Modern.az

Qəbiristanlıqlarda hökm sürən xaos: Bələdiyyələr problemi həll edə bilər?

Qəbiristanlıqlarda hökm sürən xaos: Bələdiyyələr problemi həll edə bilər?

20 Noyabr 2023, 17:20

2018-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna dəyişikliklə Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin səlahiyyətinə verilib. Buna baxmayaraq, bələdiyyələr qəbiristanlıqların idarə edilməsində iştirak edə bilmir. Qəbir yerlərinin baha satılması insanlar arasında narazılıqlar yaradır.

 

Bu problemlərin aradan qalxması üçün qəbristanlıqların tam formada bələdiyyələrin öhdəsinə verilməsinin vacib olduğu düşünülür.

 

Qəbir yerləri Nazirlər Kabinetinin qərarı əsasında yaradılmalıdır. Belə ki, qərara əsasən, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.

 

Ancaq qəbiristanlıqlarda tam xaos hökm sürür. Qəbirlər arasında məsafə düzgün müəyyənləşdirilməyib, geniş qəbirlər, onlar üçün abidələr yaradılır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov köhnə qəbristanlıqların icra hakimiyyətlərinin nəzdində olduğunu söyləyib:

 

“Nazirlər Kabinetinin nümunəvi qəbristanlıqların yaradılması istiqamətində qərarı var. Qəbristanlıqlar oradakı tələblərə uyğun olaraq qurulmalıdır. Azərbaycanda fərdi və özəl qəbristanlıq anlayışları yoxdur. Köhnə qəbristanlıqlar var ki, onlar İcra Hakimiyyətlərinin nəzdində idi. Bələdiyyələr formalaşdırıldıqdan sonra qəbristanlıqlar bu icra orqanına verilməlidir. Fəxri Xiyaban və Şəhidlər Xiyabanı istisnadır".

Deputat qəbristanlıqların abadlıq və digər məsələlərinin bələdiyyələr tərəfindən həyata keçirilməli olduğunu vurğulayıb:

 

"Qəbristanlıqlar Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq, eyni olmalıdır. Sinə daşının uzunluğu  80 santimetr, başdaşı 20 santimetr olmalıdır. Qəbirlər nömrələnməlidir. Qəbristanlıqların abadlığı məsələsinə bələdiyyələr baxmalıdır. Aztəminatlı ailələrə xidmət ödənişsiz olmalıdır. Müxtəlif şəhid və qazi ailələrinə də güzəştlər nəzərdə tutulub. Elə qiymət olmalıdır ki, hər kəsə uyğun olsun. Heç kəs narazı qalmasın. Kimsə gəlib orada yarım hektar ərazi alıb, özünə qəbristanlıq düzəldə bilməz. Ər və ya arvad biri öldükdə digərinə yer saxlaya bilər. Amma bütövlükdə bir ailəyə yer saxlamaq anlayışı qanunvericiliyimizdə nəzərdə tutulmur".

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev qəbristanlıqların qanunla bələdiyyələrin səlahiyyətində olduğunu bildirib:

 

“Qəbristanlıqların yaşıllaşdırılması, mühafizəsi, dəfn mərasimlərinin həyata keçirilməsi,əslində qanunla bələdiyyələrə tapşırılıb. Bələdiyyələr müəyyən səviyyədə bu vəzifələri icra edirlər. Təəssüflər olsun ki, müəyyən qurumlar bu istiqamətdə bələdiyyələrə manelər törədirlər. Məhz buna görə bələdiyyələr hələ də sözügedən səlahiyyələtlərini yerinə yetirə bilmirlər. Ona görə də insanların narazılıqlarını çox təbii hesab edirəm”.

T.Rzayev bir sıra məsələlərin vətəndaşları narahat etdiyini vurğulayıb:

 

“Bu gün qəbir yerləri çox bahadır. Dəfn mərasimlərinin həyata keçirilməsi çox baha başa gəlir. Bütün bunlar insanların narazılıqlarına təbii olaraq, səbəb olur. Bu vətəndaş kimi hər birimizi narahat edir. Bununla əlaqədar olaraq müvafiq orqanlar tədbirlər görməlidirlər. Əgər, doğrudan da, qəbristanlıqlar qanunla bələdiyyələrə həvalə olunubsa, tez bir zamanda yeni, yaxud köhnə qəbristanlıqlar müəyyənləşdirilib, bələdiyyələrin ixtiyarına verilməlidir. Bələdiyyələr də müəyyən işləri həyata keçirməlidir. Düzdür, bələdiyyələr indi o yerlərin verilməsində iştirak edirlər. Bir çox yerlər var ki bələdiyyələri yaxın qoymurlar. Hər bir adamın əzizi həmin qəbristanlıqda dəfn olunur. Ona görə də hər kəs qəbristanlıqların abad olmasını, orada müəyyən qaydada nizam-intizamın yaradılmasını istəyir. Təəssüflər olsun ki, bunu biz hələ də tam görmürük. Elə işbazlar var ki müəyyən yerlərdə müxtəlif miqdarda ərazini zəbt edir. Oranı hörür. Daha sonrahəmin torpağı satmağa başlayır. Guya ki, bunun əzizi oradadır və əvvəldən ərazini götürüb. Bələdiyyələr də heç bir tədbir görə bilmir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi