Modern.az

ABŞ-Azərbaycan münasibətlərini pozan diplomat bu gün Bakıya GƏLİR

ABŞ-Azərbaycan münasibətlərini pozan diplomat bu gün Bakıya GƏLİR

Ölkə

6 Dekabr 2023, 09:15

Bu gün ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcəyi gözlənilir.


ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair görüşlər keçirəcək.


Modern.az xəbər verir ki, bu, yüksək vəzifə tutuan ABŞ diplomatının noyabrın 15-də Senatdakı Qarabağla bağlı son dinləmələrdən bəri Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, həmin dinləmələrdən sonra iki ölkə arasında münasibətlər kəskinləşmişdi.
 

Ceyms O’Braynın Azərbaycana səfəri ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsindən bir həftə sonraya təsadüf edir.

Noyabrın 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə zəng edib.
 

Onun İlham Əliyevə zəngi Azərbaycan və ABŞ arasında münasibətlərin kəskinləşməsini yumşaltmaq məıqsədi daşıyıb.
 

Rəsmi məlumatlara görə, Blinken Əliyevlə Vashington və Bakı arasındakı münasibətlərdə müşahidə edilən narahatlıqları müzakirə ediblər.

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
 

Antoni Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədi ilə Ceyms O’Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
 

“Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”, - rəsmi Bakının yaydığı məlumatda bildirilib.

Siyasi şərhçilər deyirlər ki, Ceyms O’Brayn ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair təkliflərilə Bakıya gələcəyi gözlənilir. Vaşinqtonun sülh danışıqlarına dair planının nədən ibarət olduğunu O’Braynın səfərindən sonra müəyyən etmək mümkün olacaq.

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn noyabrın 15-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmə zamanı Azərbaycanla “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini”, Vaşinqtonun Bakı ilə “yüksək səviyyəli ikitərəfli görüş və təmasları” təxirə saldığını demişdi.

Dinləmələr zamanı Ceyms O’Brayn bildirmişdi ki, ABŞ iki ölkə arasında sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən "907-ci düzəlişdən imtina"nın müddətini uzatmayacaq.

ABŞ rəsmisinin bu bəyanatı rəsmi Bakıda etirazla qarşılanmışdı. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən imtina etmişdi. Nazirlik Ceyms O’Braynın çıxışlarını Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirmişdi.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...