Modern.az

Məhbuslar məzuniyyətə göndərilir - Azərbaycan bunu tətbiq edən azsaylı ölkələrdəndir

Məhbuslar məzuniyyətə göndərilir - Azərbaycan bunu tətbiq edən azsaylı ölkələrdəndir

27 Oktyabr 2023, 15:18

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun tapşırığı ilə cəzaçəkmə müəssisələrində çoxsaylı yeniliklər tətbiq olunub. Bu yaxınlarda Azərbaycanda bir neçə məhbusun məzuniyyətə buraxılması insanlar arasında maraqla qarşılanıb. Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar, müddət bitdikdən sonra cəzaçəkmə müəssisəsinə geri dönüblər.

 

Qanunvericiliyə görə, əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Cəzaların İcrası Məcəlləsinə əsasən, məntəqə tipli cəzaçəkmə müəssisələrində ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə həbs olunmuş məhkumlara yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliklərlə əlaqədar, yaxud məhkumlara və onların ailəsinə təbii fəlakətlər və digər fövqəladə hadisələr nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda yalnız ölkə daxilində 7 gün müddətinə qısamüddətli səfərə getməsinə icazə verilə bilər.

 

Hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrindəki bu yeniliyi necə dəyərləndirir? 

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məzuniyyət hüququnun tətbiqi prosesini yüksək qiymətləndirib:

 

"Məzuniyyət hüququnun tətbiq edilməsinin başlanmasını alqışlayıram. Doğrudur, indiyə kimi məhbusların cəzaçəkmə müəssisəsindən kənara səfərləri olub. Ancaq bu, məhkumun yaxın qohumlarının vəfatı, toyu, yaxud hansısa fövqəladə vəziyyətlə əlaqədar olub. Ancaq məzuniyyət adı ilə cəzaçəkmə müəssisəsindən kənara səfərlər olmamışdı. İndi qanunun bu normasının tətbiqi başlayıb. Penitisiar xidmətdə ciddi dəyişikliklər gedir. Cənab Prezident İlham Əliyev tərəfindən ədliyyə nazirinin müavini Mirsaleh Seyidov Penitisiar Xidmətin rəisi təyin olub. O, bütövlükdə bu sahənin bilicisi və peşəkardır. Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü olarkən Penitisiar Xidmətdə monitorinq apararkən bunun şahidi olmuşduq. Penitisiar Xidmətdə problemlərin nədən qaynaqlandığını və bu məsələlərin necə həll edilməsini daha yaxşı bilir. Həm də cənab Prezidentin və ədliyyə nazirinin göstərişləri var. Nəhayət ki, cəzaların icrası məcəlləsinin 89-cu maddəsinin 4-cü bəndi tətbiq olunmağa başladı".

Ə.Nuriyev bu hüququn hansı məhbuslara tətbiq edilməsindən danışıb:

 

"Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinin 4-cü bəndinə görə böyük ictimai təhlükə törətməyən, az ağır cinayət törətmiş, eyni zamanda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən və ehtiyyatsızlıqdan cinayət törətmiş şəxslərə münasibətdə 7 günlük məzuniyyət tətbiq oluna bilər. Yeri gəlmişkən bu gün Penitisiar Xidmət sahəsində bir çox başqa yeniliklər də var. Məsələn qida məsələsində yenilik olub. Bu gün artıq cəzaçəkmə müəssisələrindəki yeməkxanada məhkumlar daha həvəslə yemək yeyirlər. Bu yeməklərin evdəki yeməklərdən fərqi,demək olar ki, yoxdur. Məhkumların ətraf mühitlə əlaqəsindəki neqativ hallar aradan qaldırılıb. Görüşlər zamanı heç bir sövdələşmə olmur. Eləcə də Penitisiar Xidmətin qaynar xətti 24 saat fəaliyyət göstərir. İstənilən zaman məhkumların yaxınları, vəkilləri zəng edə, öz şikayətlərini bildirə bilərlər. Həmin müraciətlər rəhbərliyə çatdırılır. Rəhbərlik bu məsələlərə çevik reaksiya verir".

 

Ə.Nuriyev Azərbaycanın məhkumlara məzuniyyət hüququ verən azsaylı ölkələrdən olduğunu qeyd edib:

 

"Əlbəttə ki, bir sıra ölkələrdə məhkumlara məzuniyyət hüququ verilir. Qısa müddətli məzuniyyətlə bağlı praktika çox az ölkədə tətbiq olunur. Azərbaycan da o azsaylı ölkələrdəndir".

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da bu addımın çox böyük təşəbbüs olduğunu söyləyib:

 

"Belə gözəl təşəbbüsü dəstəkləyirik. Sağ olsunlar. İnsanlar ailələri ilə görüşür. Onların adaptasiyaları başlayır. Penitensiar Xidmətdə, doğrudan da, çox dəyişikliklər vardı. Qıraqdan bunu görməyə bilərlər. Lakin biz bu işin içində olduğumuz üçün hamısını görürük. Təzə təcridxanalar tikilir. Allah heç kəsi ora salmasın. Azadlıqdan məhrum edilmiş şəxslərin cəzaçəkmə müəssisələrində yaşaması çox vacibdir. Məsələn Penitensiar Xidmətin qadın və uşaq təcridxanaları tikirlir. Biz hər bir yeniliyi təqdirəlayiq hesab edirik. Hesab edirik ki, bundan yaxşı olacaq".

N.Cəfəroğlu belə halla yalnız Amerikada rastlaşdığını deyib:

 

"Mən 10 il qabaq Amerikadaydım. Bu zaman bizi həbsxanalara aparmışdılar. Burada belə şəxslərin bpyun və ya ayaqlarına cihaz bağlayırdılar. Bununla da onların harada olduqlarını bilirdilər". 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama