Modern.az

Azərbaycanda keçirilən qlobal forumlar: Qarayaxmalara qarşı mühüm CAVAB

Azərbaycanda keçirilən qlobal forumlar: Qarayaxmalara qarşı mühüm CAVAB

Ölkə

1 Dekabr 2023, 15:18

Azərbaycan hər il olduğu kimi 2023-cü ildə də bir sıra beynəlxalq əhəmiyyətli forumlara ev sahibliyi edib. “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda mart ayının 9-da X Qlobal Bakı Forumu keçirilib.  Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

 

X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə geniş müzakirələr aparılıb və  sözügedən problemlərin həlli yolları araşdırılıb.

 

İyul ayında isə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Forumda ümumilikdə 120 media subyekti və 50 ölkə 250-dən çox iştirakçı ilə təmsil olunub. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılıb.

 

Noyabrın 5-də isə təhsillə bağlı beynəlxalq forum baş tutub. "Təhsildə yeni çağırışlar" III beynəlxalq forumu Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı ilə hibrid formatda baş tutub. Elm və təhsil naziri Emin Əmrullayev, İƏİT təmsilçiləri, 20-ə yaxın ölkənin nümayəndələri, rektor, professor, elm və təhsil xadimləri, müəllimlər, məktəb direktorları və digər qonaqların iştirak etdiyi forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub. 

 

Cəmi 8 gün sonra - noyabrın 13-də Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu ("SME World Forum 2023") başlayıb. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən forum noyabrın 16-da yekunlaşıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyaları və iş adamları iştirak ediblər.

 

15-16 noyabr tarixlərində isə Azərbaycan paytaxtında Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçirilib. “Dayanıqlı maliyyə və investisiya” mövzusuna həsr olunmuş forumun keçirilməsində məqsəd Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Gündəliyinin icrası istiqamətində region ölkələri, eləcə də beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi olub. Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa, MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri, ekspertlər iştirak edib.

 

Nəhayət noyabrın 24-də isə Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının–SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.

 

Şübhəsiz ki, bütün bu forumlar Azərbaycanın dünya üzrə nüfuzunun artmasına, onun daha da tanınmasına səbəb olur. Bu isə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirənlərin xoşuna gəlmir. Çünki keçirilən forumlar Azərbaycanın konstruktivliyini, onun beynəlxalq proses və problemlərə həssaslığını göstərir. Eləcə də onun bütün dünyada müsbət mənada imicini artırır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında deyib ki, beynəlxalq forumlar Azərbaycanı səhv tanıtmaq istəyənlərin planını puça çıxardıb.

 

"Həm mədəniyyət, həm siyasət, həm də texnologiya ilə bağlı forumların keçirilməsi,artıq davamlı xarakter alıb. Məlumdur ki, Ermənistan və onun havadarlarının məqsədi Azərbaycanı dünyadan təcrid etmək, eləcə də onun barəsində dünyaya tamamilə həqiqətə zidd məlumatları çatdırmaqdır. Bununla da, öz müqəddaratını həll edən, müstəqil Azərbaycanın nümunə kimi təqdim edilməsinin qarşısını almağa çalışırlar. Qərbin düşüncəsinə görə, Şərqə, xüsusilə də, müsəlman dünyasına aid olan Azərbaycan təkbaşına nə iqtisadi, nə siyasi cəhətdən müvəffəq ola bilər. Düşünürlər ki, əgər Azərbaycan müvəffəq olacaqsa, bu, Qərbin simasında olmalıdır. Ona görə də, Azərbaycanın apardığı quruculuq işlərini, dünya ilə münasibətlərini, ev sahibliyi etdiyi forumları maksimum şəkildə gündəmdən çıxarmağa çalışırlar. Əksər hallarda buna nail olurlar.Çünki dünya mediası Qərbin əllərindədir. Media bunların əllərində ola bilər, lakin forumlar belə deyil. İnformasiya blokadasının yarılması, Azərbaycanın dünyaya düzgün təqdim edilməsi, yürüdülən siyasət və görülən işlərin dünyaya bəyan edilib, açıq şəkildə göstərilməsi kimi məsələlər məhz forumlar vasitəsilə olur. Forumlar dünyanı Azərbaycana, Azərbaycanı da dünyaya qovuşduran, həqiqətləri açan proseslərdir".

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev keçirilən hər bir forumda konkret qərarların qəbul edildiyini söyləyib:

 

"Azərbaycanda keçirilən siyasət, iqtisadiyyat, multikulturalizm, sivilizasiyalararası dialoq istiqamətində keçirilən hər bir forumun özünün konkret vəzifələri var. Hər bir forumda qlobal, geosiyasi,regional məsələlər müzakirəyə çıxarılır və konkret qərarlar qəbul olunur. Beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın özünəməxsus təcrübəsi var. Təbii ki, bir çox ölkələr Azərbaycanın bu təcrübəsindən faydalanırlar. Rusiya-Ukrayna müharibəsi fonunda aktuallıq qazanmış Asiya ilə Avropanı birləşdirilən nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi və qonşu ölkələrin bu prosesə cəlb olunması Azərbaycana iqtisadi baxımından, təbii ki, dividentlər gətirir. Tariflərin müəyyənləşdirilməsi, infrastruktur layihələrinin yenilənməsi, keçid imkanlarının daha da genişlənndirilməsi kimi məsələlər həmin beynəlxalq sammitlərdə müzakirə olunur və qərarlar qəbul olunur".

Deputat qeyd edib ki, beynəlxalq forumların keçirilməsi həm də ölkəmizin təqdimatı və reklamı deməkdir:

 

"Bu, beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun daha da artmasına xidmət edir. Dünyanın diqqətini Azərbaycana çevirir. Rəqabət aparan, hətta kifayət qədər güclü olan dövlətlər də Azərbaycana potensial rəqib kimi baxır. Bunun müsbət və mənfi tərəfləri var. Məsələn, bir çox hallarda Azərbaycandan iqtisadi gözləntilərini əldə edə bilməyən dövlətlərin ölkəmizə qarşı qarayaxma kampaniyaları apardığının şahidi oluruq. Ölkəmizi dünyada neqativ tərəfdən tanıtmağa çalışırlar. Lakin bütün bunlar Azərbaycanı daha da gücləndirir. Azərbaycan xalqını dünyanın bir çox xalqları ilə müqayisədə daha çox rəqabətə davamlı edir. Bu tədbirlərin keçirilməsinə müsbət baxıram. Bu proses davam etdirilməlidir".

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi