Modern.az

Qaz limiti artırılacaq? - Müzakirələr gedir...

Qaz limiti artırılacaq? - Müzakirələr gedir...

Ölkə

1 Dekabr 2023, 13:24

Payız-qış mövsümünün başlanması ilə əlaqədar vətəndaşlarımızın qaza olan tələbatı da artmağa başlayıb. Hazırda əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib. 

 

Bir müddət əvvəl parlamentdə Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub. Cari ilin sonlarına yaxınlaşdıqca sosial şəbəkələrdə və müxtəlif KİV-də qazın illik istehlakının artırılması ilə bağlı təkliflər səsləndirilir.

 

Bəs qaz limitinin artırılacağı gözlənilirmi?

 

Deputat Rüfət Quliyev Modern.az-a çıqlamasında bildirib ki, bu məsələ Milli Məclisin sessiyasında müzakirə olunur.

 

“Mütamadi olaraq Milli Məclis sessiyasında, bizim komitədə də bu məsələlər qaldılırılır. Təklif və xahiş olunur ki, əhaliyə yaxşı olması üçün qazın limitinə qoyulan məhdudiyyət aradan qaldırılsın. Amma son qərarın nə olacağı barədə heç nə deyə bilmərəm. Milli Məclis tərəfindən belə təkliflər var ki, bu nəzərə alınsın və imkan daxilində həyata keçirilsin”.

 

İqtisadçı ekspert Eldəniz Əmirov qaz limitinin ən azı 2 dəfə artırılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.

 

“Qaz limitlərinin artırılması ilə bağlı hal-hazırda real bir addımın atılacağını gözləmirəm. Əgər qaz limitləri artırılarsa, o zaman düşünürəm ki, qazın qiymətində də fərqlilik ola bilər. İstehlakçıya ünvanlanmış qaz həcmlərindən əldə edilməli olan bəlli bir vəsait var. O vəsaiti aşağı limit qoyub digər hissəsini ikiqat baha satmaq, ya da ki limit deyilən ucuz qiymətə satılan hissənin miqdarını artırıb ümumi qiyməti də artırmaq olur. Qeyd etdiyim nəzər tutulan vəsəit yəni sonda yığılmalıdır. Prinsip əsas belə formalaşır. Buna görə də hər hansı bir dəyişiklik gözlənilmir. Lakin olarsa bu həm də qiymət artımına səbəb ola bilər. Düşünürəm ki, qaz limitlərinin 2 dəfəyədək artırılmasına ehtiyac var.”

 

İqtisadçı ekspert Xalid Kərimlinin fikrinə görə, limitlərin ləğv edilməsi qiymətin bahalaşmasına gətirib çıxara bilər.

 

“Ümumiyyətlə burada 1200-ə qədər var ki, bu ucuz qoyulub. Məsələ ondadır ki, biz deyirik ki, bu limit ləğv olunsun, lakin burada limit olmasa, "qiymət ucuz olacaqmı?" sualı da yaranır. Əhalini narahat edən qaz pulunun çox olmasıdır. Hökümət də qaz pulunun çox olmasını hesab etmir. Ümumiyyətlə limitlər ləğv edilsə, bu, qiymətin bahalaşmasına gətirib çıxaracaq. 1200 kubmetrədək limitə qədər pul ödəyən şəxslər daha çox pul ödəmiş olacaqlar. Limitlərin ləğvi qiymətin ucuzlaşması deyil, əksinə daha az ödəyən daha çox qaz pulu ödəyənlə bu pulu bölüşəcək. Ortaq bir qiymət olacaq. Vahid tarifin tətbiq edilməsi isə imkanı çox olanın daha çox ödədiyi qaz xərci aşağı düşəcək və nisbətən imkanı zəif olan şəxsin qaz xərci isə artacaq. Ona görə də burada hər hansı bir dəyişiklik ediləcəyini güman etmirəm. Bu sistem vətəndaş üçün kifayət qədər ədalətli olan sistemdir. Bu baxımdan orta tariflərin müəyyənləşdirilməsi əksinə imkanı zəif olan əhalinin ziyanına işləyən məsələdir.”

 

İqtisadiyyat məsələləri üzrə ekspert Natiq Cəfərli qaza qoyulan limitin ləğv edilməsinin tərəfdarıdır.

 

“Azərbaycan ümumiyyətlə enerji ölkəsi olduğuna görə, qaz və elektrik enerjisində olan limit kökündən yanlışdır. Bu limitlər ləğv edilməlidir. Limit qoyularkən belə bir ehtimal irəli sürülmüşdü ki, bu qənaətə səbəb olacaq, vətəndaşlar qazdan daha qənaətlə istifadə edəcəklər. Bu fikir yanlışdır. Vətəndaşlar onsuz da istifadə etdikləri qaza və elektrik enerjisinə görə pul ödəyirlər. Bunun qənaətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycanda qaz və elektrik ilə bağlı limitlər aradan qaldırılmalı, vahid qiymət siyasətinə keçirilməlidir. Düşünürəm ki, vətəndaşların xeyrinə qərarlar verilməlidi.”

 

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 1 537 336 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 61%), 874 420 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 34,7%) və 108 449 abonent 25 qəpik tarifilə (ümumi abonentləin 4,3%) qazdan istifadə edib.

 

İsmayıl Bakuvi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkət “vuruldu”