Modern.az

Azərbaycan hərbi doktrinasını dəyişir? - Qarabağ məsələsi həll olunub, ancaq...

Azərbaycan hərbi doktrinasını dəyişir? - Qarabağ məsələsi həll olunub, ancaq...

Ölkə

17 Oktyabr 2023, 10:38

Oktyabrın 15-də Azərbaycan xalqı tarixi günə şahidlik etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə, Xocalıda, eləcə də Əsgəranda ucaltdı. Prezidentin bu addımı heç şübhəsiz tarixin qızıl səhifələrinə yazılacaq. 

 

Bu, Qarabağ məsələsinin tamamilə başa çatmasını rəsmən göstərir. Buna baxmayaraq, Azərbaycana qarşı təhdidlər davam etməkdədir. Buna görə, Azərbaycanın hazırkı hərbi doktrinasının dəyişib-dəyişməməsi gündəmə gətirilib.

 

Azərbaycan Respublikasının Hərbi Doktrinası 2010-cu ildə qəbul edilib. Hərbi Doktrina dövlətin vacib atributlarından biri sayılır. Bəzən onu ikinci və ya hərbi konstitusiya da adlandırırlar. Hərbi doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitini və milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amilləri təhlil edir.

 

Doktrinada Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərindən də bəhs edilir. Artıq Azərbaycan ordusu işğala son qoduğu üçün bəzi ekspertlər doktrinanın dəyişməsininin vaxtının çatdığını düçünür. Üstəlik, beynəlxalq təhlükəsizlik mühiti də tamamilə fərqlidir, təhdidlər, təhdid yaradan aktorlar doktrinanın qəbul edilməsindən bu yana xeyli dəyişib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev hərbi doktrinanın dəyişilməsindən danışmağın tez olduğunu bildirib:

 

“Bizim hərbi doktrinamızda ehtimal olunan düşmən kimi Ermənistan göstərilib. Ermənistan da hələki Azərbaycana qarşı fəaliyyətlərinə tam son verməyib. Ən azından 8 kəndimiz işğal altındadır. Ermənistan sülh sazişini imzalamaqda o qədər də maraqlı görünmür. Sərhədlərin delimitasiyası başlamayıb. Digər tərəfdən  Ermənistan Zəngəzur dəhlizi ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməyib. Verilən qərarlar praktikada özünü göstərmir. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını sözlə ifadə edir. Hələ ki öz imzası ilə müşaiyyət olunmur. 8 kəndimizdən erməni əsgərlərin geri çəkilməsi  ilə bağlı əmr verməyən Paşinyanın sülh sazişi və ərazi bütövlüyünü tanıması ilə bağlı fikirləri səmimi deyil. Hələlik hərbi doktrinada dəyişiklik edilməsinə ehtiyac yoxdur. Çünki regiondakı hərbi siyasi vəziyyət Azərbaycanın  xeyrinə dəyişsədə, Ermənistan təhdid kimi qalmaqdadır”.

Ekspert bundan sonra Azərbaycanın qüvvələrini Ermənistan və Azərbaycan şərti sərhədlərinin mühafizəsinə yönləndirəcəyini qeyd edib:

 

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Xankəndi də daxil olmaqla 6 yaşayış məntəqəsində bayrağının qaldırılması tarixi bir qələbədir. Vətən müharibəsindən sonra əldə etdiyimiz  ən böyük nailiyyətdir. İlk növbədə erməni silahlılardan ərazilərin təmizənməsi, Rusiya sülhməramlılarının perimetr boyunca yerləşən qüvvələrimizin böyük əksəriyyəti Azərbaycan-Ermənistan sərhədinin müdafiə və mühafizəsi üçün yönləndirməyə imkan verəcək. Bu da kifayət qədər böyük ehtiyatlar deməkdir. Həmin perimetr boyunca 400 kilometr qoyulması  üçün kifayət qədər böyük qüvvələr sərf edilib. Onların vəzifəsi tamamilə  həll olunub. Bundan sonra Azərbaycan qüvvələrini Ermənistan-Azərbaycan şərti sərhədinin təhlükəsizliyinə yönəldəcək. Ordunun Türkiyə  modelinə çevrilməsi, komandalarının sayının artırılması, qoşunlaın təlim və təchizatının artırılması, hərbi xərclərin artırılması gözləniləndir”.

 

Hərbi ekspert Elxan Şıxəliyev Ermənistanın minillik xülyalarından hələ əl çəkməyəcəyini vurğulayıb:

 

“Bu günlərdə Xankəndində Azərbaycan bayrağının sancılması Ermənistanın “Miatsum” və “dənizdən dənizə böyük Ermənistan” idealarının bizim ərazilərimizdə  sonlandırılması anlamına gəlir. Lakin bu, o demək deyil ki, Ermənistan minillik xülyalarından əl çəkəcək. Azərbaycan Silahlı Qüvvələrinin 21-ci əsrin Ordusu halına gətirilməsi, xüsusən də, cənab Ali Baş Komandanın strateji vizyonu ilə yaradılan reallıq qalibiyyətimizi şərtləndirdi. Ermənilər “Miatsum”  xəstəliyini həm Azərbaycan, həm də Türkiyə üzərində davam etdirməyə çalışacaqlar.Öz əməllərindən əl çəkməyəcəklər. Ordularını indiki zaman üçün yox, növbəti mərhələ üçün hazırlayacaqlar. Bu o deməkdir ki, Ermənistan onları cəsarətləndirən və dəstəkləyənlərdən istifadə edərək, öz hərbi gücünü artırmağa çalışacaq”.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusunu gücləndirməyə davam edəcək:

 

“Ermənistan ordusunu nə qədər gücləndirməyə çalışsada, Azərbaycan da hələ təhdid və təhlükələrin bitmədiyini nəzərə alaraq,  Ordusunu indikindən daha yeni model və səviyyəyə  çıxartmaq məcburiyyətində qalacaq. Ermənistandan çox ermənilik etmək istəyən qüvvələrin mövcudluğu səbəbindən təhlükəsizlik konsepsiyamız və müdafiə doktrinamızı artırmaq üçün 5-ci-6-cı nəsil texnologiyalarla dəstəklənən təminatlarımız olmalıdır. PUA-lar, artileriya  vasitələri, hava hücumundan müdafiə sistemləri lazım gələcək. Düşünürəm ki, Azərbaycan bununla arxayınlaşmayacaq. Mövcud təhdid və təhlükələrə qarşı silahlı qüvvələrmiz önümüzdəki illərdə də  döyüş hazırlığında olacaq.Silahlı qüvvələrin ən yüksək  səviyyəyə çatdırılması üzrə işlər davam edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu