Modern.az saytı “Zənginliyə gedən yol” rubrikasını davam etdirir. Bu dəfə Rusiyadakı “NortQaz” şirkətinin yaradıcısı və keçmiş sahibi, Rusiya Federasiya Şurasına Krasnodar vilayətindən seçilən keçmiş senator və milyarder Fərhad Əhmədovun həyatı və biznes fəaliyyəti oxuculara təqdim olunur.
Kimin yadındadır, Muğam Teatrının keçmiş direktoru Arif Qazıyev bir film çəkmişdi – “Xarı bülbüllər”. Bu filmdə Qafqaza gəlmiş fransız yazıçısı Aleksandr Düma ilə azərbaycanlı şairə Natəvanın görüş səhnəsi vardı. Və film iki “məziyyəti” ilə yadda qaldı: müğənni Aygün Kazımovanın Natəvan rolunda çəkilməsi və milyarder Fərhad Əhmədovun filmə sponsorluq etməsi.
O zamanlar Fərhad Əhmədovun sorağını alanlar hələ çox az idi. Amma fakt budur ki, Azərbaycanda geniş tanınmasa da, ucsuz-bucaqsız Rusiyada bu ad hamıya yaxşı məlum idi.
Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə anadan olub. Yalan-doğru, deyilənə görə, vaxtilə Göyçayda zavod direktoru olan atası Teymur Əhmədov iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov məktəbi ataraq Moskvaya yola düşür. Burada 85№-li texnikumda qaynaqçı-montajçı ixtisasına yiyələnir. Texnikumu bitirdikdən sonra Fərhad Əhmədov 1975-ci ildən 1977-ci ilə qədər sovet ordusu sıralarında hərbi xidmət keçir. Mülki həyata döndükdən sonra 1977-ci ildə o, Skryabin adına Baytarlıq Akademiyasına daxil olur. Burada əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alır.
Dəri biznesində böyük savada malik olan F.Əhmədov tezliklə Moskvadakı Xarici Ticarət Nazirliyindən asılı olan şirkətlərlə əlaqəyə girərək Qərbi Avropa ölkələrinə dəri ixracı ilə məşğul olmağa başlayır. 1986-cı ildə bu sahədəki təcrübəsini artırmaq üçün Fərhad Əhmədov Londona gedir. İki il sonra biznes sahəsini dəyişir. SSRİ vətəndaşı olan Əhmədov mürəkkəb şəraitdə çox tez düzgün istiqaməti seçir və neft sahəsində fəaliyyətə başlayır. 1987-ci ildə yaratdığı “Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Qərbin iri neft şirkətləri arasında vasitəçi rolunu oynamağa başlayır. Rusiyadan Avropaya neftin çatdırılmasını təmin edən şirkət əks istiqamətdə müasir neft avadanlıqlarını və qurğularını idxal edir. Bu biznesdə onun əsas tərəfdaşı “Qazprom” şirkəti olur. Londonda şirkət rəhbəri kimi gərgin qrafikə malik olsa da, təhsilini artırmaq üçün də vaxt tapır.
1990-cı ildə Fərhad Əhmədov dünyanın ən nüfuzlu təhsil müəssisələrindən sayılan London Ali İqtisadiyyat Məktəbini bitirir.
15 yaşındaykən tərk etdiyi Azərbaycanı da unutmayan Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, “Amoco Euroasia” və “McDermott” şirkətlərini də cəlb edə bilir. 1991-ci ildə SSRİ-nin süqutu Fərhad Əhmədov üçün yeni imkanlar açır. Artıq bu vaxt üçün onun şirkətlərinin ticarət dövriyyəsi 10 milyon dollarla ölçülürdü. SSRİ neft və qaz sənayesində dərin böhran yaranmışdı. Belə şəraitdə Fərhad Əhmədovun “Tansley Tarding” şirkəti “Qazprom”a və onun törəmə şirkətlərinə xarici avadanlıqların satılmasını inhisara ala bilir.
Maliyyə imkanlarının sürətlə artması Əhmədovu vadar edir ki, neftin çıxarılması və emalı ilə birbaşa məşğul olan şirkətlərə sahib olsun. Belə imkan onun əlinə 1993-cü ildə keçir. Sibirin Şimal Buzlu okean sahilində böyük qaz ehtiyatlarına malik yataq aşkar olunur. “Şimali Urenqoy” adlandırılan yataqdakı 335 milyard kubmetr qaz ehtiyatını ABŞ-ın “Bechtel Energy” və “Urenqoyqazprom” şirkətləri ortaq istismar etmək üçün müştərək “Nortqaz” şirkəti təsis edirlər. Çətin hava şərtlərində yatağın istismara verilməsi uzadılır. 1998-ci ildə Rusiya iqtisadiyyatındakı defolt amerikalı tərəfdaşların layihədən çıxması ilə nəticələnir.
Fərhad Əhmədovun o vaxt üçün bir neçə ildir ki, fəaliyyət göstərən “Farko Qrup Limited” şirkəti amerikalıların payını sərfəli qiymətlə satın alır.
“Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında “Qazprom”un inhisarına qarşı dayanır. 1999-cu ildən 2004-cü ilə qədər “Nortqaz”ın prezidenti səlahiyyətlərini icra edən Fərhad Əhmədov 2004-cü ildə Krasnodar vilayətindən Rusiya Federasiya Məclisinə senator seçilməsi ilə əlaqədar vəzifəsini könüllü tərk edir.
Təzyiqlərə dözməyərək 2005-ci ildə o, “Nortqaz”ın əsas səhmlərini “Qazprom”a satır. 2012-ci ilin noyabrında Fərhad Əhmədov “Nortqaz”da qalan səhmlərini yəni 49%-ni Novateka” şirkətinə 1,375 milyard dollara satır. Əldə etdiyi gəlirin bir hissəsini “Qazprom”, “Lukoyl”, “Sberbank” və “Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarının nəhənglərinin səhmlərinə yatırır.
“AzNar” Azərbaycanda tanınan şirkətdir. Şirkət Göyçay rayonunda 1050 hektar sahədə nar bağları yaradıb. Fərhad Əhmədova məxsus “AzNar”ın məqsədi Azərbaycan və xarici bazarı orqanik nar suyu ilə təmin etməkdir. Fərhad Əhmədov yaxın illər ərzində layihəyə daha 50 milyon dollar vəsaitin ayrılacağını bildirib.
O, ilk dəfə 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb. O zamanlar Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi. Jurnalın 2013-cü ildəki son reytinq cədvəlində isə azərbaycanlı biznesmen 1,3 milyard dollar vəsaitlə Rusiyanın 70-ci ən varlı adamı hesab olunur.
Evli və üç övlad atası olan Fərhad Əhmədov, deyilənə görə, nərd oynamağı və ov etməyi hər şeydən çox sevir. Onun sovet rəssamlarına məxsus, 60-cı illərə aid və sosart janrında çəkilən böyük rəsm kolleksiyasının da olduğu deyilir.
İqtisad elmləri namizədi, Beynəlxalq Texnoloji Elmlər Akademiyasının müxbir üzvü olan 58 yaşlı Fərhad Əhmədov Rusiyanın ən sabit varidatlı biznesmenlərindən sayılır.
Vüqar İsmayılov