2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Rrezidentinin seçkiləri ilə əlaqədar namizədliyinin irəli sürüldüyü təsdiq olunmuş şəxslərin siyahısında bir sıra tanınmamış adlar da var. Modern.az saytı bildirir ki, heç vaxt aktiv siyasi həyatda olmamış bu şəxslərin adı KİV və ictimai arena üçün naməlumdur.
Dövlət baçısı olmaq arzusunda olan şəxslərdən biri Rauf Zakir oğlu Quliyevdir. 1972-ci ildə anadan olmuş 41 yaşlı Quliyev “AzerfinanceGroup” MMC-nin direktorudur. O namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. MSK-nın 22/126 saylı qərarı ilə Rauf Quliyevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
Prezident olmaq istəyən digər həvəskar isə 71 yaşlı Hidayət Əşrəf oğlu Rüstəmbəylidir. 1942-ci ildə anadan olmuş Rüstəmbəylinin peşəsi vəkillikdir. Vəkillər Kollegiyasının üzvü «Vəkillər qanunları» Şirkətinin prezidentidir. O, bundan əvvəl, 2010-cu ildə keçirilimiş parlament seçkilərində 24 saylı Nizami Birinci Dairə Seçki dairəsindən deputatlığa namizəd olub.
Bundan başqa siyahıda 37 yaşlı İsmayıl Sədulla oğlu Yusufov da var. İndiyə qədər heç kimin adını eşitmədiyi bu namizəd öz təşəbbüsü ilə meydana çıxıb.
Namizədliyinin irəli sürüldüyü təsdiqlənmiş 1961-ci il təvəllüdlü Elşən Həsənov isə Azərbaycan Sosialist Partiyasının sədri olduğunu bəyan etsə də, MSK-da öz təşəbbüsü ilə qeydiyyatdan keçib.
X.SƏFƏROĞLU