XİN: “Səfirliklərin fəaliyyət göstərdiyi dövlətlərdə ayrıca olaraq Azərbaycan məktəbləri yoxdur”
Dünyanın 80-ə yaxın ölkəsində Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Qeyd edək ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi diplomat qıtlığı ilə üzləşsə də, artıq bu sahədə bir sıra uğurlar var. Milli diplomatiya məktəbinin formalaşması ilə ölkəmiz özünün ilk diplomat nəslini ortaya qoya bilib.
Bəzi istisnaları çıxsaq, xarici ölkələrdə fəaliyyət göstərən səfirlərin əksəriyyətinin yaşı 40-50 civarındadır. Səfir postunu tutmaq rəsmi statusla yanaşı, görünməz qalan ailə-məişət məsələrinə də yenidən baxmaq qayğısını ortaya qoyur. Onlardan ən başlıcası övladların orta təhsil almasıdır.
Yad ölkədə öz uşaqları ilə yaşayan səfirlər bu məsələ ilə bağlı bəzən bir sıra problemlərlə üzləşirlər.
Bəs xaricdəki səfirliklərdə çalışan diplomatların övladları orada orta təhsili necə alırlar?
Modern.az bununla bağlı bəzi məsələni öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, səfirliklərin fəaliyyət göstərdiyi dövlətlərdə ayrıca Azərbaycan məktəbləri yoxdur. Səfirlik əməkdaşlarının övladları əsasən həmin dövlətlərdə orta təhsillərini alırlar.
“Azərbaycan səfirliklərinin fəaliyyət göstərdiyi ölkələrin mütləq əksəriyyətində orta təhsil 11-ci, 12-ci sinif sistemi ilə qurulub. Səfirlik əməkdaşlarının övladları əsasən həmin dövlətlərdə orta təhsillərini alırlar”-deyə XİN sözçüsü vurğulayıb.
E.Abdullayev deyir ki, diplomatik korpusun işçilərinin övladları işlədikləri ölkələrin məktəblərində hansı şərait və imkan varsa, bu sistem üzrə də təhsillərini alırlar.
“Müvafiq olaraq həmin ölkələrin qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində bizim diplomatlarımızın ailə üzvləri, övladları öz təhsillərini davam etdirirlər”, – deyə E. Abdullayev bildirib.Bununla yanaşı E. Abdullayev bildirib ki, ölkədən-ölkəyə təhsillə bağlı müəyyən fərqlər mövcuddur.
Bəs səfir başqa bir ölkəyə təyinat aldıqdan sonra onların ailə üzvlərinin təhsili davam etdirməsində və işlə təmin olunmasında hər hansı bir problem yaranırmı? E.Abdullayev vurğulayıb ki, məsələ ilə bağlı müəyyən sistem uyğunsuzluğu mövcuddur. “Bir çox gəncimiz bu problemdən əziyyət çəkir. Məsələn, ingilis sistemində təhsil almış bir məktəbli digər bir sistemə keçəndə, o cümlədən Azərbaycana gələndə aradakı fərqləri hiss edir. Bu da çətinliklər yaradır”.
E. Abdullayevin sözlərinə görə, diplomatik nümayəndəliklərimiz Azərbaycan dili kursları təşkil edirlər. “Bir çox ölkələrdə Azərbaycan dili, ədəbiyyatı kafedraları açılıb. Diplomat övladlarının təhsil aldıqları universitetlərdə Azərbaycan dilini tədris edirlər”-deyə XİN sözçüsü qeyd edib.
Aqşin Kərimov