Noyabrın 6-da parlamentdə komitə iclası zamanı deputat Asim Mollazadə Azərbaycanda beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələblərin sayının çox olmasından şikayətlənib. "Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyac var?”, - deputat deyib.
Deputat Azərbaycan təhsil sisteminin mövcud iqtisadiyyatın ehtiyacları ilə uyğunsuz olduğunu düşünür: “Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır. Azərbaycan təhsil sistemi bu gün iqtisadiyyatımızın ehtiyacları ilə heç uyğun deyil. Ona görə də bu məsələlərə ciddi baxılmalıdır”.
Həqiqətən, deputatın dediyi kimi, Azərbaycanın bu qədər diplomata ehtiyacı yoxdur?
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda diplomatların sayının çox olduğunu düşünmədiyini bildirib:
"Filoloq da, riyaziyyatçı da diplomat ola bilər. Əlbəttə, diplomatiyanı öyrənmək lazımdır. Ancaq bu ixtisasın özünün xüsusiyyətləri var. Yəni diplomat olmaq həm də adamın özündən asılıdır. Açığı mən diplomatların sayının çox olduğu ilə bağlı hansı rəqəmlərə əsasən qənaətə gəldiklərini bilmirəm. Şəxsən diplomatların sayının çox olduğunu düşünmürəm”.
Sabiq diplomat Fikrət Sadıqov isə Azərbaycana diplomatarın lazım olduğunu söyləyib:
"Müstəqil Azərbaycanın diplomatlara, beynəlxalq münasibət sistemi mütəxəssislərinə, mühəndislərə, ekoloqlara və həkimlərə ehtiyacı var. Lakin, təbii olaraq, bu mütəxəssislər balanslı şəkildə yetişməlidir. Burada aidiyyəti qurumların üzərinə də məsuliyyət düşür. Elm və Təhsil Nazirliyi, eləcə də digər nazirliklər vəziyyəti təhlil edib, öz rəylərini verməlidir. Kortəbii şəkildə diplomatların sayı azdır, ya da çoxdur demək çox çətindir. Burada disbalans yaranması mümkündür. Onu əlbəttə ki, konkret bu sahə ilə məşğul olan aidiyyəti dövlət strukturları müəyyən etməlidir”.