Prezident İlham Əliyev ötən gün “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları” ilə bağlı fərman imzalayıb.
Qanuna əsasən, repatriantların repatriasiyası və reabilitasiyası üzrə tədbirlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qeyd edilən dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrup yaradılacaq.
Bəs bu qaydalar hansı ölkələrdəki uşaqlara şamil olunacaq? Ümumiyyətlə, belə uşaqlar necə müəyyən edilir?
Məsələ ilə bağlı Modern.az-a danışan miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov repatriasiya prosesinin dövlətlərarası imzalanmış readmissiya haqqında saziş çərçivəsində baş verdiyini bildirib:
"Azərbaycan Respublikasının bir çox ölkə ilə readmissiya ilə bağlı sazişi var. Readmissiya ilə bağlı sazişlər Avropa İttifaqına daxil olan ölkələri, bir sıra Skandinaviya dövlətlərini əhatə edir. Həmin readmissiya barədə sazişə görə başqa ölkədə qeyri-qanuni əsaslarla yaşamış şəxsin artıq buranın hüdudları çərçivəsində işləməsi mümkün olmaması və ölkəsinə qaytarılması məsələsi gündəmə gəlirsə, təbii ki, müəyyən prosedurlardan sonra həmin şəxsin öz ölkəsinə qaytarılması baş verir. Beynəlxalq praktikaya nəzər saldıqda readmissiyadan da kənar şəxsin öz ölkəsinə qaytarılması mümkündür. Fakt da göstərə bilərik. Məsələn İraqda və Suriyada ağır şəraitdə yaşayan vətəndaşlarımız olub. Ailə şəklində bu ölkələrə getmişdilər. Sonra uşaqların valideynlərinin hansısa hərbi birləşmələrin tərkibində iştirak etdiyi məlum olmuşdu və onların içərisində həbs olunanlar da vardı. Suriya, son illər xüsusən də İraqdan azyaşlı uşaqların geri qaytarılması baş verib. Buna artıq repatriasiya prosesi deyilir. Bu readmissiya sazişi çərçivəsində baş vermir".
A.Allahverənov uşaqların ölkəyə gətirildikdən sonra onlara göstərilən yardımlardan da danışıb:
"Təbii olaraq dövlətin müəyyən şəkildə üzərinə götürdüyü öhdəliklər var. Həmin uşaqlar ölkələrinə qayıtdıqdan sonra məktəblərə gedir, psixoloji yardım alırlar. Onlara lazımi tibbi yardımlar göstərilir. Həmin uşaqların yaxın qohumları varsa, onlara verilməsi prosesi həyata keçirilir. Bunlar qanunvericilikdə olan müddəalardı. Təcrübəmə əsasən deyə bilərəm ki, zamanında Almaniya və digər ölkələrdən müxtəlif proqramlarla könüllü qayıdanlar və deportasiya olunan şəsxlər barədə müraciətlər daxil olub. Həmin ailələrdə azyaşlı uşaqlar vardı. Azyaşlı uşaqların problemi ən çox təhsillə, psixoloji yardımla və səhhətlə bağlı olub. Həmin uşaqların Azərbaycan cəmiyyətinə reinteqrasiya olması olduqca vacibdir. Almaniyadan gələn şəxslər vardı ki, onların uşaqları ancaq alman dilində danışırdılar. Azərbaycanda ingilis təmayülü var, ancaq Alman təmayülü yoxdur. Ona görə də, uşaqlar çox çətin vəziyyətdə idi. Onlar məktəbə bir sinif aşağıdan başladılar. Bu uşaqların cəmiyyətə inteqrasiyası daha sistemli olsaydı, bəlkə proses daha sürətli olardı. Bu baxımdan repatriasiya məsələsi olduqca vacibdir. Dövlətin bu sahəsəki siyasətinin əsas elementlərindən biridir. Çünki yetkinlik yaşına çatmayan həmin uşaqlar bu ölkənin vətəndaşlarıdır. Dövlət həmən uşaqların hərtərəfli inkişaf etməsində maraqlıdır. Dövlət istəyir ki, bu uşaqlar öz həmyaşıdlarından həm intellektual nöqteyi-nəzərdən, həm dil, həm də mədəni identiklik baxımından geri qalmasın. Çünki həmin uşaqlar tamamilə başqa mühitdə böyüyürlər. İraqdan gətirilən uşaqların böyük bir qismi ərəb dilində danışırdılar. Rus dilini qismən bilən uşaqlar İraqda çeçen və digər icmalarla sıx bu dildə ünsiyyət qurublar. Bu baxımdan hesab edirəm ki, olduqca mühüm fərmandır. Bu bir daha onu göstərir ki, dövlət özünün hər bir vətəndaşının qayğısına qalır. Fərmandan irəli gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Komitəsinin və digər qurumların üzərinə konkret vəzifələr düşür. Aidiyyəti dövlət qurumları bu məsələdə əlaqələndirlimiş şəkildə zəruri tədbirləri həyata keçirəcək".
Ekspert repatriasiya olunacaq uşaqların necə müəyyən olunduğundan da bəhs edib:
"Burada ən böyük yük diplomatik qurumlarımızın üzərinə düşür. Məsələn İraqla bağlı bir təcrübə var. İraq hüquq-mühafizə orqanları bizim səfirliyimizə müraciət edərək zamanında valideynləri müəyyən hərbi birləşmələrin tərkibində vuruşmuş şəxslərin uşaqları barədə məlumat veriblər. Təbii ki, bu zaman bir sıra prosedurlar həyata keçirilir. Bu Dövlət Miqrasiya Xidmətinin vasitəsilə həyata keçirilir. Uşaqların həqiqətən də, Azəbaycan Respublikası vətəndaşı olması məlum olduqda, onların öz ölkələrinə qaytarılması, yəni repatriasiyası baş verir. Digər ölkələrdə də buna bənzər nümunələr var. Ancaq ola bilər ki, başqa ölkələrdə diaspor nümayəndələrinə müraciət olunsun. Bu zaman həmin ölkələrin hüquq-mühafizə orqanları iştirak etmir. Məsələn şəxs hansısa icmada yaşayır, lakin onun öz ölkəsinə qaytarılmasına ehtiyac var. Onda diaspor təşkilatları və ya müxtəlif humanitar təşkilatlar vasitəsilə, yenə də, səfirliyə müraciət edilir. Bundan sonra zəruri tədbirlər həyata keçirilir. Ölkədən ölkəyə həmin şəxslərin repatriasiyası prosesinin prosedurları dəyişə bilər. Bu, uşağın həbsxanada, icmada, yoxsa hardasa kompakt yaşamasından çox şey asılıdır. Uşağın həmin ölkədəki hüquqi vəziyyəti nədən ibarətdir araşdırılır. Bu şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən olmadığı zaman, bunun məsuliyyəti məsələləri araşdırılır. Bu kimi işlər görüldükdən sonra müxtəlif sxemlər üzrə şəxslərin repatriasiyası baş verə bilər".