Modern.az

Şəkər xəstəliyi ilə bağlı qorxunc proqnoz: Xərclər artırılmalıdır, əks təqdirdə...

Şəkər xəstəliyi ilə bağlı qorxunc proqnoz: Xərclər artırılmalıdır, əks təqdirdə...

Ölkə

31 Oktyabr 2023, 11:58

Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında şəkərli diabet də yer alır. Qanda şəkərin miqdarının çox olması ilə müşayiət olunan xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Bu vəziyyət ağız quruması, çəki itgisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla özünü büruzə verir.

 

Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qeydiyyatda olan şəkər xəstələrin sayı 320 mindən çoxdur. Bu rəqəm 2010-cu ildə 120 min təşkil edib. Belə çıxır ki, Azərbaycanda son 10 ildə şəkər xəstələrinin sayı 3 dəfəyə yaxın artıb.

 

Müxtəlif araşdırmalara görə, dünya ölkələrində də şəkərli diabet xəstələrinin sayı artır, ancaq artım sürəti Azərbaycandakı qədər deyil. Dünya Diabet Federasiyasının məlumatına görə, 2011-ci ildə Gürcüstanda hər 1000 adama 104 diabet xəstəsi düşürdüsə, bu rəqəm Azərbaycanda 167 idi. Amma 2021-ci ildə bu rəqəm Azərbaycanda 397.1, Gürcüstanda 190.6 təşkil edib.

 

Federasiyanın 2045-ci ilə olan təxminlərinə görə Azərbaycanda bu rəqəm 573-ə qalxacaq, amma Gürcüstanda 179.1 təşkil edəcək.

 

Dünya Diabet Federasiyasının təqdim etdiyi məlumata görə, Azərbaycan və Gürcüstan şəkərli diabetlə mübarizə üçün xərclədiyi vəsait çox cüzi fərqlənir. Əhalisi təxminən Azərbaycanla eyni olan İsraildə isə şəkərli diabetlə mübarizəyə ayrılan vəsait Azərbaycandan 2 dəfə çoxdur.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Modern.az-a açıqlamasında şəkərli diabetin sadə xəstəlik olmadığını deyib.

 

“Şəkərli diabet son dövrlərdə bütün dünyanın, xüsusilə inkişaf etməkdə olan ölkələrin ciddi problemidir. Çünki stresli həyat, idmandan uzaq həyat tərzi,  eləcədə də qida rasionların doğru seçilməməsi, qida tərkiblərinin zaman içərisində süniləşməsi şəkər xəstəliyinə meyilliliyi artırır. Zaman içərisində biz bu xəstliklərin fəsadları ilə qarşı-qarşıya qalırıq. Şəkər xəstəliyinin ən böyük fəsadları ürək-damar, qan dövranı sistemi xəstəlikləridir ki,  bunların başında infarktlar, sonra isə insultlar, böyrək xəstəlikləri gəlir, bu xəstəliklər bəzən ayaq amputasiyalarına qədər gedir.

 

Bu fəsadlarla mübarizədə dövlətlər, eləcə də ölkəmizdə icbari tibbi sığorta kifayət qədər vəsait xərcləyir. Bu vəsaitlər ana xəstəliklə mübarizə effektiv şəkildə aparılmadığı müddətcə daha da artacaq. Ona görə birmənalı olaraq ana xəstəliklə mübarizə, yəni şəkər xəstəliyinin qarşısının alınması və ya vaxtında müalicəsinin düzgün şəkildə aparılması üçün lazım olunan proqramın maliyyə gücünün artırılması lazımdır.

 

Həm dünyada yeni dərmanların qiymətinin artması, yeni sinif dərmanların qiymətinin əvvəlkilərdən yüksək olması, eləcə də ölkəmizdə şəkər xəstələrinin son 10 ildə dəfələrlə artması səbəbindən büdcənin artırılmasına ehtiyac var. Əlbəttə ki, Milli Məclisdə də bu məsələ ilə bağlı büdcə görüşmələri zamanı fikirlərimizi bildirəcəyik”, - deputat vurğulayıb.

 

Rəşad Mahmudov xəstəliklə mübarizə üsullarından da danışıb.

 

“Şəkər xəstəliyi ilə mübarizəni effektiv şəkildə qura bilməsək, bunun gələcəkdə fəsadlarını görəcəyik, xərclər dəfələrlə artacaq. Bu, cəmiyyət və sağlam nəsillərin yetişməsinə çox da fayda vermir. Şəkər xəstəliyi qazanılmış xəstəlikdir və həyat tərzimizlə əlaqəli olduğu üçün Avropa ölkələrində dərman müalicəsi ilə birlikdə həyat tərzi dəyişdirilir. Qida rasionlarının düzəldilməsi, günlük aktiv həyatın normaya salınması, günlük həyatımızda qarşımıza çıxan stresin idarə olunması məharəti də bu xəstəliklərlə üzləşmə ehtimalımızı azaldır. Bununla bağlı kifayət qədər elmi təcrübə və elmi tədqiqatlar var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri