Son günlər Azərbaycanın müxtəlif rayonlarında qızılcaya yolxuma halları qeydə alınıb. Bir neçə gün əvvəl məlum olub ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.
Zaqataladan sonra Kürdəmirdə yoluxma aşkarlanıb. Rayonun Ailə Sağlamlıq Mərkəzinə 60-a yaxın sakin xəstəliyə yoluxma şübhəsi ilə müraciət edib, onlardan 9-u stasionar müalicəyə yerləşdirilib. Yoluxmaların yüngül dərəcəli olduğu qeyd olunur. Yoluxma halları rayonun Pirili, Ərəb Qubalı, Qarasaqqal, Şilyan və Sor Sor kəndlərində qeydə alınıb. Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.Bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən rayonun Qağacılı kənd sakini, 4 yaşlı Qəribli Rüfət Roman oğlu xəstəxanaya gətirilərkən dünyasını dəyişib.
Ardınca Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələrinin qızılca virusuna yoluxması barədə xəbərlər yayılıb. Virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub. Tələbələr, xəstəliklə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər. Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.
Səhiyyə Nazirliyi bildirib ki, respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Məlumatda bildirilir ki, hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.
TƏBİB bildirib ki, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir.
Həkim-professor Adil Qeybulla da Modern.az-a açıqlamasında xəstəliyə yoluxmanın uşaqlar arasında daha geniş yayıldığını vurğulayıb.
"İstənilən adam qızılcadan xəstələnə bilər. Lakin qızılca əleyhinə peyvənd otaya çıxdıqdan sonra bu xəstəliyin, demək olar ki, qarşısı alındı. Bu milli təqvimlər Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təqvimlərə daxil oldu. Azərbaycanda da bu cür təqvim var. Təəssüflər olsun ki, son vaxtlarda valideynlər öz uşaqlarını bu peyvəndlərdən yayındırırlar və uşaqlar peyvəndsiz qalır. Bu da uşaqlar arasında qızılca xəstəliyinin artmasına gətirib çıxarır. Qızılca qızılca virusu tərəfindən törədilir. Halsızlıq, zəiflik, öskürək, özü də ara verməyən öskürək, damarda səpkilərin olması, ağrıların olması ilkin əlamətlərdəndir. İnfeksiya adətən bədənə hava-damcı yolu ilə daxil olur. Qızılca xəstəliyini bir dəfə keçirən şəxs bir də ona xəstələnmir", - o qeyd edib.
Adil Qeybulla xəstəliyin bü cür sürətli yayılmasını və ağrılı olmasını qazılcaya qarşı vaksin olunmamaqla əsaslandırıb. Onun sözlərinə görə, vaxtında vaksin olunma xəstəliyə və yaratdığı şiddətə qarşı böyük zərbədir.
“Kütləvi vaksinasiya olduqda xəstəlik demək olar ki, təsadüf edilmir. Hesab edirəm ki, vaksinasiya məsələsində diqqətli olmaq lazımdır. Bir də ki, uşaqlarda, nisbətən böyüklərdə xəstəlikdə ağırlaşmalar baş verə bilər. Komaya düşə, ölümə gətirib çıxara bilər. Bu baxımdan bizim birinci əsas vəzifəmiz bu milli peyvənd təqviminə ciddi nəzarətdir, bu məsələ bir müddətdir nəzarətdən çıxıb. Ona görə də, biz bu xəstəliklərin baş alıb getməsini görürük. Məsələ bundan ibarətdir ki, bu cür xəstəliyin lokal epidemiyaları büdcəyə əlavə yükdür, əlavə xərclərdir, əlavə problemlərdir. Və bu xəstəliyin qarşısını alma profilaktika yollarını seçmək lazımdır. Valideynlər də bəzən peyvənddən çəkinirlər, amma dərk eləmirlər ki, xəstəlik daha ağır fəsadlar yarada bilər".
Aysel Məmmədli