Modern.az

Azərbaycanda bu il referendum keçirilməyəcək!

Azərbaycanda bu il referendum keçirilməyəcək!

Ölkə

25 Oktyabr 2023, 10:13

Bir neçə aydır yerli mətbuatda Azərbaycan hakimiyyətinin referendum hazırlıqları barədə xəbərlər dolaşır. İddialara görə, 2023-cü ildə keçirilməsi planlaşdırılan referendumda Azərbaycan konstitusiyasına bir sıra dəyişikliklər ediləcək. Belə ki, parlamentdə deputatların sayının artırılması, seçki sisteminin dəyişdirilməsi, Nazirlər Kabinetinin və bələddiyyələrin səlahiyyətlərinin artırılması, icra hakimiyyətlərinin ləğv edilməsi gündəmdədir.

 

Qeyd edək ki, Azərbaycan ordusunun 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirlərindən sonra referendum barədə müzakirələr daha da qızışıb.

 

Modern.az referendumla bağlı qanunverciyiliyi araşdırıb.

 

Azərbaycanda Konstitusiyanın qəbul edilməsi və ona dəyişikliklər edilməsi yalnız referendumla mümkündür. Bu ana yasanın özündə təsbit edilib. Konstitusiyaya dəyişikliklər təklifi Azərbaycan Prezidenti və Milli Məclisi tərəfindən irəli sürülür. Ölkəmizdə 1995, 2002, 2009 və 2016-cı illərdə konstitusiya ilə bağlı referendumlar keçirilib.

 

Seçki Məcəlləsinə görə, referendumun təyin edilməsi haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir. Bundan əvvəl isə referendumun keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınmalıdır. Məhkəmənin qərarından sonra Mərkəzi Seçki Komissiyası 60 gün sonraya referendum təyin edir.

 

Qanunvericiliyə əsasən belə qənaətə gəlmək mümkündür ki, referendumun təyin edilməsi üçün 60 gündən çox vaxt lazımdır. Müqayisə üçün qeyd edək ki, 2009-cu ilin mart ayında keçirilən referendum barədə qərar Milli Məclis tərəfindən 90 gün əvvəl Konstitusiya Məhkəməsinə göndərilib. 26 sentyabr 2016-cı ildə keçirilən referendumun layihəsi isə həmin gündən 70 gün əvvəl dərc edilib.

 

2023-cü ilin bitməsinə 60 gündən bir qədər az müddət qalıb, buna əsasən deyə bilərik ki, Azərbaycanda keçirilməsi ehtimal olunan referendum bu il keçirilməyəcək.

 

Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 dəfə çoxdur. Bir çoxları seçki xərclərinin 2.4% dəfə artırılmasını gələn il bir neçə seçkinin keçirilməsi kimi şərh edir. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda həm də bələdiyyə seçkiləri keçiriləcək.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama