Modern.az

Şəhid qardaşı: "Nilay hələ də Prezidentlə şəkil çəkdirməyindən danışır" - FOTOLAR

Şəhid qardaşı:

Ölkə

22 Dekabr 2023, 14:08

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında ötən gün Xankəndi stadionunda oyun baş tutub. "Qarabağ" komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyuna Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda baxıb.

 

Xankəndi şəhərində keçirilən matçda tamaşaçı qismində şəhid ailələri və yaxınları da iştirak edib.

 

Sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Daxili Qoşunların çavuşu Şəhid Zahir Əliyevin qızı Nilay Əliyeva da tamaşaçılar arasındaydı. O, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə foto çəkdirib.

 

Modern.az Nilayın əmisi ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında şəhidimizin qardaşı Vilayət Zahirov Xankəndidə olduğuna görə həm sevindiyini, həm də kədərləndiyini söyləyib:

 

"YAŞAT Fondundan bizimlə qabaqcadan əlaqə saxlayıb belə bir futbol oyunun olacağını və orada cənab prezidentlə birinci vitse-prezidentin iştirak edəcəyini bildirdilər. Bizi də ora aparmaq istədiklərini dedilər. Xankəndidə olmaq həm qürurverici, həm də təsirli idi. Qürurlanıb sevindiyim qədər kədərləndim də. Çünki qardaşım o torpaqlarda şəhid olub. Bu günümüzü şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq. Allah şəhidlərimizin ruhunu şad eləsin! Qazilərimizə can sağlığı versin!"

 

O, qardaşı qızı Nilayın Xankəndidə olmaqdan, prezident və birinci vitse-prezidentin qayğısından sevincli olduğunu söyləyib:

 

"Şəhidimizin balası çox sevindi. Ona həm prezident, həm də birinci vitse-prezident diqqət və qayğı göstərdi. Bu, sözlərlə izah oluna bilməz. Prezidentlə Nilayın maraqlı dialoqu da olmuşdu. Bütün bunlar qürurverici və sevindiricidir. Onu da deyim ki, Nilay hələ də prezidentlə şəkil çəkdirməyindən danışır. Səhərdən "İlham babayla şəkil çəkdirdim, Mehriban xanımla şəkil çəkdirdim" deyir".

 

Qeyd edək ki, Zahir Əliyev  4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olub. Kursları bitirən Zahir Əliyev   Azərbaycan Daxili Qoşunlarının  "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib, "çavuş" rütbəsi alıb. 19 sentyabrda keçirilən antiterror tədbirləri zamanı şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...