Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən tanınmış türk boksçu Görkem Kaynarın ürəyi Fərid Əzimli adlı azərbaycanlı gəncə köçürülüb.
Qəza noyabrın 20-də gecə saatlarında, İsparta-Eğirdir yolunda baş verib. Sürücünün sükanı itirməsi nəticəsində avtomobil aşıb və ağaca çırpılıb. Avtomobildə olan Kaynar ağır yaralanıb və xəsəxanaya yerləşdirilib. O, noyabrın 24-də vəfat edib.
24 yaşlı boksçu Süleyman Dəmirəl Universitetinin İdman Elmləri Fakültəsinin 4-cü kurs tələbəsi idi.
Fotoda: Görkem Kaynar
Onun vəfatından sonra boksçunun ata və anası övladlarının orqanlarını bağışlamaq istədiklərini bildiriblər. Görkem Kaynarın ürəyi 24 yaşlı Fərid Əzimliyə köçürülüb. Mərhumun qaraciyəri, ağciyərləri, iki böyrəyi və mədəaltı vəzi də tranplantasiya olunub.
4 saat davam edən ürək köçürmə əməliyyatı Akdeniz Universitetinin cərrahiyyə şöbəsində həyata keçirilib və uğurla başa çatıb.
Mərhum boksçunun atası Enes Kaynar oğlunun başqa bədəndə yaşaya bilməsi üçün orqanlarını bağışladıqlarını bildirib: "60 kq çəki dərəcəsində beynəlxalq yarışda ölkəsinə medallar qazandırdı. O, həyat dolu uşaq idi. Bu il məzun olacaqdı. Kədərimiz sonsuzdur. Allah heç bir valideynə övlad itkisinin acısını yaşatmasın”.
Qeyd edək ki, 24 yaşlı Fərid Əzimli Kəlbəcərin Zülfüqarlı kəndindəndir.
Modern.az azərbaycanlı gəncin əmisi Şaiq Əzimli ilə əlaqə saxlayıb.
Ş.Əzimli saytımıza açıqlamasında qardaşı oğlunun ürəklə bağlı probleminin anadangəlmə olduğunu söyləyib:
“Fəridin anadangəlmə ürəyində qüsur vardı. 6 ildir ki, ürək transplatasiyası ilə bağlı gözləmədə idik. Fərid ürək tranplatasiyası ilə əlaqədar növbədəydi. Elə oldu ki, türkiyəli boksçunun ürəyi uyğun gəldi və ona köçürüldü”.
Əmisi Fəridin çox yaxşı savada malik olduğunu da vurğulayıb:
“Fərid və ailəsi Türkiyənin Antalya şəhərində yaşayırlar. Özü də türk vətəndaşıdır. Onun olduqca parlaq təhsil həyatı var. Süni ürək qoyulduğuna görə təhsillə bağlı heç bir problemi olmayıb. Hətta, Fərid şairdir. Onun Allah vergisi, güclü savadı var”.
Şaiq Əzimli ürəyi qardaşı oğluna bağışlanan boksçunun ailəsinə təşəkkür edib və onlara bir ömür borclu olacaqlarını, Türkiyənin həqiqətən qardaş ölkə olduğunu bir daha sübut etdiklərini bildirib.
Fəridin anası Almaz Əliyeva isə deyir ki, oğlu 6 ildir süni ürəklə yaşayır. O, boksçunun ailəsinə bir ömür borclu olduğunu bildirib.
"Oğlum çox emosionaldır. Ona dedim ki, Fərid, artıq onun ürəyi sənin köksündə döyünəcək. Sən artıq onların da oğlusan", - Almaz Əliyeva bildirib.