Modern.az

Güney azərbaycanlılar da İlham Əliyevi DƏSTƏKLƏYİR

Güney azərbaycanlılar da İlham Əliyevi DƏSTƏKLƏYİR

Ölkə

25 Dekabr 2023, 17:49

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb, 8 nəfərin namizədliyinin irəli sürülməsinə isə Mərkəzi Seçki Komissiyasında baxılcaq.

 

Bir çox partiya, həmkarlar ittifaqları seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.

 

Bəs, güneyli soydaşlarımız kimi dəstəkləyir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Güneyli siyasi şərhçi Kərim Əsğəri  bildirib ki, bu gün Güney Azərbaycanda seçkilər olarsa, İlham Əliyev qalib gələr:

 

"Çünki biz Azərbaycanın özüyük. Bu baxımdan dəstəklər mənəvi ola bilər.  Azərbaycanlılar 200 ildir ki, torpaq itirə-itirə gəliblər. Milli birliyin olmasında çətinlik olubdur.  Lakin cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan həm siyasi, həm də hərbi mənada  çox böyük  tarixi qələbə əldə etdi. Təsəvvür edin ki, futbol komandlarımız belə  Xankəndidəki stadionda oynayırlar. Prezidentimiz ora getdi. Söhbət mənəvi dəstəkdən  gedə bilər. Hazırkı prezident İlham Əliyevin Güney Azərbaycanda  çox böyük yeri var. Hətta bu gün Güney Azərbaycanda  azad seçkilər  olarsa, əminliklə deyə bilərəm ki,  İlham Əliyev  çox böyük səs fərqi ilə birinci sırada yer alar".

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili İlham Əliyevin adını tarixə yazdırdığını vurğulayıb:

 

"Təbii ki, Azərbaycanda demokratik seçkilərin olması çox vacibdir. Azərbaycan həm xarici siyasətdə, həm də daxildə demokratik dövlət olması, rifahın yüksəlməsi baxımından  güneylilər üçün önəmlidir. Təbii ki, biz xalqın iradəsinin qalib gəlməsindən yanayıq. Cənab prezidentimiz İlham Əliyevin Qarabağı azad etməklə tarixə atdığı imza onu yalnız prezident olaraq yox, adını tarixə yazan lider pozisiyasına gətirdi. Bu baxımdan cənab İlham Əliyevin uğurunu və zəfərini güneylilər də tarixi hadisə kimi qeyd edir. O, artıq bizim tarixi şəxsiyyətimizdi".

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli növbədənkənar seçkilərin olduqca böyük əhəmiyyətə malik olduğunu söyləyib:

 

" 7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri olduqca vacibdir. Azərbaycan prezidentinin belə qərar qəbul etməsi,həqiqətən də,əhəmiyyətli tarixi hadisədir. Bu, Azərbaycanda demokratikləşmə prosesinin öz yüksələn xətti ilə inkişafı deməkdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli hakimiyyətinin qurulması, demokratik prosesin aparılması ilə yanaşı, həm də ölkənin daxili və xarici siyasətində yeni dönüş formalaşır. İqtisadi inkişaf bu sürəcin içərisində özünü göstərir. Ölkənin idarə olunması və siyasi inkişafı bu seçkilərdən təbii ki, asılıdır. Nəzərə alsaq ki, cənab prezident İlham Əliyev Azərbaycanın daxili və xarici siyasətində uğurlara imza atıb. Bu uğurlar sayəsində Azərbaycanın regionda, qlobal proseslərdə  mövqeyi getdikcə güclənir. Həm də Azərbaycanda toplumun, millətin dövlətə olan münasibətinin bir daha dünyaya göstərilməsi baxımından əhəmiyyətlidir. Bu mənada hesab edirəm ki, Azərbaycanın daxilində İlham Əliyevin apardığı siyasət sabitliyin qorunması, sosial-iqtisadi inkişafını özündə ehtiva edir. Vətəndaşlar ölkənin gələcəyinə, taleyinə, inkişafına doğru siyasi müstəvidə iştiraka başlayırlar. Bu, olduqca önəmlidir". 

S.İsabəyli Güneylilərin və dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların əksəriyyətinin İlham Əliyevi dəstəklədiyini qeyd edib:

 

"Bir sıra dövlətlər çalışırlar ki, anti-Azərbaycan siyasəti yürütsünlər. Bütün anti-Azərbaycan təbliğatının qarşısının alınması təbii ki, önəmli tarixi seçkidən gedir. Hesab edirəm ki, bunlarla yanaşı hərbi müdafiə, təhlükəsizlik siyasətinin, ictimai rifahın yüksəlməsi baxımdan İlham Əliyevin siyasəti önəmlidir. Eyni zamanda o, Azərbaycanın xarici siyasətində ölkənin maraqlarının müdafiə olunmasında, beynəlxalq aləmdə mövqeyinin açıq olması, eləcə də söz sahibi olmasında önəmli rol oynayır. Bu baxımdan hesab edirəm ki, növbədənkənar seçkilər Azərbaycan üçün vacib sürəcdir. Sözsüz ki, bu prosesin aparılmasında söz sahibi olan, lider kimi qəbul olunan  cənab İlham Əliyevdir. O, bu mövqeyi göstərməklə Azərbaycanın demokratik inkişafında liderlik edir. Hesab edirəm ki, dünyada eləcə də Güney Azərbaycanda yaşayan azərbaycanlılar sözsüz ki, bu prosesi dəstəkləyir. Hesab edirik ki, İlham Əliyev bu seçkinin qalibi olacaq. Biz onu dəstəkləyirik. Onun apardığı daxili, xarici siyasət, regional əhəmiyyətli layihələr Güney Azərbaycanın  apardığı milli siyasi mübarizənin də aktiv olması, sistemləşdirilməsi, təşkilatlanması baxımından təkanverici gücdür.  Savalan Araşdırma Mərkəzinin apardığı sorğu və araşdırmalar göstərir ki, Güney Azərbaycanda, eləcə də dünyada yaşayan azərbaycanlıların əksəriyyəti İlham Əliyevin bu mövqeyini dəstəkləyir. 7 fevral 2024-cü ildə İlham Əliyevin seçilməsinə şübhə etmir.  İlham Əliyev böyük dövlətlərlə tərəfdaşlıq istiqamətində güclü rola malikdir.  Azərbaycan bu gün İlham Əliyevin liderliyi altında öz demokratik institutlarını, qurumlarını inkişaf etdirir. Bu, pozitiv yanaşmadır. Bu özü ilə xarici investisiyanı, iqtisadi inkişafı gətirir. Ölkə iqtisadiyyatında aparılan reformlar, beynəlxalq iqtisadiyyatda mövqeyinin gücləndirilməsini özü ilə gətirir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir