Modern.az

Qızılca əleyhinə peyvəndləmə məcburi olmalıdır? - Ziddiyyətli fikirlər

Qızılca əleyhinə peyvəndləmə məcburi olmalıdır? - Ziddiyyətli fikirlər

Ölkə

15 Dekabr 2023, 16:56

Son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. Qızılcaya yoluxan bir neçə azyaşlı vəfat edib.

 

Belə ki, noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dekabrın 5-i Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı, dekabrın 13-ü Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu, bu gün isə Şəmkirdə 2019-cu il təvəllüdlü H. Allahyarov qızılcadan dünyasını dəyişib. 

 

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qızılcaya yoluxma halları digər ölkələrdən gətirilmədir. Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.
 

Qeyd edək ki, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Ancaq qızılca əleyhinə peyvənd məcburi deyil. Bəzi valideynlər bundan imtina edir. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub. 

 

Bəzi həkimlər qızılca əleyhinə peyvəndin məcburi olmasının tərəfdarıdır. Ancaq bu barədə fikirlər birmənalı deyil.

 

TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır:  “Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”.

 

 

Deputat Müşfiq Məmmədli qızılca əleyhinə peyvəndlənmədə könüllülük prinsipinin doğru yanaşma olmadığını diqqətə çatdırıb:

 

“Bu sahədə uşaqların icbari dispanserizasiyası məsələsində inzibati xəta yaradan amillər haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlaması da var. 10 gün bundan öncə parlamentin iclasında dispanserizasiyanın, burada hansı addımların və proqnozların verilməsinin önəmini xatırlatmaqda məqsədim ondan ibarət idi ki, dispanserizasiyanı həyata keçirəndə kimlər peyvəndsizdirsə, onları aşkar edirik. Hazırda vaksinasiya könüllülük prinsipi daşıyır. Amma vəziyyət ondan ibarətdir ki, yoluxmaların sayı günü-gündən artır. Bizim atacağımız addım yerlərdə ilkin səhiyyə xidmətini gücləndirmək olmalıdır. Bununla da, uşaq ölümlərinin qarşısını almaq olar. XXI əsrdə qızılcadan uşaq ölümü olmamalıdır”.

 

Deputat xəstəliyin ağırlaşma olduqdan sonra həkim tərəfindən idarə olunmasının çox çətin olduğunu vurğulayıb:

 

“Məlumatlar ondan ibarətdir ki, qızılcaya yoluxanlar bir neçə gün evdə qalır. Ağırlaşma olduqdan sonra qızılca xəstəliyinin həkim tərəfindən idarə olunması çox çətin olur. Ona görə də ilkin mərhələdə lazımi tibbi yardımlar olmalıdır. Ən əsas məsələ ağırlaşmaların qarşısını almaq və xəstələnməmiş, vaksin olunmamış, sağlam uşaqların vaksinasiyasını həyata keçirməkdir. Fikrimcə, burada könüllülük prinsipinə riayət olunması hazırkı durumda doğru yanaşma deyil. Biz burada həm maarifləndirmədən, həm də tibb işçilərinin köməyindən istifadə etməliyik”.

 

Hüquqşünas Fərhad Mehdiyevin fikrincə, gələcəkdə peyvəndlənməni məcburi etmək olar:

 

“Epidemik xəstəliyə qarşı peyvəndlənməni müəyyən sanksiya yolu ilə məcburi etmək olar. Məsələn şagirdlər peyvənd vurdurmazsa, məktəbə buraxılmaya bilər. Çünki peyvənd vurdurmamış uşaq potensial infeksiya daşıyıcısıdır. Burada sual ortaya çıxır ki, uşağın məktəbə buraxılmaması onun təhsil hüququnun məhdudlaşdırılmasıdırmı? Bəli, bu məhdudlaşdırmadır. Lakin qanuni əsaslıdır. Çünki şagird peyvənd olunmayıbsa, ictimai qaydanı pozucu element daşayır. Təbii ki, bu dediyim yoluxma ehtimalı olan xəstəliklərə aiddir. Qızılca xəstəliyi baş qaldırsa, onun üçün peyvəndlənməni şərt qoşmaq olar".

 

O, peyvənd olunmayan insanlara müəyyən məhdudiyyətlərin qoyula biləcəyi ehtimalından da söz açıb:

 

“Onu qeyd edim ki, hansısa peyvəndi heç bir halda məcburi vurdurmaq olmaz. Bəs peyvənd vurdurmayan insanlara nə cür sanksiya tətbiq etmək olar? Məsələn burada pul cəriməsi qoymaq olmaz. Amma onların müəyyən ictimai yerlərə getməsini  məhdudlaşdırmaq olar. Yəni bu yoluxucu xəstəlikdir. İnsanlar peyvənd vurdurmaya bilər, öz işləridir, amma başqa insanları yoluxdura biləcək şəraitin qarşısını almaq lazımdır. Nəzəri olaraq məhdudlaşdırmaları minimal etmək lazımdır. COVID pandemiyası zamanı maska tətbiqini nümunə göstərə bilərik. Məhdudlaşdırmaların əsas səbəbi budur ki,  xəstəlik yoluxucudur, insanların sağlamlığına ciddi təhlükə törədir".

 

Həkim-cərrah Adil Qeybulla da təcili vaksinasiyanın vacibliyini vurğulayıb:

 

“İndiki vaxtda peyvəndlənməyə çağırış yox, məsələnin təşkili lazımdır. Ölkədə epidemoloji vəziyyət yaranıb. Təkcə Azərbaycanda yox, bütün dünyada bu artım tendensiyası var. Qızılca üzrə statistikaya baxsaq, dünyada artım müşahidə olunur. Biz infeksiya zəncirini qırmaq üçün təcili vaksinasiyaya başlamalıyıq. Valideynlər də təcili olaraq övladlarını vaksinasiya etdirməlidir. Bu iş təşkil edilməli və respublika üzrə aparılmalıdır. Biz bu üsulla infeksiyanl lokallaşdıra və ona qalib gələ bilərik”, - deyə həkim bildirib.

 

Təhsil eksperti Elçin Muradov isə peyvənd məsələsinin məcburi olmasının tərəfdarı deyil.

 

"Çünki azyaşlı uşaqların peyvəndə hansı reaksiyanı verəcəyi bilinmir. Lakin vaksinasiyanın tərəfdarıyıq. Peyvənd olunanların xəstəliyə qarşı immunitetinin yarandığının şahidi oluruq. Bunu biz koronavirus zamanı da müşahidə etdik. Ona görə də azyaşlıların peyvənd olunması müsbət haldır. Qızılca elə də böyüdüləsi bir xəstəlik olmadığı üçün, fikrimcə, bir həftəlik distant təhsilə keçəndən sonra ənənəvi dərs formasına qayıtmaq olar. Ölüm halları isə qızılca xəstəliyi ilə əlaqəli deyil. Qızılca xəstəliyinin düzgün müalicə olunmaması ilə bağlı olaraq ölüm halları baş verir", - ekspert deyib.

 

 

İsmayıl Bakuvi

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama