. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
1.8. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;
1.9. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
1.10. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
1.11. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;
1.12. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
1.13. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
1.14. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
1.15. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində göstərilən təşkilatlarda və 2.1-ci bəndində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etsin;
2.3. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Modern.az