“2013-cü ilin geridə qalan səkkiz ayında xarici ölkələrdən olan 8 ailə tərəfindən azərbaycanlı uşaqlar övladlığa götürülüb”. Bu sözləri Modern.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib. O, qeyd edib ki, xarici ölkələrdən olan ailələrin övladlığa götürdüyü 8 uşaqdan 4-ü Rusiya Federasiyasında vətəndaşlığı qəbul etmiş azərbaycanlılardır.
“Onlar əsasən yaxın qohumlarının uşaqlarını övladlığa götürürlər. Qalan 4 uşağı isə xarici vətəndaşlarla ailə quran və birinci nikahdan olan uşaqlarını övladlığa götürmək istəyən azərbaycanlı qadınlar aparıblar. Bunlar əsasən İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin vətəndaşları ailə quran azərbaycanlı xanımlardır”.
V.Möhsümova bildirib ki, 2012-ci ildə 989 uşaq yerli ailələr tərəfindən övladlığa götürülüb.
“Bu uşaqlardan 226-sı 1 yaşına qədər olan körpələrdir. Bunlardan 145-i qız uşaqları olub. 1-5 yaş arasında isə 438 uşaq övladlığa götürülüb. Bunlardan 202 nəfəri qız uşaqlarıdır.
Ölkələrarası övladlığa götürülmə ilə bağlı 2012-ci ildə 8 övladlığa götürülmə prosesi həyata keçirilib. 2012-ci ildə övladlığa verilən 8 uşaqdan 6-sı Rusiya vətəndaşlığını qəbul etmiş ailələr tərəfindən övladlığa götürülüb. Onlar öz yaxın qohumlarını və digər uşaqları övladlığa götürüblər”.
V. Möhsümovanın sözlərinə görə, 2012-ci ildə Azərbaycandan xaricə övladlığa verilən 8 uşaqdan 6-sı qız, 2-si oğlandır. 2013-cü il üzrə 8 övladlığa götürmədən 4-ü qız, 4-ü oğlandır.
“Ümumiyyətlə, komitənin əsas məqsədi budur ki, uşaqlarımız yerli ailələr tərəfindən övladlığa götürülsün. Yalnız o halda xarici vətəndaşlara bu uşaqlarla bağlı təkliflər veririk ki, onlar dəfələrlə Azərbaycan ailələrinə övladlığa təklif olunur, lakin imtina olunub. Bunlar da fiziki qüsurlu, hətta sonradan müəyyən qüsurları yaranan uşaqlar olurlar. Bizim vətəndaşlarımız böyük yaşlı uşaqları birmənalı şəkildə qəbul etmirlər”.
V. Möhsümovanın sözlərinə görə, komitənin ölkələrarası övladlığa götürməni həyata keçirdiyi 2007-ci ildən 2013-cü ilə qədər ümumən 39 xarici ailə tərəfindən 41 uşaq övladlığa götürülüb. “Həmin uşaqların geri qaytarılma halları olmayıb. Bu da onunla bağlıdır ki, həmin ailələr komitə tərəfindən ciddi araşdırılır. Tam əminlik yaranırsa ki, bu ailə övladlığa uşaq götürməyə uyğundur, uşaqların maraqlarına cavab verəcək səviyyədədir, ondan sonra öz cavabımızı veririk”.
Vəsilə Möhsümova eyni zamanda “Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında” Qaydalar üzərində hələ iş getdiyini və sənədin layihə şəklində olduğunu bildirib. “Bu haqda danışmaq hələ tezdir. Hələ iş gedir və konkret nəticə əldə olunanda ictimaiyyət məlumatlandırılacaq”.
Aytən ƏLİYEVA