Modern.az

Köhnə saatımı düzəldin, yenisinə pul xərcləməyək... - Xoşbəxt Yusifzadənin əziz xatirəsinə

Köhnə saatımı düzəldin, yenisinə pul xərcləməyək... - Xoşbəxt Yusifzadənin əziz xatirəsinə

Ölkə

4 Oktyabr 2023, 17:12

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünən dünyasını dəyişib. 93 yaşında vəfat edən neftçi-alim I Fəxri Xiyabanda dəfn edilib.

 

Xoşbəxt Yusifzadə 14 yanvar 1930-cu ildə anadan olub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini bitirib. 1987-ci ildə geologiya-mineralogiya elmləri doktoru  dərəcəsinə yiyələnib. X.Yusifzadə 1992 – 1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, 1994 – 2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004 – 2016-cı illərdə Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,  2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti idi.

 

Milli Məclisin deputatı Aydın Hüseynov Modern.az-a açıqlamasında Xoşbəxt Yusifzadənin xalqımız üçün xidmətlərindən danışıb.

 

“Xoşbəxt Yusifzadənin Azərbaycan xalqı üçün xidmətləri çox böyükdür. Xüsusilə Azərbaycan neftinin dünya şöhrəti qazanmasında, kadr potensialının yetişməsində, eləcə də, Azəri-Günəşli-Çıraq yataqlarının kəşf edilməsində çox böyük xidmətləri olub. Demək olar ki, Azərbaycanın neft sənayesi Xoşbəxt Yusifzadənin səyləri nəticəsində böyük inkişaf yolu keçib.

 

Neft sənayesində, ölkə iqtisadiyyatında  böyük xidmətləri ilə yanaşı həm də,  böyük ziyalı, ağsaqqal, səmimi insan idi. Onun səmimiyyəti, Azərbaycan cəmiyyətində özünü təsdiq etməsi bir faktdır. Eyni zamanda biz onun çıxışlarına qulaq asıb, tədbirlərdə onu dinləyirdik. Onun neft sənayesini rəqəmlərlə təhlil etməsi hər birimizdə maraq doğururdu. Çox xoş əhvallı insan idi, hansı məclisdə olurdusa oraya xoş əhval-ruhiyyə gətirirdi. Digər tərəfdən Ulu Öndərimizlə birgə fəaliyyət göstərmişdi. O da Xoşbəxt Yusifzadənin fəaliyyətinə böyük qiymət veriridi.

 

Xoşbəxt Yusifzadənin nurlu xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin”.

 

İqtisadçı Eldəniz Əmirov da onunla bağlı yaddaşına iz qoyan xatirəsindən söz açıb.

 

“Hərbi xidmətdən sonra əmək fəaliyyətimə SOCAR-da başlamışdım. 2004-2005-ci illər olardı. İşlə bağlı Xoşbəxt müəllimlə hərdən görüşürdük. Bir dəfə mənə otağındakı saatı göstərib dedi ki, “a bala, bu işləmir, ustaya göstərə bilərsən?” Saata baxdım. Köhnə adi bir saat idi. Dedim, Xoşbəxt müəllim, əlbəttə göstərərəm. Amma indi stolüstü elə gözəl saatlar var ki, tapşırsanız gətirib yenisini qoyarlar. Dedi, “yox bala, lazım deyil. Gül kimi saatdır, bir şeyi ki düzəltdirə bilirik, neynirəm yenisini?! Bir də ki, hər şeyə pul xərcləməzlər”.

 

Düzü, bilmədim nə deyim. BTC işə düşmüşdü. SOCAR-ın gəlirləri ildən ilə artırdı. Onun vitse-prezidenti isə deyirdi ki, köhnə saatımı düzəldin, yenisinə pul xərcləməyək. Allah Sizə rəhmət eləsin, Xoşbəxt müəllim”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri