Modern.az saytı “Zənginliyə gedən yol” rubrikasından növbəti azərbaycanlı milyarderi təqdim edir. Rusiya əmlak bazarında ən önəmli rollardan birini oynayan Qod Nisanov.
Dağ yəhudisi olan Qod Nisanov digər azərbaycanlı milyarder Zarah İliyevin ən yaxın dostu və biznes ortağıdır. O, “Kiyev Meydanı” şirkətinin Direktorlar Şurasının sədri, tikinti sahəsinə ixtisaslaşan “Safra İnstruments” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir. Sovet meyarı ilə kifayət qədər imkanlı ailənin övladı olan Nisanov istedadı sayəsində bu sərvəti qat-qat artırıb.
Qod Semyonoviç Nisanov 1972-ci il aprelin 24-də Quba rayonunun “Qırmızı qəsəbə”sində anadan olub. Atası Semyon Nisanov Qubadakı ən böyük konserv zavodunun direktoru idi. Nisanovlar nəslinin əksər üzvləri bu zavodda çalışırdılar. Yeniyetmə yaşlarından başlayaraq Qod atasına zavodun idarəolunmasında köməklik göstərir. Tez-tez ezamiyyətlərdə olan Semyon Nisanov 3 min işçisi olan zavodun idarəsini oğluna etibar edir.
SSRİ-nin dağılması nəticəsində müəssisə xarici bazarlarla əlaqəsini itirir. Öz işini açmaq istəyən Nisanov dostu ilə birlikdə dükan sahibi olur. Dükanda müxtəlif paltarlar və texnika satılır. Avropa və Amerikada böyük icmaları olan dağ yəhudiləri Qırmızı qəsəbəyə müxtəlif məhsullar göndərir. Dövründə defisit olan məhsulları Qod Nisanov mağazasında Bakıdan gələn müştərilərə satır. Dükan yaxşı gəlir gətirsə də, Nisanov Moskvaya köçmək qərarına gəlir. Bundan öncə isə o, Bakıda maliyyə-kredit texnikumunu bitirir. Bir neçə dəfə tanışlıq məqsədilə şəhəri gəzən Nisanov köçmək qərarını qətiləşdirir. Atasının və dostlarının ilk vaxtlar üçün verdikləri pul hesabına Qod Nosanov biznes fəaliyyətinə başlayır.
Bu ilin fevralında “Forbes” jurnalına müsahibə verən Nisanov ilk qazancını necə qazandığını xatırlayıb. “Mən Dubaydan mal gətirməyə başladım. Ərəb və fars dillərini bildiyimə görə Rusiya ilə Dubay arasına hava uçuşları başladıqdan sonra ilk reyslə Dubaya getdim. Moskvada köynəklər 3 dollara satılırdı. Biləndəki Dubayda eynisinin qiyməti 75 sentdir, fəaliyyətə keçdim. Üstümdə 20 min dollar var idi. Atamın göndərdiyi pulla birlikdə 110 min dollarlıq mal aldım. Dostlarımla Moskvada malların topdan satışını təşkil etdik. 200 min dollar qazandıq. Bu 90-cı illərin əvvəlləri idi”.
Sonradan biznesini daha da genişləndirən Qod Nisanova əsas gəlir gətirən üç obyektin adını qeyd etmək olar. Bunlar “Avropa” və “Moskva” ticarət mərkəzləri və “Sadovod” bazarıdır. “Moskva” ticarət-yarmarka mərkəzi 2001-ci ildə Zarah İliyevlə Nisanovun birlikdə Lublino rayonunda fəaliyyətə verilib. 2006-cı ildə isə Kiyev vağzalı yaxınlığında “Avropa” ticarət mərkəzi istifadəyə verilib. Moskvada 2005-ci ildə keçirilən əmlak hərraclarında Zarah İliyev və Qod Nisanova məxsus “Biskvit” şirkəti satış çıxarılan “Ukrayna” mehmanxanasını 275 milyon dollara əldə edir. “Radisson Royal Hotel Moskow” adı 2010-cu ildə üç illik təmirdən sonra fəaliyyətə başlayan mehmanxana Moskva çayının yaxınlığında yerləşir. Mehmanxananın alınması ilə bağlı prosedurada İlham Rəhimov da iştirak edib. Rusiya prezidenti Vladimir Putinin tələbəlik yoldaşı olan İlham Rəhimov Rusiya prezidentin ailəvi dostudur. Rəhimov həm də Nisanov-İliyev cütlüyü ilə də dostluq və biznes ünsiyyətindədir. İliyevə və Nisanova məxsus bir çox obyektlərdə Rəhimov pay sahibidir. Qod Nisanov İlham Rəhimovla olan münasibətlərinə müsahibələrindən birində ətraflı toxunub. “Mən atam həyatda ən böyük müəllimimdir. Digər müəllimim isə İlham Rəhimov olub. Mən həmişə onun məsləhətlərinə qulaq asmışam və asacağam. Onun fikrini soruşmadan heç bir böyük işə başlamıram”.
Nisanov “Ukrayna” mehmanxanasının alınmasının da İlham Rəhimovun təklifi olduğunu bildirib. Qeyd etmək yerinə düşər ki, İlham Rəhimovun Moskvadakı ofisi uzun illər Qod Nisanova məxsus olan “Venesiya” restoranında yerləşirdi. Gələcək planlarından danışan Nisanov İliyevlə birlikdə böyük “delfinari” tikmək fikrində olduğunu bildirib. Bunun üçün artıq indidən o, 17 delfin satın alıb. Paralel olaraq Nisanov biznes ortaqları ilə birlikdə sahəsi 83 min kvadrat metr olacaq 5 ulduzlu “Four Season” otelinin inşasını planlaşdırır.
“Forbes” jurnalının reytinqinə əsasən 41 yaşlı Qod Nisanov 2013-cü ilin məlumatına görə, Rusiyada 3 milyard dollar sərvətlə 36-cı ən varlı şəxs hesab olunur.
Xatırladaq ki, eyni jurnalın 2009-cu il üzrə məlumatında Nisanovun 500 milyon dollarla 77-ci pillədə dururdu.
Beləliklə, Nisanov qısa müddət ərzində biznes imperiyasını və şəxsi vəsaitini 6 dəfə artıra bilib. Nəzərə alsaq ki, Zarah İliyevlə birlikdə sahib olduğu daşınmaz əmlak obyektlərinin icarəsindən ildə 1,1 milyard dollar gəlir əldə edir sərvətin sürətlə artmasında təəccüblü heç nə yoxdur.
3 uşaq atası olan Qod Nisanov mətbuatdan uzaq gəzir və çox nadir hallarda müsahibə verir.
Vüqar İsmayılov