Modern.az

“Seçki ərəfəsində Azərbaycandakı radikal dindarların təxribatı istisna olunmur” - XƏBƏRDARLIQ

“Seçki ərəfəsində Azərbaycandakı radikal dindarların təxribatı istisna olunmur” - XƏBƏRDARLIQ

4 Sentyabr 2013, 12:20

Başda Türkiyə olmaqla əksər müsəlman ölkələrində dini kəsim seçkilərdə aparıcı qüvvə kimi çıxış edir. Yalnız possovet məkanında bu məsələ fərqli şəkildədir. Düzdür, sosializm sistemi dağılandan sonra keçmiş SSRİ-yə daxil olan müsəlman ölkələrində dini amil gücləndi. Ancaq bu, hələ digər müsəlman ölkələrindəki situasiya ilə eyniləşə bilməz. Ən azından Azərbaycana qonşu olan Türkiyə və İrana diqqət etdikdə, dediklərimizi sübüt etmək üçün əlavə fakta ehtiyac qalmır.

Türkiyədə dindarlar çoxdandır hakimiyyətdə yer almaqla müəyyən təsiredici gücə malikdirlər. Bundan başqa, dindar şəbəkənin genişlənməsinin kökündə hakim AKP partiyasının islami siyasət aparması da dayanır. AKP hakimiyyəti zamanı baş nazir Ərdoğanın apardığı teokratik “islahatlar” ölkədə hakimiyyətə bağlı dini qrupların fəallaşmasına və siyasi müstəvidə öz mövqelərini ifadə etməyə şərait yaratdı. Təsadüfi deyil ki, Atatürk dəyərlərinə sadiq tərəfdarlar Ərdoğanın bu siyasətini tənqid etməklə ölkəni islam dövlətinə çevirmək cəhdlərinə qarşı çıxırlar.

Regionun digər dövləti İran haqqında isə əlavə şərhə ehtiyac yoxdur. Hər iki ölkə ilə sərhəd olan Azərbaycanda isə dini kəsimin seçkidə öz inanclarını müdafiə edən baxışlarını ortaya qoyması demək olar ki, müşahidə olunmayıb. Ancaq onu da qeyd etmək yerinə düşər ki, istər Türkiyə, istərsə də İranın dini siyasəti müəyyən mənada Azərbaycana da təsirsiz ötüşmür. Bunu deməyə zaman-zaman İran təmayüllü dindar qrupların siyasi şüarlar səsləndirməsi də əsas verir. Təsadüfi deyil ki, İranmeylli hesab olunan Azərbaycan İslam Partiyasının siyasi məqsədlərə xidmət edən mövqe sərgiləməsi və hakimiyyət uğrunda mübarizəsi də ölkədə din və seçki məsələsini gündəmə gətirir. Amma ümumi mənzərə və proseslərin gedişatı onu göstərir ki, dindar qrupların (söhbət siyasi mövqeyi olan dini cameədən gedir) prezident seçkisində iştirakında passivlik elementlərini müşahidə etmək elə də çətin deyil.

Mövzu barədə Modern.az-ın suallarını cavablandıran politoloq Qabil Hüseynli dinin siyasətdən ayrı və Azərbaycanın dünyəvi dövlət olduğunu xatırlatsa da, dindarların seçkilərdən kənarda qalması fikri ilə razılaşmayıb.

“Qroznıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qafqaz müftiləri ilə görüşündə İlham Əliyevə seçkilərdə dəstəklə bağlı çağırış xarakterli bir bəyanat imzaladı. Bundan əlavə, ölkədə bilavasitə QMİ rəhbərliyi altında olan məscid və dini qurumlarda bu istiqamətlərdə müəyyən işlər aparılır”-deyən siyasi ekspertin fikrincə, dindar qruplar arasında siyasi fəallıq var. Ölkədə müxalif mövqedə dayanan İslam Partiyası adlı bir qurumun olduğunu da vurğulayan analitikin sözlərinə görə, onların fəaliyyətində passivlik mövcuddur.
“İslam Partiyasından bir qrup adam həbsdədir. Bu da partiyanın fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də onlar seçkilər məsələsində indiki durumda ehtiyatlı davranırlar”.

Prezident seçkisi ərəfəsində Azərbaycandakı radikal dini cərəyanların təxribat yaratmaq planlarını da istisna etməyən Q.Hüseynli bildirib ki, məqsədləri terror törətmək olan həmin təşkilatlar bir neçə dəfə buna cəhd də ediblər.

“Əl-Qaidə terror təşkilatı da Azərbaycana maraq göstərə bilər. Amma ölkədə son günlər təhlükəsizlik tədbirləri çox yüksək səviyyəyə qaldırılıb. Vəhhabilərdən tutmuş digər qeyri-ənənəvi dini qruplaşmalara qarşı ciddi profilaktik tədbirlər həyata keçirilir. Əl-Qaidə Azərbaycana gələ bilər, amma ölkəmizdə onların seçkiqabağı qarışıqlıq yaradacağı haqqında versiyaları inandırıcı saymıram”-deyə politoloq qeyd edib.

Nərimanov Rayon Dindarları dini icmasının rəhbəri Hacı Qamət Süleymanov məsələyə fərqli prizmadan yanaşır. Dindarların da adi bir vətəndaş kimi konstitusion hüquqlara malik olduğunu deyən hacı Qamət bildirib ki, ayrı-seçkilik etmək düzgün deyil.

“Seçkilərdə dindar qrupların iştirakının nəticələrini isə gələcək göstərəcək. Bu məsələ dindarların özlərindən asılıdır. Hələlik isə dindarların hakimiyyətə gəlməsi və dövləti təmsil etməsi mümkün deyil”.

Dini ekspert Elşad Miri isə dini kəsim anlayışını qəbul etmir. “Çünki din insanın şəxsi yaşayış tərzidir. İnsanın yaşam tərzini götürüb hansısa formada seçkidə qruplar halında təqdim etmək yanlışdır”-deyən mütəxəssis əlavə edib ki, bu cür təqdimetmə davam edərsə dindar və dindar olmayan qruplar arasında müxtəlif qarşıdurmalara gətirib çıxara bilər.

“İranmeylli insanların ortaya atdığı “dini kəsim” anlayışı qəbul edilməzdir”. İslam Partiyasına bu adın verilməsinin də əleyhinə olduğunu dilə gətirən E.Miri vurğulayıb ki, dində partiya məfhumu yoxdur.
“İslamı dinini bir partiya halına gətirməklə cılızlaşdıran insanlara dini kəsim adını vermək özü bir biabırçılıqdır. Bu gün qeydiyyatda olmayan və İranmeylli insanların bir araya gəldiyi partiya hakimiyyətə gəlməyə can atır. Mən Azərbaycanda İslam Partiyasının olmasının əleyhinəyəm. İnsanın dindarlığı hansısa partiyaya üzvlüklə ölçülmür”-deyə E. Miri tənqid edib.

Aqşin KƏRİMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi