Modern.az

Partiyalara seçkilərdən əvvəl vəsait ayrılacaq? - "Belə bir təşəbbüs ola bilər"

Partiyalara seçkilərdən əvvəl vəsait ayrılacaq? -

Ölkə

14 Dekabr 2023, 13:50

Siyasi partiyalar haqqında bu ilin əvvəlində qəbul edilən qanunda yeni maliyyələşmə mexanizmi nəzərdə tutulub. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. Yeni qanunda 3%-lik hissə nəzərdə tutulmayıb, seçkilərdə iştirak edən və səs qazanan bütün partiyalara yardım ayrılacaq.

 

Ancaq keçid müddəalara görə, qanunun bu hissəsi parlament seçkilərindən sonra tətbiq ediləcək. Bəzi siyasi partiyalar isə bu müddəanın aradan qaldırılmasını istəyir.

 

Partiyalardan bəziləri fevralın 7-də keçiriləcək prezident seçkilərində aktiv iştirak etmək üçün vəsaitə ehtiyac duyduqlarını bildirirlər.

 

Modern.az partiyaların bu barədə fikrini öyrənib.

 

Saytımıza açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, ümumiyyətlə, siyasi partiyaların maliyyələşməsi məsələsi həm əvvəlki, həm də yeni qanunda kifayət qədər tənzimlənməyib:

 

“Azərbyacanın bütün regionlarını əhatə edəcək strukturlaşmış fəaliyyət göstərmək üçün partiyalara kifayət qədər məbləğ lazımdır. Yeni qanunda nəzərdə tutulan vəsait əvvəlkinə nisbətən artmış kimi görsənə bilər. Amma konkret məbləğ yoxdur. İl ərzində büdcədən nə qədər maliyyə ayrılacağı ilə bağlı anlayış məlum deyil. Böyük əksəriyyət maliyyə parlamentdə təmsilçiliklə bağlıdır. Bələdiyyə, Prezident seçkiləri və referandumla bağlı heç bir maliyyə resursları olmur. Orada toplanan səslərin partiyanın maliyyələşməsinə heç bir təsiri yoxdur. Parlament seçkilərində əldə olunan səslərin sayı hesablanaraq maliyyə mexanizmi qurulub”.

T.Abbaslı maliyyə mexanizminin seçkiqabağı tətbiq ediləcəyinə inanmadığını vurğulayıb:

 

“Seçki prosesinin içərisində olduğumuz bu qısa müddətdə qanunverici orqanda seçkilərdə partiyaların iştirakının optimallaşdırılması üçün maliyyə ayrımları ilə bağlı yeni layihənin verilib qəbul olunacağını düşünmürəm. Vaxt azdır. Eyni zamanda hakimiyyət dairələrindən belə bir istəyin olmadığı görsənir. Partiyalar əməkdaşları, işçiləri, strukturu, şəbəkəsi, mexanizmi olan quruluşdur. Buna dəqiq hesablanmış ciddi maliyyə lazımdır. Təəssüf ki, belə deyil”.

 

 Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli Azərbaycanda parlamentdə təmsil olunan və seçkilərdə iştirak edən partiyaların büdcədən maliyyələşməsinin prinsipcə doğru istiqamət olduğunu deyib:

 

“Ancaq bizim fikirmiz ondan ibarət olub ki, bu, proporsional seçkilərin nəticəsinə görə olsa, yaxşıdır. Yəni Proporsional seçki olanda partiyaya ölkənin hər yerindən səs toplanır. Partiyaların ölkə üzrə topladığı səslərə uyğun olaraq da, maliyyələşməninin həyata keçirilməsi daha düzgün olar. Ümid edirik ki, proporsional seçkilərə keçid edildikdən sonra bu məsələlər öz həllini tapacaq”.

Onun sözlərinə görə, qanunun geriyə işləmə qüvvəsi yoxdur:

 

“Siyasi partiyalar haqqında qanunda nəzərdə tutulan maliyyə mexanizmini indi tətbiq etmək çətin olacaq. Növbəti seçkiləri gözləyib, nəticələrə görə qanunun tətbiqi daha məntiqlidir”.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli vurğulayıb ki, Prezident siyasi partiyaların maliyyələşməsi üçün fondundan və ya büdcədən vəsait ayıra bilər:

 

“Siyasi partiyalar haqqında qanunda partiyaların dövlət tərəfindən maliyyələşməsi parlament seçkilərindən sonra üçün nəzərdə tutulur. Maliyyələşmə partiyaların cəmiyyətin və dövlətin siyasi həyatında iştirakını stimullaşdırır. Siyasi partiyalara nə qədər çox vəsait ayırılarsa, cəmiyyətin daxili nizamı bir o qədər çox qorunar. Ölkədaxili siyasi proseslərə və münasibətlərə kənar müdaxilələrin qarşısı alınar. Bütün bunlara baxmayaraq, qanuna görə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi həyata keçirilə bilməz. Ölkədə siyasi partiyaların fəallığını artırmaq, siyasi institutlaşmanı səhmana salmaq, cəmiyyətin siyasi şüurunu yüksəltmək üçün Prezident belə bir təşəbbüslə çıxış edə bilər. Prezidentin siyasi partiyaların maliyyələşməsi üçün öz fondundan və ya büdcədən vəsait ayrılması haqqında qərar qəbul etmək səlahiyyəti var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu