Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Seçkilər fevralın 7-də baş tutacaq. Yeni Azərbaycan Partiyası (YAP) artıq namizədinin Prezident İlham Əliyev olacağını açıqlayıb. Digər partiyalar namizədlərini və ya seçkidə hansı formada iştirak edəcəyini açıqlamayıb.
Modern.az partiyaların seçkilərdə namizədlərini necə müəyyənləşdirdiyini araşdırıb.
Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədini təşkilatın idarə heyəti müəyyən edir. Bu prosedur YAP-ın 2021-ci ildə keçirilən qurultayında qəbul edilib. Əvvəlki illərdə namizəd partiyanın qurultayı tərəfindən irəli sürülürdü. Qeyd edək ki, partiyanın idarə heyətində hazırda 40 nəfər təmsil olunur.
Müsavat Partiyasının nizamnaməsinə görə, prezidentliyə namizəd partiyanın Məclisində (və ya Məclisin qərarı ilə Qurultayda, yaxud bütün partiya üzvlərinin səsverməsi ilə aparılan ilkin seçkilərdə) müəyyən edilir.
Parlamentdə 1 deputatla təmsil olunan Respublikaçı Alternativ Partiyasının namizədləri təşkilatın Siyasi Komitəsi tərəfindən müəyyən olunur. Siyasi Komitə bu səlahiyyəti Qurultaya həvalə edə bilər. Sonuncu qurultay zamanı partiyanın Siyasi Komitəsinə 8 nəfər daxil olub.
Ümid Partiyasının nizamnəməsinin görə, partiyanın namizədini qurultay müəyyən edir. Qurultay Partiyanın Ali Orqanıdır və 4 ildə 1 dəfədən az olmayaraq çağırılır. Qurultayda qərarlar iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir.
Parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının nizamnaməsində isə prezident postuna namizədlərin müəyyən olunması barədə dəqiq prosedur yoxdur. Ancaq nizamnəməyə görə, seçkilərlə bağlı bütün məsələləri partiyanın Siyasi Şurası həll edir. Hazırda partiyanın Siyasi Şurasında 15 nəfər təmsil olunur.
Azərbaycan Milli İstiqalal Partiyasının nizamnaməsində də namizədlərin necə müəyyən ediləcəyi dəqiq qeyd olunmur. Nizamnaməyə görə, Prezident, Parlament və Bələdiyyələrə namizədlərin müəyyən edilməsi qaydaları Siyasi Şuranın hazırladığı və Mərkəzi Şuranın təsdiq etdiyi təlimatla tənzimlənir.
Haqq Ədalət Partiyasının nizamnaməsində seçkili orqanlara namizədin Ali Məclis tərəfindən müəyyən edildiyi bildirilir. Məclisin 120-dən çox üzvü var. Milli Dirçəliş Hərəkatı Partiyasının nizamnaməsində namizədin necə müəyyən olunması təsbiq olunmayıb. Lakin, partiyanın Ali Məclisi Qurultayın müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa, Partiyanın fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə və həll edir.
Qeyd edək ki, Azərbaycanda 27 siyasi partiya var. Partiyaların əksəriyyətinin nizamnamələri açıq mənbələrdə yerləşdirilməyib.
Modern Təhlil və Araşdırma Qrupu