Modern.az

Cəbrayıllıların Cəbrayıl Şəhəri Günündə TƏƏSSÜRATLARI

Cəbrayıllıların Cəbrayıl Şəhəri Günündə TƏƏSSÜRATLARI

Ölkə

4 Oktyabr 2023, 13:48

Bu gün Azərbaycanda ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.

 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

 

Hazırda Cəbrayıl rayonunda quruculuq-abadlıq işləri aparılır. 

 

Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Xüsusi Nümayəndəliyindən verilən məlumata görə, təsdiq edilmiş Baş Plana uyğun olaraq Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcək.Yaxın bir neçə il ərzində isə cəbrayıllılar öz doğma yurdlarına qayıdıb, həyatlarını orada davam etdirəcəklər.

 

Cəbrayıl Şəhəri Günü cəbrayıllılarda hansı təəssüratlar doğurub?

Modern.az saytının əməkdaşı bu sualla Cəbrayıl rayonunun müxtəlif nəsillərindən olan sakinlərinə müraciət edib.
 



78 yaşlı şair-publisist İsmayıl İmanzadə dağıdılmış Cəbrayıl üçün təəssüflənsə də, gələcəkdə daha yaxşı olacağına ümid edir:
 

“Allah Prezidentimizi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Nadir hallarda mənim üzüm gülər. Bü gün doğma yurd-yuvası üçün 30 il həsrət çəkən, bir gözü ilə ağlayıb bir gözü ilə gülən insan necə ola bilər? Şükür Allaha, cəbrayıllı olduğum üçün demirəm, bizim camaat qədəmləri sayalıdır. İlk zəfər xəbəri bizim bölgədən gəldi. Bu gün də demək olar ki, ərazi bütövlüyümüzə nəzarət tam təmin olunmaq üzrədir.
Aprel ayında Cəbrayılı ziyarət etdim. Vaxtilə bizim zəhmətkeş insanların Cəbrayılda qurub-yaratdığı yerlərdən nişanə qalmamışdı. Qəbirlərimiz salamat deyildi, hər yer dağıdılmışdı. Cəbrayılın simvolu, şəhərin mərkəzindəki Xan çinar deyilən ağac var idi, onu da kəsmişdilər.
Amma təbii ki dövlətimiz qüdrətlidir. Bizim işğaldan azad olunmuş rayonların hamısı - Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocalı və digər bölgələr əvvəlkindən də yaxşı olacaq. Amma xatirələrimizdəki Cəbrayılın nişanələri qalmayıb. Bütün bunlara rəğmən, çox sevinirəm, həmyerlilərimi təbrik edib, gözaydınlığı veririəm”.




Qarabağ qazisi Vaqif Əlisoy Cəbrayıla səfərindən, keçirdiyi hisslərdən danışıb və sonda göz yaşlarına hakim ola bilməyib:
 

“1990-cı illərin əvvəllərində Cəbrayılın özünümüdafiə qüvvələri keçmiş Hadrut rayonunun 14 kəndini düşməndən təmizləmişdi. Təəssüf ki, 1993-cü ildə Qarabağın digər bölgələri kimi bizim rayon da işğala məruz qaldı.
Cəbrayıl camaatı vətənə-torpağa bağlı insanlardı. Hər bir cəbaryıllı ötən 30 il ərzində doğma yurda qayıtmaq həsrəti ilə yaşayıb. İnsanların bəziləri bu və ya digər səbəblərdən dünyasını dəyişdi, şəhidlər verdik.
Bu gün artıq möhtəşəm qələbəmizə sevinirik.
2020-ci ilin 4 oktyabrında Cəbrayılda idim. Şəhərin yuxarı hissəsində döyüş gedirdi. Millət vəkili Aqil Abbas zəng etdi ki, hardasan? Əslində məlumat vermək olmazdı, amma dedim ki, Cəbrayıl şəhəri bizdədi, o, hönkürtü ilə ağladı. Mən Cəbrayılın geri alınmasına canlı şahid oldum. Xoşbəxtəm ki, o gün Cəbrayılda idim. İnandırım ki, çox möhtəşəm hisslər keçirdim. Cəbrayıl alınandan sonra artıq qəti əminliyim yarandı ki, ordumuzun qarşısını  heç bir qüvvə ala bilməz.

