Milli Məclisin sabiq deputatı, hazırda Almaniyada mühacirətdə olan tanınmış bəstəkar Hüseyn Abdullayev bir müddət əvvəl “Susma” klipi ilə gündəmə gəlsə də, nədənsə son vaxtlar susmağa çalışır. Barəsində cinayət işi açılan eks-deputatın vəkili Akif Əlizadə də müvəkkilinin razılığı olmadan mətbuata açıqlama verməkdən boyun qaçırır.
Modern.az saytının əməkdaşı Hüseyn Abdullayevə qarşı açılan cinayət işinin hazırda nə yerdə olduğu ilə maraqlanıb. Vəkillə əlaqə saxlasaq da, o yeni məlumat olarsa, özü mətbuata yayımlayacağını bildirib.
Eks-deputat əməkdaşımıza son günlər başının qarışıq olduğunu, bütün zamanını anasının müalicəsinə həsr etdiyini deyib.
“Hal-hazırda anamın müalicəsi ilə məşğulam, heç bir məsələyə münasibət bildirmək istəməzdim”-deyə sabiq millət vəkili qeyd edib.
Xatırladaq ki, H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F.Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılmış və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi. Sonradan H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edildi, barəsində 2 il sınaq müddəti müəyyən olundu və o, məhkəmə zalından azadlığa buraxıldı.
İndi isə H.Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Abdullayev hazırda Almaniyadadır. Azərbaycanın hüquq-mühafizə orqanları bir müddət öncə eks-deputatı İnterpol vasitəsilə axtarışa verib.
Modern.az