Modern.az

AYB-də mənzil qalmaqalı: Yazarlar tənqid, deputatlar müdafiə edir

AYB-də mənzil qalmaqalı: Yazarlar tənqid, deputatlar müdafiə edir

Ölkə

21 Noyabr 2023, 11:02

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfərə mənzil verməsi ətrafında müzakirələr səngimək bilmir. Qurum rəsmi olaraq siyahı yaymasa da, sosial şəbəkələrdə və bəzi KİV-lərdə adlar açıqlanıb. Bu siyahı yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

 

İddia edilir ki, adları açıqlanan yazarlar arasında bəziləri bu bölgüdən əvvəl mənzilə malik olub. Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.

 

AYB-nin katibi Elçin Hüseynbəylinin sözlərinə görə, quruma 250 nəfər ev üçün müraciət edib: "Anar müəllim kimi məsləhət bilibsə, mənzillər həmin şəxslərə verilib. Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var".

 

Mövzuya Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da münasibət bildirib.

 

O, Modern.az-a açıqlamasında 1-2 evi olan kiməsə boş-boşuna növbəti dəfə ev verilməsi məsələsinə inanmadığını bildirib. Deputat Azərbaycan Yazıçılar Birliyindən ev alan yazıçıların hər birini təbrik edib.

 

"Aldıqları evdə xoşbəxt yaşasınlar. Allah ev almayan yazıçılara da qismət eləsin. Ev verinlənlər arasında tanıdığımız adamlar, eləcə də gənclər var. Onların ev almasına ürəkdən sevindim. İndi kiməsə ikinci-üçüncü evin verilməsindən danışırlar. Ancaq gərək biləsən ki, doğrudan da, həmin yazıçının evi var, yoxsa yox. Bir-iki evi olan yazıçıya  boş-boşuna üçüncü ev verilməsi məsələsinə mən inanmıram. Ona görə də bu evlərin hansı şərtlərlə bölündüyü prinsipini bilmək lazımdır", - deputat vurğulayıb.

 

Qeyd edək ki, mövzuya Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas da münasibət bildirib.

O, Modern.az-a açıqlamasında hansısa yazıçıya ikinci dəfə Azərbaycan Yazıçılar Birliyindən ev verilməsinin normal hal olduğunu bildirib:


"Tutaq ki, yazıçı 30 il bundan qabaq Azərbaycan Yazıçılar Birliyindən bir ev alıb. Onda ailə üzvləri iki nəfər idisə, indi artıb 15 nəfər olublar. Vaxtilə ona verilən birotaqlı evdə yaşayırdılar. Belə olan halda ona ikinci dəfə ev verilməsində bir problem görmürəm. Halal xoşları olsun. Xoşbəxt olsunlar".

 

Xatırladaq ki, AYB-dən mənzil aldıqları deyilən bir çox yazar məlumatı təsdiq ediblər. Firuz Mustafa, Seyran Səxavət, Elxan Zal Qaraxanlı, Ulucay Akif və digərləri mənzil aldıqlarını deyiblər.

 

Maraqlıdır ki, AYB sədri Anar hələ də məsələyə münasibət bildirməyib. Onunla əlaqə saxlamağa cəhd etsək də, sədr telefonlarımıza cavab verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama