Modern.az

Prezidentliyə namizədlər cangüdənlərdən imtina etdi: “Mühafizəçi məni xalqdan qoruyacaq?!”

Prezidentliyə namizədlər cangüdənlərdən imtina etdi: “Mühafizəçi məni xalqdan qoruyacaq?!”

6 Sentyabr 2013, 17:55

Azərbaycan xalqı üçün taleyüklü günə-prezident seçkilərinə təxminən bir ay qalır. 21 nəfərin namizəd kimi şansını sınamaq istədiyi 2013-cü il prezident seçkisi barədə həmin şəxslərin fərqli fikir və baxışları var. Doğrudur, hələlik iki nəfərin – İlham Əliyevlə İqbal Ağazadənin namizədliyi rəsmən qeydə alınıb, amma bu sayın artacağı istisna deyil.

Təbliğat-təşviqat kampaniyasında namizədlərin öz seçki platformalarını açıqlayıb, şüar səsləndirməsi üçün təhlükəsizlik tədbirləri də önəmli şərtlərdən biridir. Çünki namizədlərə qarşı hər hansı təxribat xarakterli hərəkətlərin olması, həyat və sağlamlıqlarını təhlükə altına ala biləcək hücumların baş vermə ehtimalını kənara qoymaq olmaz.
Modern.az saytı bu situasiyanı nəzərə alıb, prezidentliyə namizədlər arasında təhlükəsizlik tədbirlərinin necə təşkil edəcəkləri barədə sorğu aparıb.

ADP sədri Sərdar Cəlaloğlu dediklərimizi təsdiqləyərək bildirib ki, təhlükə ilə bağlı onlara ciddi siqnallar daxil olur. Ancaq hələlik şəxsi mühafizənin köməyindən yararlanmağın gündəmdə olmadığını deyən S.Cəlaloğlu məsələnin gələcəkdə müzakirə olunacağını söyləyib. “Bizi namizəd kimi qeydə alsınlar, ondan sonra vəziyyətə baxarıq. Yəqin ki, mühafizəçiyə ehtiyac olacaq. Çünki yaxın məsafədən olan təhlükələrdən qorunmaq üçün bu lazımdır. Amma xüsusi mühafizəçi tutmayacağam, öz partiyamızdakı köməkçilərin yardımından istifadə edəcəm”-deyə S.Cəlaloğlu qeyd edib.

ASDP sədri Araz Əlizadə isə mühafizədən istifadə etməyi düşünmür. “Mən xalq tərəfindən seçilmək istəyirəm. Xalqdan məni mühafizəçilər qoruyacaq?! Prezidentliyə namizədin mühafizəçisinin olması mənə çatmır”-deyə mövqeyini bölüşüb.

Milli Şuranın vahid namizədi Cəmil Həsənli də qeydiyyata alınmasını gözləyir. O bildirib ki, mühafizə ilə bağlı barədə qərar namizədliyi qeydiyyata alınandan sonra verilə bilər.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov isə ümumiyyətlə mühafizəçidən yararlanmağı düşünmür. “Mənim mühafizəçiyə heç bir ehtiyacım yoxdur”.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquluyev də nədənsə mühafizə xidmətindən istifadə etmək niyyətində deyil. Bu barədə partiyanın sədr müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə buna ehtiyac da yoxdur.
“Qüdrət bəyin təbliğatı dövründə onu müşahidə edən şəxslər sədrin müavinləri və onun müəyyən edilmiş vəkilləri olacaq. Ümumiyyətlə, sədrimiz hal-hazırda da bu xidmətdən istifadə etmir”-deyə N.Orduxanlı qeyd edib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən, millət vəkili Zahid Orucun cavabı belə olub: “MSK-nın bizim topladığımız imzalara qiymət verməsini gözləməliyik. Ondan sonrakı mərhələdə isə ən başlıca hədəfimiz seçkiyə siyasi cəhətdən hazırlaşmaq və qüvvələrimizi toparlamaq mövqeyindəyik. Mühüm mesajlarımızın cəmiyyətə çatdırılması da önəmlidir. Bizim  indiyə qədərki dövrdə vətəndaşlarla münasibətimizdə qoruyucu bufer zona olmayıb. Millətimdən heç zaman özümə təhlükə gözləməmişəm. Bununla bərabər mühafizə məsələsi seçki prosesinin gedişində dəyərləndiriləcək. Bizə yaxın olan insanlar stabil mühitdə platformamızı açıqlamağımızı istəyəcəklər. Əgər kiminsə bizə yönəlik başqa bir planları olsa, bu da zamanında qiymətləndiriləcək və adekvat tədbirlər görüləcək”.

“A13” Hərəkatının prezidentliyə namizədi, politoloq Ərəstun Oruclu mühafizə xidmətindən yararlanmağı mənasız hesab edir. “Bunun heç bir əhəmiyyəti də yoxdur. İnsana nə eləmək istəsələr, edəcəklər. Mühafizə yalnız cəmiyyətdə görüntü yaratmaqdan ötrüdür. Mən belə görüntülərin qəti əleyhinəyəm”.

Aqşin Kərimov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi