Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 15 nəfərin namizədliyini irəli sürməsi təsdiqlənib.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.
Modern.az bu məqsədlə tanınmış tarixçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəsiman Yaqublunun seçki ilə bağlı fikrini öyrənib.
Saytımıza açıqlamasında Nəsiman Yaqublu İlham Əliyevin seçkilərdə qalib gəlməyə haqqının olduğunu söyləyib:
"7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək hər bir namizədə sayğı ilə yanaşıram. Namizədlərin hər birinə uğurlar arzu edirəm. Mən düşünürəm ki, ölkə başçısı cənab İlham Əliyev seçkilərdə qalib gələcək. Birincisi ona görə ki, İlham Əliyev Qarabağ torpaqlarını işğaldan azad edib. Sentyabrda keçirilən birgünlük antiterror tədbirlərinin uğurla başa çatmasıyla Azərbaycan Ordusu Xankəndiyə daxil oldu. Azərbaycan vətəndaşlarının Xankəndidə yaşamaq imkanların yarandı. Bütün bunlar böyük tarixi hadisələrdir. Sözügedən tarixi hadisələr Azərbaycanın qəhrəman əsgərlərinin və ölkə başçısı İlham Əliyevin sayəsində baş verdi. Digər yandan mən məsələyə tarixçi kimi yanaşıram.Yalnız Xankəndi və digər ərazilərimizi azad edilməyib, həm də iki əsrdən çox davam edən Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən başlanan erməni işğalına son qoyulub. Bu, bir neçə ilin hadisəsi deyil, həm də ermənilərin 19-cu əsrdən başlanan işğalının süquta uğramasıdır. Bu da təbii ki, keçiriləcək seçkilərdə cəmiyyətə mesajdır. Cəmiyyət də bu mesajı alıb, qəbul edəcək və ölkə başçısının yenidən prezident seçilməsi üçün ona səs verəcək. Burada başqa məqam axtarmağa ehtiyac yoxdur".
N.Yaqublu seçkilərdən sonra atılmalı olan addımlardan da danışıb:
"Seçkilərdən sonra cəmiyyət quruculuğu məsələlərinə ciddi önəm verilməlidir. Parlament və bələdiyyə seçkiləri də yenidən keçirilməlidir ki, Azərbaycan cəmiyyəti daha da qüvvətlənsin. Biz işğaldan azad etdiyimiz ərazilərdə parlament və bələdiyyə seçkiləri keçirərək, cəmiyyətin seçkilərlə formalaşmasını dərinləşdirməliyik".