Modern.az

“Üstümüzə hücum çəkdi, “Niyə bunları yazmırsınız” dedi – Parlament jurnalistləri Sirus Təbrizlini xatırlayır

“Üstümüzə hücum çəkdi, “Niyə bunları yazmırsınız” dedi – Parlament jurnalistləri Sirus Təbrizlini xatırlayır

Ölkə

9 Sentyabr 2013, 15:39

Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli 1995-2000-ci illər, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Həmin dövrlər parlamentdə akkreditə olunan jurnalistlər Sirus Təbrizli haqqında fikirlərini Modern.az-la bölüşüblər.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu Sirus Təbrizlini təxminən 25-28 il öncədən, qiyabi olaraq tanıdığını bildirib. Onun sözlərinə görə, həmin vaxt Sirus Təbrizli “Mozalan” satirik telejurnalının yaradıcılarından idi. “Daha sonra isə onu bir vaxtlar çiyindaşlıq etdiyi milli-azadlıq hərəkatı fəallarından uzaqlaşıb mərhum Heydər Əliyevin qatı tərəfdarlarından, təbliğatçılarından, bu yöndəki fəaliyyətindən tanımışam... Qeyd edim ki, yaş senzinin ləğvi ilə bağlı Heydər Əliyev tərəfdarlarının Yaqub Məmmədovun qısamüddətlik hakimiyyəti dövründə keçmiş Ali Sovetin, indiki Milli Məclisin binası qarşısında keçirdikləri aksiyalardan birinə özüm də qatılmışdım və həmin aksiyanın da aparıcısı məhz Sirus müəllim idi. Onun 1992-ci ildə təşəbbüsü ilə məhşur "91-lər"in müraciəti ortaya qoyuldu və həmin müraciət YAP-ın yaranmasının özülü hesab edilə bilər. Bunu YAP-çıların özləri də dəfələrlə vurğulayırlar.

Bir parlament müxbiri kimi isə Sirus müəllimin fəaliyyətini yaxından izləmək imkanım da olub. Demək olar ki, onun 2000-2005-ci illərdə rəhbərlik etdiyi İnsan hüquqları Komitəsinin (komissiyasının) bütün iclaslarında iştirak etmişəm, yazılar hazırlamışam, eyni zamanda, imkan olanda açıqlamalar da götürmüşəm”.
K. Həmzoğlu bildirib ki, Sirus Təbrizli 10 illik deputatlıq fəaliyyəti dövründə nədənsə həmkarları olan jurnalistlərdən kənarda dayanmağa çalışır, onlar müraciətləri bir qədər sərt və kobud şəkildə “olmaz" cavabı verirdi. “Amma bir-iki dəfə onun saqqızını oğurlaya bilmişdim, xüsusilə, 2003-cü il seçkiləri ərəfəsində ondan aldığım açıqlama. Həmin vaxt bəzi KİV-lər qeyd edirdi ki, Heydər Əliyevin seçki qərargahına o başçılıq edəcək. Açıqlamam ölkə gündəminin baş mövzularından birinə çevrilmişdi.

İlk dəfə isə onunla 1995-ci ildə "7 gün" qəzetində işləyən zamanı telefonla müsahibə almağa çalışdım, ancaq çox təəssüf ki, razı olmadı. Bir saata yaxın çəkən söhbətimiz zamanı telefonda elə adamlar haqda şok olacaq sözlər deyirdi ki, o zaman mətbuatda getsəydi, sözün əsl mənasında aləm qarışardı”.

K. Həmzəoğli Sirus Təbrizlini baməzə adam kimi xatırlayır. “Elə sözlər, ifadələr işlədirdi ki, gülməkdən gözlərimdən yaş axırdı. Ancaq bunun üstündən təxmininə bir-iki il keçəndən sonra-mətbuat və informasiya nazir olan vaxtlar Sirus müəllimlə tez-tez telefon əlaqəsi saxlayır və o dövr üçün maraqlı, hətta, sensasiya sayılacaq açıqlamalar, qısa müsahibələr alırdım. Hətta aramızda dostluq münasibətləri də yaranmışdı.

Nazir kimi axırıncı dəfə keçirdiyi mətbuat konfransına, öz iş otağında dəvət etdiyi cəmi 5 jurnalistdən biri mən idim və deyim ki, çox maraqlı bir mətbuat konfransı oldu, günlərlə mətbuata, siyasi gündəmi məşğul etdi. Ümumiyyətlə, çox sərt, çox maraqlı, çox təzadlı və ziddiyyətli bir insan idi. İpinin üstünə oduna yığmaq mümkün deyildi. Onun ölüm xəbərindən çox pis oldum və hələ də inana bilmirəm. Allah o dünyasını versin. Amin!”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirib ki, o parlament müxbiri olduğu ilk illərdə Sirus Təbrizli millət vəkili idi. “Xatırlayıram ki, tez-tez ciddi rezonans doğuran çıxışlar edirdi. Hərdən parlament jurnalistləri ilə də mübahisələri olurdu. Hər dəfə jurnalistləri onu yaxşı müdafiə etməməkdə ittiham edirdi. Bir dəfə iclasdan çıxandan sonra parlament jurnalistlərinin üzərinə sanki hücum çəkdi. Sanki hər şeyin günahkarı bizik kimi, “niyə filan şeyləri yazmırsınız” deyə üstümüzə qışqırdı. Onda "525-ci qəzet"də çalışan Rövşən Qəmbərov onun yaxşı cavabını verdi. Bir az sakitləşdi. Çox qaynar adam idi. Hamıdan sanki özü kimi olmağını istəyirdi. Xatirəmdə çılğın bir adam kimi qalıb. Parlamentin mərhum prezident Heydər Əliyevin vəfatından sonra keçirilən iclasındakı çıxışı da çox təsirli alınmışdı”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı: "O, mənim üçün seçki ilə hakimiyyətə gələn, demokratik bir rejimi qiyamla devirən bir şəxsdir. Eyni zamanda Sirus Təbrizlini Elçibəy hakimiyyəti haqqında çox sərt, qərəzli danışan biri kimi xatırlayıram. Allah günahlarını bağışlasın".

“Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirib ki, Sirus Təbrizlinin deputat fəaliyyətindən əvvəl, hərəkat dövründən onu tanıyanlardan biridir. “Onun televiziyada “Aşkarlıq” verilişindən, Heydər Əliyevin qızğın tərəfdarı kimi, sonra deputat, nazir, YAP-ın rəhbərliyindən uzaqlaşdırıldığı dövrdən sonra da tanıyanlardan biriyəm. Sirus Təbrizli həyatı ilə maraqlananda onu müsbət obrazlı insan kimi dəyərləndirmək olar. Əsas odur ki, azad fikirli idi. Bir çox məsələlərdə mübarizələrimiz, polemikalarımız da olub. Ədalətsizliyə sona qədər susmağı bacarmırdı. Kimin yanından olmasından, hansı ideyanı təbliğ etməsindən asılı olmayaraq, əgər orada ədalətsizlik böhranlı vəziyyətə çatırdısa, özünün mövqeyini bildirirdi”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi