Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidəçilər göndərməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev TASS-ın sualına cavab olaraq bildirib.
O qeyd edib ki, təşkilat Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkilərinə, həmçinin 2024-cü ilin fevralında Belarusda keçiriləcək parlament və yerli seçkilərə müşahidəçilər göndərəcək.
Lebedevin sözlərinə görə, Azərbaycandan müşahidə üçün MDB-yə dəvət göndərilib.
Birliyin baş katibi qeyd edib ki, indiyədək müşahidəçi missiyasının göndərilməsi ilə bağlı yazılı dəvət yalnız Bakıdan göndərilib. "Bu barədə bizə şifahi məlumat verilib, lakin indiyədək Azərbaycandan bunu yalnız yazılı şəkildə almışıq", - Lebedev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.