Modern.az

Azərbaycanda prezident necə seçilir?

Azərbaycanda prezident necə seçilir?

8 Dekabr 2023, 10:40

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Seçkilər 2024-cü il fevralın 7-nə təyin edilib.

 

Modern.az Azərbaycan Konstitusiyasına istinadən prezident seçkilərinin necə keçirildiyini araşdırıb.

 

Konstitusiyaya görə, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan vətəndaşlar Azərbaycan Prezidenti seçilə bilər.

 

Namizədliyi təsdiqlənən şəxslər seçkilərə buraxılır. Səsvermədə iştirak edənlərin yarısından çoxunun səs verdiyi namizəd Azərbaycan Prezidenti seçilir.

 

Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Bu turda ən mox səs toplamış şəxs prezident seçilir.

 

Prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya məhkəməsi rəsmən elan edir.

 

Prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

 

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama