Təqdim edilmiş məlumatlara əsasən növbəti ildən başlayaraq pensiyaçıların sayının artım dinamikasına sahib olacağı proqnozlaşdırılır.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Belə ki, göstəricilərin təhlili göstərir ki, növbəti ilin əvvəlində pensiya ilə təmin ediləcək şəxslərin sayı cari ilin 01 iyul tarixinə müəyyən edilmiş göstəricidən 2,2 min nəfər çox olacaq.
Qeyd edək ki, 2023-cü ilin 01 iyul tarixinə tərtib edilmiş statistik hesabata əsasən pensiya ilə təmin edilmiş şəxslərin 57,5%-ni qadınlar təşkil edib. 2017-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən qadınların yaş həddinin hər ilin 01 iyul tarixindən 6 ay artırılmaqla 65 yaşa çatdırılması nəzərdə tutulur. Belə ki, bu dəyişiklik ilin birinci yarısı ilə müqayisədə ikinci yarısında daha az sayda qadına əmək pensiyanın təyin edilməsinə zəmin yaradır ki, bu da sonda ilin ikinci yarısında yeni pensiyaçı adını qazanmış şəxslərinin ümumi sayının birinci yarısında pensiya təyin edilmiş şəxslərə nəzərən azalması deməkdir.