Xalqımızı, Cəbrayıl camaatını bu gün münasibətilə  təbrik edirəm. Bu qələbəyə görə Ali Baş Komandana təşəkkür edirəm. İndi artıq ürəklə deyə bilərik ki, Qarabağ Azərbaycandır! 
Xankəndiyə nəzarət etməklə ərazi bütövlüyümüz bərpa olunub. 

Bu yolda şəhid olanların ruhu qarşısında Azərbaycan ziyalısı, ağsaqqal, I Qarabağ müharibəsinin qazisi kimi  baş əyirəm. Yaralı qazilərimizə şəfalar diləyirəm. Qələbəmiz münasibətilə, Cəbrayıl günü münasibətilə cəbrayıllıları təbrik edirəm. Mən bu gün Şəhidlər xiyabanını ziyarət  edəcəm. Uca səslə deyəcəm ki, rahat yatın əziz şəhidlər, Qarabağ Azərbaycandır!". 
 



Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Şəhər Gününü doğma yurdda qarşılayıb.

Millət vəkili sosial şəbəkədə Cəbrayıldan video paylaşaraq, şəhər mərkəzindəki hazırkı vəziyyətdən bəhs edib və sevincini saytımızla bölüşüb:

“İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər.

Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi. Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq, fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi, “Laçın dəhlizi” Azərbaycanın nəzarətinə götürüldü.

1993-cü ildən bəri ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcəkdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Cəbrayıllılar Prezident İlham Əliyevin Cəbrayıla səfər zamanı onun ictimaiyyət nümayəndələri ilə görüşünü yaxşı xatırlayırlar. Səfər çərçivəsində Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bundan başqa Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulub. Sentyabrın 28-də cənab prezident Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu, “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi.

Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".
 


Jurnalist Səfurə Çərkəzqızı 4 oktyabr Cəbrayıl Şəhəri Gününün sevincini bu sözlərlə ifadə edib:

“Gözəl yurdum - Cəbrayılım, sən azadsan! Azadlığın mübarək!

Qanı torpağı Vətən edən, tarixi şərəfləndirən oğullar, haqqınız ödənməz!

Ali Baş Komandan, var olun! Zaman gücünüzə güc qatsın, düşmənləri bircə-bircə məhv edin!”.




Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının tələbəsi Nurcan Qafarlı heç vaxt üzünü görmədiyi Cəbrayıla getməyi arzulayır:

“Cəbrayıl rayonunda doğulmasam da, qeydiyyatım Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinədir. Ağlım kəsəndən valideynlərimi Cəbrayıl haqda danışan görmüşəm. Atam, anam, babam, nənəm həmişə Cəbrayılla bağlı kədərlə danışar, doğulduqları torpağın nisgilini çəkərdilər. Onlar danışdıqca, mən də qəribə hisslər keçirir, o yerləri görmək eşqi ilə yaşayırdım. Şükür Allaha ki, bu nisgilə son qoyuldu. Qarabağda qələbəmizi təmin etdik. Ali Baş Komandanımıza, Ordumuza sonsuz minnətdaram! Şəhid və qazilərimizin isə haqqı heç vaxt ödənməz.
İndi arzum heç vaxt üzünü görmədiyim, torpağında gəzmədiyim, suyunu içmədiyim, havasını qoxlamadığım rayonumuza getmək, doyunca gəzib-dolaşmaqdır. Bu ziyarəti valideynlərimlə birgə edəcəyimə inanıram. Bütün həmyerlilərimizi 4 oktyabr Cəbrayıl Şəhəri Günü münasibətilə təbrik edirəm!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri