Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Seçkilər 2024-cü il fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ilin aprelində keçirilmişdi.
Həmin il seçkilərdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də iştirak ediblər.
Modern.az sözügedən partiya sədrlərindən budəfəki seçkilərdə iştirak edib-etməyəcəklərini öyrənməyə çalışıb.
Saytımıza açıqlamasında Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib ki, namizədlə bağlı qərar yaxın vaxtlarda müəyyənləşəcək:
"Hazırda partiyamızın imkan və resurslarının aydınlaşdırılması, qiymətləndirilməsi prosesi gedir. Artıq bütün rayon şöbələrinə də tapşırıq verilib. Müəyyən işlər aparırırq. Yaxın vaxtlarda partiyanın seçkilərdə namizədlə iştirak edib-etməməsi ilə bağlı qərarı açıqlanacaq".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qərarın partiyanın qanunverici orqanıbdan asılı olduğunu söyləyib:
"Əslində, bütün siyasi partiyaların məqsədi təbii ki, seçkidə iştirak etməkdir. Yenə də seçkilərdə iştirak edib-etməmək partiyanın qanunverici orqanının qərarından asılı olacaq. Bizim hələ ki dəqiq bir qərarımız yoxdur. Partiyanın ali orqanı toplanacaq və burada alınan qərara uyğun davranılacaq. Həftə ərzində toplantı keçiriləcək".