Modern.az

ATƏT PA Ermənistan-Azərbaycan birgə bəyanatını ALQIŞLAYIR

ATƏT PA Ermənistan-Azərbaycan birgə bəyanatını ALQIŞLAYIR

Ölkə

8 Dekabr 2023, 19:48

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistanın dünən yaydığı birgə bəyanatı səmimiyyətlə alqışlayırlar.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

 

“Mən Ermənistan Respublikası və Azərbaycan Respublikası liderlərinin iki ölkə arasında etimadın yaradılması üçün atdıqları bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Xüsusilə, humanizm və xoşməramlılıq dəyərlərinə əsaslanan hər iki tərəfdən hərbi qulluqçuların azad edilməsi gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün ilham mənbəyi olacaq”, - Kauma bildirib.

 

“Bu birgə bəyanat və onunla bağlı praktiki addımlar sülhə birgə sadiqliyi nümayiş etdirir. Bu, Cənubi Qafqazda bütün insanlar üçün davamlı sülh və təhlükəsizliyə doğru tarixi keçidi qeyd edə bilər”, - deyə xüsusi nümayəndə Henriksen qeyd edib.

 

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi