İnsan orqanlarının qanunsuz transplantasiyasında şübhəli bilinən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcidli yayılan məlumatlara aydınlıq gətirib. Elnur Məcidlinin Modern.az-a verdiyi məlumata görə, bu addımlar seçki dövrünə hesablanıb və seçkilər ərəfəsində Elşad Abdullayevdən gələ biləcək hər hansı videozərbəyə qarşı önləyici tədbir məqsədi daşıyır.
“Elşad Abdullayevin Fransada “Maqnitski aktı”na bənzər prosesə başlaması və bununla bağlı müxtəlif dövlət orqanlarına sorğuların göndərilmə ehtimalı da orqan transplantasiya məsələsini əks-dəlili kimi ortaya çıxmasına səbəb ola bilər. Təbii ki, hadisələrin bu formada cərəyan etməsi bir sıra rəsmi şəxslərin narahatçılığına səbəb olur. Bildiyiniz kimi, Elşad Abdullayev Fransada artıq siyasi sığınacaq alıb, daimi yaşayış hüququ əldə edib. Növbəti aylardan etibarən Elşad Abdullayev müəyyən kurslardan sonra Paris universitetlərindən birində işləyə bilər, həmçinin Fransada yeni universitet qurulması layihəsi də müzakirə olunmaqdadır”.
E.Məcidli Elşad Abdullayevin qanunsuz orqan transplantasiyasında təqsirləndirilməsi ilə bağlı Modern.az-a eksklüziv sənədlər göndərib.
“Sizə iki eksluziv sənəd göndərirəm. Hər ikisi təsisçi müqaviləsidir. ABU Tibb Mərkəzinin sahibi Elşad Abdullayevdir, lakin o bu mərkəzin tibb qurumu kimi işlədilməsiylə bağlı baş həkim Dilarə İsmayılova ilə müqavilə bağlayıb. Sizə göndərdiyim hər iki təsisçi müqaviləsində də göstərilir ki, bütün fəaliyyət qanun içində olmalıdır, qanundan kənar hər hansı fəaliyyətə görə Dilarə İsmayılova məsuliyyət daşıyır. Hüquqi qiymət verəsi olsaq, Elşad Abdullayev, müqavilədən göründüyü kimi, bir növ icarədardır, tibb mərkəzinin bütün fəaliyyətindən məsuliyyəti Dilarə İsmayılova daşıyır. Əgər burada hər hansı qanundan kənar fəaliyyət olubsa, bunun məsuliyyətini Dilarə İsmayılova daşıyır, ilk növbədə o, məsuliyyətə cəlb olunmalıdır. Lakin bu baş verməyib, əksinə o, başqa bir klinikada baş həkim olaraq işləyir”.
Modern.az