Oktyabrın 7-də səhər saatlarında HƏMAS silahlı qruplaşmasının İsrail ərazilərinə hücumu ilə başlayan toqquşma 12 gündür davam edir. Son məlumatlara görə, bu müddət ərzində İsraildə 1,4 min, Qəzza zolağında ölənlərin sayı 3 mini keçib.
HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.
İsraildə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı Modern.az-a danışan Dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib ki, ölkədə vəziyyət gərgin olaraq qalır:
“Mən hazırda paytaxt şəhərdəyəm. Çox təəssüflər olsun ki, hazırda biz müharibə şəraitdə yaşayırıq. Elə gün yoxdur ki, başımızın üstündən raketlər keçməsin. Çox çətin bir vəziyyətdə sığınacaqlarda qalırıq. Bununla bərabər yahudi xalqı mübarizəsini aparır".
O vurğulayıb ki, İsraildəki azərbaycanlıların da vəziyyəti ağır olaraq qalır.
"Burada yaşayan soydaşlarımızın çoxu sığınacaqlarda qalırlar. Bizdə olan məlumata görə, soydaşlarımızdan bir nəfər terror təşkilatı tərəfindən əsir götürülüb. Səfirliyimiz bu barədə araşdırma aparır. Hələ tam məlumat yoxdur, qeyd olunur ki, Gürcüstan, Azərbaycan, Moldova, İngiltərə vətəndaşlarından girovlar var. Təəssüf ki, həlak olanlarımız var. Altı gün əvvəl bir azərbaycanlını biz burada dəfn etdik. Həmin uşaq atasının ölüm ildönümündə həlak oldu. Biz Azərbaycanda 30 il əvvəl gördüklərimizi burada yenidən yaşayırıq. Hər şey yenidən bizim üçün yaşanır. Amma buna baxmayaraq qayıdan azərbaycanlılar çox azdır. Burada yaşayanlar bildirirlər ki, lazım olarsa, İsraili müdafiə etməyə hazırdırlar. Hətta orduya qoşulmaq istəyənlər də var”, - Şmuel Simantov qeyd edib.